Azərbaycanda minlərlə şəxsin təqaüdü artırılacaq - RƏSMİ




Ölkə prezidentinin "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncamı 12556 şəhid ailəsinə şamil olunacaq. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, sərəncamla şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq və bu artımın həyata keçirilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 2,9 milyon manat əlavə vəsaitin ayrılması təmin olunacaq.

"Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncam isə 20744 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə şamil olunacaq. Onlardan 14134 nəfərini Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 345 nəfərini İkinci Dünya müharibəsi əlilləri, 3363 nəfərini hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 2902 nəfərini Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar təşkil edir. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə müvafiq artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 3 milyon manata yaxın əlavə vəsait ayrılacaq.