Bununla həm turistlərdən, həm dövriyyə vergisindən, həm də xidmət sektorundan gəlir əldə etmək olar
Natiq Cəfərli: “Azərbaycan kazinoların fəaliyyətini leqallaşdırmaq sahəsində dünya təcrübəsindən yararlana bilər”
Fazil Mustafa: "Kazinoları hansısa qapalı yerlərdə, məsələn, əhalinin ümumi durumuna təsir
etməyən yerlərdə təşkil olunmasının zərərini görmürəm”
Son vaxtlar Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən qumarxanaların mövcudluğuna dair məlumatlar çoxalmaqdadır. Xüsusilə Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə çay evi adı altında qumarxanaların fəaliyyət göstərdiyi deyilir. Bir çox hallarda hüquq-mühafizə orqanları belə oyun yerlərini aşkarlayaraq tədbir görürlər.
Onu da deyək ki, bəzən qumar oyunları pullu turistləri cəlb etmək baxımından ən uğurlu vasitə sayılır. Buna görə də turizmin inkişafını hədəfləyən ölkələrin demək olar ki, hamısı qumarxanaların fəaliyyətini təşviq edirlər. Bununla ölkə iki tərəfdən qazanc əldə edir: həm ölkəyə çoxlu sayda varlı və pul xərcləməyə meyilli turistlər cəlb olunur, həm də qumarxanalardakı dövriyyədən dövlət büdcəsi böyük miqdarda gəlir əldə edir.
Bəs Azərbaycanda kazinoların fəaliyyətinə qadağanın götürülməsinə ehtiyac varmı? Bu, ölkəyə hansı faydaları verə bilər?
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, heç bir ölkədə qadağalar yolu ilə qumar kimi fəaliyyətlərin qarşısını almaq mümkün olmur:
"Qadağan olunsa da, kiçik yerlərdə, gizli şəkildə qumar oynanılır. Yüksək imkanlı təbəqə isə yaxın-uzaq ölkələrə axışır. Məsələn, Gürcüstanda kazinolar leqal fəaliyyət göstərir, əksəriyyətinin qarşısında Azərbaycan maşınları olur. Yəni qadağalarla bu kimi fəaliyyətlərin qarşısını almaq mümkün olmur”.
Ekspertin sözlərinə görə, Gürcüstanın kazino fəaliyyətindən illik qazancı 1 milyard dollar civarındadır:
"Burada daha çox Azərbaycan və Türkiyədən gələnlər qumar oynayır. Bildiyiniz kimi, Türkiyədə də qumarxanalar qadağandır. Amma onlar qadağanı məqsədli şəkildə qoyublar. Şimali Kipr Türk Cümhuriyyətində kazinoların fəaliyyəti leqaldır. Türkiyə hökuməti öz ərazisində buna qadağa qoymaqla Şimali Kipr üçün qazanc imkanı yaratmağa çalışır və buna nail olur da. Türkiyədə çoxlu sayda insan şənbə-bazar olanda Şimali Kiprə gedir. Azərbaycanda isə qadağanın konkret məqsədi yoxdur”.
N.Cəfərli bildirib ki, Azərbaycan kazinoların fəaliyyətini leqallaşdırmaq sahəsində dünya təcrübəsindən yararlana bilər:
"ABŞ-da cəmi bir neçə ştatda, Rusiyada 4 bölgədə kazinoların fəaliyyətinə icazə verilib. Azərbaycan da bu təcrübədən istifadə edərək turizmin inkişafı baxımından yüksək əhəmiyyət kəsb edən 3-4 bölgədə kazinolara icazə verə bilər. Bu zaman kazinoların fəaliyyətinə ciddi nəzarət imkanları yaradılmalıdır. Beləliklə də, həm turistlərin cəlbindən, həm kazinoların dövriyyə vergisindən, həm də onlara bağlı xidmət sektorundan gəlir əldə etmək mümkün olar. Bundan əlavə, xeyli sayda yeni iş yerləri də açılmış olar”.
Millət vəkili Fazil Mustafa da "Şərq”ə açıqlamasında bildirib ki, bir çox qapalı yerlərdə kazinoların fəaliyyəti mümkündür. Deputatın fikrincə, bu, dövlət büdcəsi üçün əlverişli ola bilər: "Çünki bu sahədə olan vəsaitlərin başqa ölkələrə getməsi bir faktdır. Qumar cəmiyyət üçün zərərli bir məsələdir, amma bu bir reallıqdır.
Onsuz da büdcəyə topaz və başqa yerlərdən pul gedir. Kazinoları hansısa qapalı yerlərdə, məsələn, əhalinin ümumi durumuna təsir etməyən yerlərdə təşkil olunmasının zərərini görmürəm. Çünki burdan da büdcəyə vəsait daxil olacaq. Hər halda bu istiqamətdə düşünmək lazımdır”.
Yeganə Bayramova