Bağırovun nəvəsi Həmid Herisçini məhkəməyə verir

Məmmədtağı Bağırov: “O verilişdə Mircəfər Bağırova böhtan atılıb, ağır ifadələrlə aşağılanıb, şəxsiyyətinə kölgə salınıb”
Həmid Herisçi: “Niyə məni məhkəməyə vermək istəyir, başa düşmürəm”


Mircəfər Bağırovun bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırov ANS telekanalında, yazıçı-konspiroloq Həmid Herisçinin təqdimatında yayımlanan "Şəxsiyyət vəsiqəsi” verilişinə görə aparıcını məhkəməyə verməyə hazırlaşır.

Bu barədə "Şərq”ə M.Bağırov nəslinin nümayəndəsi özü məlumat verdi. Redaksiyaya müraciət edən Məmmədtağı Bağırov bildirdi ki, verilişin bu il yanvarın 26-sında yayımlanmış növbəti sayı Azərbaycanın sabiq rəhbəri Mircəfər Bağırova həsr olunub. Məmmədtağı Bağırov verilişdə M.Bağırovun təhqir edildiyi iddiasını irəli sürür:

- Verilişin həmin sayında Mircəfər Bağırov ağır ifadələrlə aşağılandı. Aparıcı Mircəfər Bağırovu "mirqəzəb”, "Hitler” kimi ifadələrlə təhqir etdi. Hesab edirəm ki, bu ifadələr Mircəfər Bağırovun şəxsiyyətini alçaltmağa yönəlmiş sözlərdir. Sonra guya Mircəfər Bağırovun Ruhulla Axundova yazdığı məktubu "üzə çıxardılar”. Guya M.Bağırov R.Axundova yazıbmış ki, həyat yoldaşının ölümündə günahkardır. Mircəfər Bağırovun həbsxanada aşbazlıq etməsi, əslində onun güllələnmədiyi və uzun illər gizli şəkildə yaşadığı, hansısa şəhərdə vəfat etdiyi barədə şayiələrə yer verdilər. Mircəfər Bağırovun Stalinə məktubunu oxudular, guya məktubunda yazıbmış ki, Azərbaycanda filan qədər adam həbs edilib, onları güllələtmək lazımdır və s. belə əsası olmayan hadisələrdən danışıldı. O məktubu kim, hardan əldə edib? Şükür Allaha ki, indi sovet vaxtı deyil. Arxivlər də açılıb, hər şey aşkarlanıb. Mircəfər Bağırov haqqında həqiqətlər üzə çıxıb. Belə şayiələr əsasında insana ləkə yaxmaq düzgün deyil. Sovet rejimində şayiə yayan xüsusi adamlar olurdu, onlara xüsusi tapşırıqlar verilirdi, kimin haqqında hansı şayiəni yaysınlar. Sovet vaxtı, 70-ci illərdə Amerikanın "Azadlıq” radiosunda da demişdilər ki, Mircəfər Bağırov öldürülməyib, 82 yaşında Kazan şəhərində vəfat edib. Bunlar hamısı şayiələr idi və bəlli məqsədə xidmət edirdi. Mircəfər Bağırovu şəxsən görənlər, onun məhkəməsində iştirak edənlər, hətta onu güllələmiş adam da son illərədək sağ idilər. Bu adamlar olub-keçənləri dəqiqliyi ilə danışırdılar. Bunlar hamısı arxiv sənədlərində var və qorunur. Bəs, verilişin yaradıcıları o məktubları hardan, hansı arxivdən tapıb? Hesab edirəm ki, o verilişdə Mircəfər Bağırova böhtan atılıb, ağır ifadələrlə aşağılanıb, şəxsiyyətinə kölgə salınıb. Ona görə də mən, Mircəfər Bağırov nəslinin nümayəndəsi kimi verilişin aparıcısı Həmid Herisçini məhkəməyə verəcəyəm. Mircəfər Bağırovun ölümündən sonra hüquqlarının qorunması səlahiyyətini mənə hazırda Moskvada yaşayan gəlini verib. Yox, əgər o verilişdə oxunan məktubların həqiqiliyi sübut olunsa, mən onlardan üzr istəməyə hazıram.

Məmmədtağı Bağırov "Şəxsiyyət vəsiqəsi” verilişinin M.Bağırova həsr olunmuş sayında M.Bağırovun arxa planda görünən şəklinə görə Ədalət Tahirzadəni də məhkəməyə verəcəyini dedi:

- O şəkil "foto-şop”dur. Və yenə də Mircəfər Bağırovu aşağılamağa hesablanıb. Eynəyi qırıq... Guya eynəyi qırılıbmış həbsxanada qırıq eynəklə gəzirmiş və s. belə heysiyyatı aşağılayan məsələlər.

Məsələ ilə bağlı "Şəxsiyyət vəsiqəsi”nin aparıcısı Həmid Herisçinin mövqeyini də öyrəndik. Yazıçı-konspiroloq "Şərq”ə açıqlamasında Mircəfər Bağırov nəslinin nümayəndəsinin nəyə görə onu ittiham etməsinin başadüşülən olmadığını dedi:

- Əksinə, biz Mircəfər Bağırovu yaxşı təqdim etmişik. Birmənalı şəkildə onu tərifləmişik. Niyə məni məhkəməyə vermək istəyir, başa düşmürəm. Yersiz ittihamdı.

Verilişdə M.Bağırov haqqında "mirqəzəb” ifadəsinin işlənməsinə gəlincə, H.Herisçi bu ifadənin mərhum yazıçı İsa Hüseynova məxsus olduğunu bildirdi:

- Mən o adı İsa Hüseynovun romanından götürmüşəm. Onda mərhum İsa Hüseynov - Muğannaya məhkəmə "düşür”.

H.Herisçi Məmmədtağı Bağırov adlı şəxsi tanımadığını da dedi:

- Mən bilmirdim, Mircəfər Bağırovun yaxın qohumu var. Bunu sizdən eşidirəm.

Məlahət Rzayeva