"Azərbaycanlılarla çeçenlərin dostluğu ermənilərdə qıcıq yaradır"





"Çeçenlərlə Azərbaycanlılar daim yaxın əlaqələrə malik olublar. Əlaqələrimiz təkcə ortaq dini dəyərlərlə bağlı deyil. Eyni zamanda bir sıra mənəvi amillər üzərində iki xalqın yaxın münasibətləri var”.

Bunu "Sherg.az”a açıqlamasında DİA-nın dossenti, politoloq Elşad Mirbəşiroğlu deyib.

Analitik bildirib ki, islam dünyasında qarşıdurmanın yaradılması istiqamətində ciddi fəaliyyət aparılır: 

"Məsələni lokallaşdırmazdan öncə nəzərə alaq ki, ermənilər tarixən həm xristian-müsəlman dünyası, həm də müsəlman millətləri arasında qarşıdurma yaratmaqla məşğul olub. Təsəvvür edin, ermənilər Azərbaycana qarşı ərazi iddiası irəli sürür, işğalçılıq edir və nəticədə münaqişə baş verir. Ancaq yaranmış problemi "xristian-müsəlman davası” kimi qələmə verməyə çalışırlar. Burada məkrli niyyət var. İşğalçı, separatçı və şovinist Ermənistan öz mənfur planlarını həyata keçirmək üçün məsələyə bütün xristian dünyasını qoşmağa çalışır. Toplumlar arasında nifaq salmağa cəhd edirlər. Əlbəttə, ermənilərin bu istiqamətdə atdıqları addımlar çox cılızdır və nəticəsi yoxdur. Lakin istənilən halda düşmənin təxribatlarını görməzdən gəlmək olmaz”.

Ekspert bəyan edib ki, çeçenlərlə Azərbaycanlılar arasında baş vermiş münaqişədə erməni faktoru bizi heyrətləndirmir. Çünki bu, gözlənilən idi: 

"Ermənilərin əsas qayəsi müsəlmanlar arasında ziddiyyət yaratmaq, qarşıdurma meydana gətirməkdir. Azərbaycanlılarla çeçenlərin hazırki dostluğu ermənilərdə qıcıq yaradır. Nəzərə almaq lazımdır ki, Azərbaycanlılarla çeçenlər arasında kifayət qədər perspektivi olan əməkdaşlıq mövcuddur. Çeçenistan Rusiya Federasiyasının önəmli subyektlərindən biridir. Bu həm də ona dəlalət edir ki, Azərbaycanla Rusiya arasında perspektivli əməkdaşlıq mövcuddur. Ayrı-ayrılıqda Rusiyanın regionları ilə Azərbaycanın ciddi əməkdaşlıq platforması formalaşmaqdadır. Xüsusən, Azərbaycanla Çeçenistan arasında əlaqələr özünün effektivliyi ilə müşahidə olunmaqdadır”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiyada Azərbaycanlılarla çeçenlər arasında nifaq toxumu səpməyə çalışan ermənilərin bir sıra məqsədləri var: "Bunu təkcə münasibətlərin korlanmasına cəhd kimi dəyərləndirmək doğru olmaz. Ermənilər Rusiyada yaşayan Azərbaycanlılar içərisində bir xof yaratmağa çalışırlar. İstəyirlər ki, soydaşlarımız şimal qonşumuzda özlərini narahat hiss etsinlər. Digər tərəfdən isə çalışırlar ki, Azərbaycanla Rusiyanın münasibətlərinə kölgə salsınlar.

Bu cılız cəhdlər erməni xislətini bir daha ortaya qoyur. Sevindirici haldır ki, həm çeçenlər, həm də Azərbaycanlılar münasibətlərə xələl yetirəcək halların qarşısını operativ şəkildə aldılar. Məsələyə dövlət rəsmilərinin qarışması, istər Çeçenistan, istərsə də Azərbaycan tərəfindən rəhbərliklərin problemə həssas yanaşması bir daha sübut etdi ki, iki xalq arasında dostluq ciddi bağlara söykənir. 

Bu dostluğa kölgə salacaq hər hansı addımlar bəri başdan uğursuzluğa düçardır. Bu hadisə həm də onu göstərdi ki, ermənilər Azərbaycanlılara nə qədər düşməndirsə, bir o qədər də çeçenlərin və Rusiyada yaşayan digər müsəlman xalqların düşmənləridir. Çünki ermənilər həmişə öz məkrli planlarını həyata keçirmək istəyəndə mütləq müsəlman xristian-müsəlman amilinə istinad ediblər”.

İsmayıl