Onlar əvvəl ya Gürcüstana, ya da Türkiyəyə gedirlər
İslam Dövlətinə qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyədə həbs olunub.
Məlumatı BBC Azərbaycancaya təsdiqləyən Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov deyib ki, onların sənədlərilə bağlı problem olmadığı üçün Türkiyə polisi işlə bilavasitə məşğul olmur.
Bununla belə Baş konsul türk polisinin konsulluğu məsələ ilə bağlı mütəmadi olaraq məlumatlandırdığını deyib. Baş konsul saxlanılan şəxslərin İstanbul hava limanından Azərbaycana göndəriləcəyini də qeyd edib. "Saxlanılan şəxslərin Suriyadakı təşkilatlarla əlaqəsi təsdiqlənimbi” sualına cavabında isə Həsən Zeynalov bildirib ki, Azərbaycanda durumun "sabit olması və Suriyadakı vəziyyətin sabit olmadığı bəlli olduğu üçün bu şəxslərin Suriyaya terror təşkilatlarına qatılmaq niyyətləri birmənalıdır”. Baş konsul saxlanılan şəxslərin Azərbaycanda hüquqi məsuliyyətilə bağlı sualı cavablayarkən deyib ki, bu məsələlər "Azərbaycandakı araşdırmalardan sonra bilinəcək”.
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə şübhə etmir ki, Türkiyə polisi tərəfindən saxlanılan 4 Azərbaycan vətəndaşı hər hansı vasitə ilə Suriyaya keçib, İŞİD dəstələrinə qoşulmaq istəyənlərdir: "Vəhhabi təriqətinə üzv olan insanların böyük əksəriyyəti İŞİD üzvləri və ya tərəfdarlarıdır. Əvvəlcə onlar asanlıqla Suriyaya keçə bilirdilər. Artıq məsələ Azərbaycanda problem səviyyəsinə qalxdıqdan sonra onların Suriyaya keçməsi çətinləşdi. Suriyaya "cihad” üçün gedənlər də iz itirmək üçün birinci olaraq Türkiyəyə gedirlər. Türkiyədən isə qaçaq yolu ilə Suriyaya keçirlər. Hesab edirəm ki, Gürcüstana gedən vəhhabilər də nəzarətə götürülməlidir. Çünki gözdən pərdə asmaq üçün Tbilisiyə keçənlər də var. Artıq Türkiyədə də bu məsələ diqqət mərkəzində olduğu üçün Türkiyənin xüsusi xidmət orqanları tərəfindən yaxalanaraq Azərbaycana ekstradisiya olunurlar”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Suriyaya keçən zaman Türkiyədə yaxalanan ailə üzvləri ilə bağlı Azərbaycanda ciddi araşdırmalar aparılmalıdır. Əgər onların doğrudan da Suriyaya "cihad” üçün getdikləri və İŞİD-ə qoşulmaq istəkləri öz təsdiqini taparsa, həmin insanlar haqqında həbs-qətimkan tədbirləri görülməlidir: "Bu məsələ Cinayət Məcəlləsinin müvafiq maddəsində də öz əksini tapıb. Qanunsuz silahlı birləşmələrə qoşulan hər bir Azərbaycan vətəndaşı cinayət məsuliyyəti daşıyır”.
Şəymən