"Azərbaycanı müharibə hüququndan məhrum etməyə çalışırlar"

Zahid Oruc:"Dövlətin müharibə hüququnu əldən verməsi siyasi suverenliyini itirməsinə bərabərdir”


"Azərbaycan aprel savaşından sonra mühüm nəticə çıxarıb ki, Dağlıq Qarabağın taleyi o 7 rayondadır". 

Bunu Sherg.az-a son günlər cəbhə xəttindəki gərgin vəziyyətin daha da şiddətlənməsindən danışarkən millət vəkili Zahid Oruc deyib. 

O bildirib ki, səbəb ermənilərin həmin əraziləri təhlükəsizlik zolağı kimi qəbul etməsidir:

"Danışıqların dayandırılmasının səbəbi aprel hadisələrində ermənilərin məğlubiyyətə uğramasıdır. Ona görə ki, Ermənistan tərəfi əvvəlki illərdə 1-ci Dağlıq Qarabağ döyüşləri zamanı əldə etdiyi ərazi, hərbi mövqe üstünlüklərini danışıqlara keçirmək, yeni müqavilələrdə qeyd etdiyimiz vəziyyəti təsdiqləmək istəyirdilər. Bir növ Azərbaycana təhkimçilik sənədini qəbul etdirsinlər, beləliklə, qondarma Dağlıq Qarabağın tanınmasına məcbur olsunlar. Lakin həmin illər ərzində Azərbaycan bütün regional beynəlxalq təzyiqlərə tab gətirdi. 2016-ci ildə isə nəhayət ermənilərə gözləmədikləri zərbəni vurdu. Bundan sonra hər kəs əmin idi ki, Azərbaycan dəyişilmiş status-kvonu danışıqlarda qabarıq şəkildə istifadə etməyə çalışacaq. Yəni mövqeyimiz güclənəcək. Təbii ki, erməni tərəfinə yeganə yol kimi danışıqlardan yayınmaq qalır. İlkin olaraq S.Sarkisyan beynəlxalq tədbirlərdə dilə gətirdi ki, təmas xətti boyunca real monitorinq funksiyası genişləndirilməsə, müşahidə qurğuları yerləşdirilməsə, onlar danışıqlara gəlməyəcəklər. Lakin Sankt-Peterburqda və Vyanada iki görüş keçirildi. Belə görünür ki, Azərbaycan rəhbərliyi həmin görüşlərdə daha konkret tələblərlə çıxış etdi. Bundan sonra gözləmək mümkündür ki, erməni tərəfi "time-out” götürüb, mövqelərində güclənməyə səy göstərəcək. Belə də oldu. İndi faktiki olaraq, danışıqlar tamamilə dayandırılıb və Minsk qrupunun qarşısında əksər təşəbbüslər iflasa uğrayıb”.


Z. Oruc diqqəə çatdırıb ki, Rusiya XİN rəhbəri Sergey Lavrov ölkəsinin təşəbbüsü ilə iki prezidentin görüşünə cəhdlər göstəriləcəyini deyib. Belə olan halda Fransa və Amerikanın kənarda qalacağı da şübhə doğurmur:

"Lakin dünən Fransua Olland prezidentliyinin son günlərində Fransanın daha yeni mövqeyini irəli sürmüş oldu. İndi erməni mediası sevinərək təqdim edir ki, F, Olland sülhə təhlükə törədən qüvvənin cəzalandırılmalı olduğunu söyləyib. Yaxşı, burada uzaqgedən nəticələr çıxarıb, ermənilərin mövqeyinin müdafiəsi kimi təqdim etməyə əsas nədir? Sülhə regionda ən böyük təhlükə işğal reallığından doğur. Son durum bundan ibarətdir ki, Azərbaycanı müharibə hüququndan məhrum etməyə çalışırlar. İstəkləri budur ki, biz öz hərbi qüvvələrimizi artırıb, regional mövqelərimizi gücləndirək. Digər tərəfdən də sanki müharibə etməyəcəyimiz öhdəliyini üzərimizə götürüb, əl qolumuzun bağlı olması ilə barışaq. Bununla, Ermənistanın daha da güclənməsinə tamaşaçı qalaq. Beynəlxalq ictimaiyyət və ermənilər düşünür ki, biz cəbhə xəttində bahalı qiymətə alıb gətirdiyimiz texnikanı, silahı etalon kimi saxlamağa razı olacağıq. Lakin dövlətin müharibə hüququnu əldən verməsi siyasi suverenliyini itirməsinə bərabərdir”.

Ayyət Əhməd