"Necə olur ki, ölkəmizdə hüquq pozuntusu olma-olmaya Azərbaycana qarşı qərəzli qətnamə qəbul edirsiniz, Ermənistanda siyasi məhbus acından ölür, amma onlara qarşı qətnamə qəbul etmirsiniz ? "
Yanvarın 26-da Yerevanın "Nubaraşen” təcridxanasında saxlanılan jurnalist Mqer Yeqiazaryan ölüb. O Ermənistanın "Haynews.am” sartının rəhbəri və "Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini idi. Qeyd edək ki, Yeqiazaryan siyasi fəaliyyətinəgörə, hakimiyyətin hədəfində olub və qondarma ittihamlarla həbs edilib. Qeyd edək ki, Yeqiazaryan ötən il dekabrın 5-də qanunsuz həbsinə görə aclıq aksiyasına başlamışdı. Paşinyan hökuməti isə jurnalist-siyasətçinin aclıq aksiyasına məhəl qoymadı. Hətta jurnalist Ermənistan qanunlarının imkan verdiyi "pul girovu müqabilində azadlığa çıxmaq” istəyini bildirsə də, onun bu istəyinə məhəl qoyulmadı. Paşinyan hökümətini tənqid etdiyinə görə həbs edilən Yeqiazaryan aclığı davam etdirdi, səhhəti günü-gündən pisləşdi. Nəhayət 52 gündən sonra o həbsxanada vəfat etdi. Belə deyək ki, "demokrat” Paşinyan söz azadlığını vecinə almadığını nümayiş etdirərək, jurnalisti həbsxanada öldürdü.
Bizi isə başqa bir məsələ maraqlandırır. Belə ki, Yeqiazaryanın faktiki olaraq öldürülməsi ilə bağlı "demokratiya carçısı” olan Qərb təşkilatları Paşinyan hökümətinə heç bir irad bildirmədi. Təsəvvür edin ki, həbsxanada siyasi baxışlarına və fikir ifadəsinə görə bir ictimai fəal öldürülür, amma özlərini hüquq keşikşisi adlandıran Avropa Parlamenti susur? Halbuki, Avropa Parlamenti, Qərbin müxtəlif dairələri olmayan məsələyə görə Azərbaycanı hədəfə götürmüşdü. Həbsdə olan, bloqqer Mehman Hüseynov aclıq aksiyası keçirmədiyi halda, məsələyə başqa don geydirərək, Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etdi. Bu ikili standart deyilmi? Necə olur ki, Ermənistan hakimiyyəti həbsxanada jurnalisti qətlə yetirir, Avropa Parlamentinin səsi çıxmır? Bundan görünür ki, "insan hüquqları keşikçiləri”nin məqsədi heç də insan hüquqları deyil, öz maraqlarıdır, qərəzli yanaşmalarıdır.
Vəziyyəti şərh edən millət vəkili Arif Rəhimzadə "Sherg.az"a açıqlamasında qeyd edib ki,bəzi Avropa təsisatlarının Azərbaycana qarşı qərəzi həmişə olub, bu gün də davam edir:
"Azərbaycanda guya baş verən çox xırda bir məsələ ətrafında süni ajiotaj yaradılır və bu məsələ ilə bağlı Azvropa Parlamenti (AP) ölkəmizə qarşı qərəzli qətnamə qəbul edir. Guya Azərbaycanda insan hüquq və azadlıqları pozulur. Halbuki məhz o təşkilatların özü insan hüquq və azadlıqlarına dair prinsiplərə dəyər vermirlər və o prinsipləri özləri pozurlar. İşğalçı Ermənistanda bu qədər hadisələr baş verir. Bir siyasi məhbus aclıq nəticəsində ölür, amma AP və digər Avropa institutları buna heç bir reaksiya vermir. Niyə ? Səbəb məlumdur: iki standartlar".
Millət vəkilinin sözlərinə görə, azərbaycanlı deputatlar bu ikili standartlarla bağlı AP-a müraciət edə bilərlər:
"Necə olur ki, ölkəmizdə hər hansı bir hüquq pozuntusu olma-olmaya Azərbaycana qarşı qərəzli qətnamə qəbul edirsiniz, amma Ermənistanda insan hüquq və azadlıqları kobud şəkildə pozulur, bunun müqabilində isə onlara qarşı bir dəfə də olsun qətnamə qəbul etmirsiniz? Bu qərəz deyil nədir bəs ? Deputatlarımız həmin təşkilatlara bu sualları verirlər, onlartdan ədalətli yanaşma tələb edirlər. Lakin həmin institutlar heç bir tələbə, suala məhəl qoymurlar.
Gözlərini və qulaqlarını bağlayırlar, guya heç nə eşitmirlər. Amma Azərbaycanda süni şəkildə yaradılan bir hadisə olan kimi gözləri də açılır, qulaqları da. Bu ikili standartaların bariz nümunəsidir və qərəzdir. Mən bu qərəzi pisləyirəm və o təşkilatları ədalətli olmağa səsləyirəm".
Ayyət Əhməd