Bağlanmalıdır...
“Metsamor”da bir qəza baş versə, geniş coğrafiyanı əhatə edəcək
Erməni hərbi birləşmələrinin kimyəvi silahdan istifadə etməsi düşmənin bəşəriyyət üçün təhlükəli, qadağan olunmuş hərbi vasitələrə əl atdığını bir daha ortaya qoydu. İşğalçı ölkə təkcə təmas xəttində insidentlər zamanı kimyəvi silahdan istifadə etməyə yox, eyni zamanda Ermənistanda yerləşən istismar müddəti bitmiş, uzun illərdir heç bir yenilənmə işləri aparılmayan "Metsamor” Atom Elektrik Stansiyasının nüvə tullantılardan istifadə edərək "çirkli bomba” hazırlamağa da maraq göstərir.
Məlumdur ki, sovet dövründən qalma avandanlıqlarla fəaliyyətini davam etdirən "Metsamor” AES-də qəza baş verəcəyi təqdirdə, Ermənistanın özü də daxil olmaqla, geniş coğrafiyada yerləşən bir çox ölkə nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaq. Artıq uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilatlar "Metsamor” AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər.
"Metsamor” AES ciddi təhlükə mənbəyidir”
Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin müəllimi Badri Natçkebia da bildirib ki, MAQATE və digər beynəlxalq təşkilatlar Ermənistandakı "Metsamor”un fəaliyyətini nəzarətə götürməlidirlər. Bu stansiya ciddi təhlükə mənbəyidir və onun fəaliyyəti birdəfəlik dayandırılmalıdır: "Bu yaxınlarda Gürcüstanda uran-238 elementini satmaq istəyən şəxslər həbs olundular. İki dəfə belə bir təhlükəli maddənin satışına cəhd göstərildi. Araşdırmalar zamanı aydın oldu ki, tutulan Ermənistan vətəndaşlarından biri "Metsamor” AES-də işləyib. Digəri isə uzun illər Ermənistan xüsusi xidmət orqanlarında çalışıb. Bu faktlar uran-238 elementinin Gürcüstana Ermənistandan gətirilməsi faktını bir daha təsdiqləyir. Ona görə də, əminliklə deyə bilərəm ki, bu maddə məhz Ermənistandan gətirilib. Hamıya bəllidir ki, nə Azərbaycanda, nə də Gürcüstanda bu qəbildən olan maddələr var. Ermənistandakı "Metsamor” AES isə əsl uran mənbəyidir”.
"Ermənistan bölgədə sülhün, əmin-amanlığın pozulmasında maraqlıdır”
Politoloqun fikrincə, "Metsamor” AES ümumiyyətlə radioaktiv təhlükə mənbəyidir: "Bu stansiyanın istifadəyə verilməsindən xeyli vaxt ötüb və stansiya yararsız vəziyyətə düşüb. Bu il bu stansiyanın bağlanılması ilə bağlı müzakirələrin açılacağı gözlənilirdi. Amma təəssüf ki, Ermənistan tərəfi yenə də bundan imtina edir və regionumuz üçün təhlükə yaratmaqda davam edir. Çernobıl faciəsini unutmamalıyıq. Ermənistandakı AES təkcə Azərbaycan və Gürcüstan üçün deyil, əslində dünyanın özü üçün böyük təhlükə mənbəyidir. Bizə sağlam cəmiyyət, sağlam dünya lazımdır. Amma bu gün fauna və floramız, bütövlükdə cəmiyyətimiz təhlükə ilə qarşı-qarşıyadır. Hesab edirəm ki, "Metsamor” AES-in bağlanması ilə bağlı Azərbaycan tərəfinin başlatdığı petisiya çox düzgün addımdır. Gürcüstan vətəndaşları da buna fəal qoşulmalıdırlar”.
"Stansiya ömrünü çoxdan başa vurub...”
Argentinanın "Equilibriumglobal” portalında "Metsamor: yeni-köhnə nüvə təhlükəsi?” adlı geniş məqalə dərc edilib. Yazıda bildirilib ki, "Metsamor” AES sovet dövründə tikilib, mümkün qəza ehtimalı qarşısında kövrəkdir və mexanizmləri risk təhlükəsinə malikdir. Məqalədə "Metsamor” AES-in törətdiyi risklər barədə geniş məlumat verilib: "Risklərdən birincisi coğrafi xarakter daşıyır. "Metsamor” Ermənistandakı 6,9 ballıq zəlzələdən sonra bağlanıb. Fukuşima hadisəsi göstərdi ki, seysmik aktivliklə bağlı risklər diqqətdən kənarda saxlanıla bilməz. Metsamor şəhəri Türkiyə və Gürcüstanın şərq sərhədlərinin yaxınlığında yerləşir. Təhlilçilərin və mütəxəssislərin fikrincə, "Metsamor”da bircə təbii fəlakət bu regionların qısa müddət ərzində yüksək radioaktivliyə məruz qalmasına gətirib çıxara bilər. Bu, narahatlıq doğuran yeganə məsələ deyil. "Metsamor” ətrafında digər problemlər reaktiv və nüvə materiallarının qaçaqmalçılığı, nüvə tullantılarının qeyri-qanuni daşınmasıdır”.
"Beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlamalıdırlar”
Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, "Metsamor”un ciddi təhlükə mənbəyi olması kimsəyə sirr deyil: "AES-in fəaliyyətinin dayandırılması ilə bağlı səsləndirilən tələblər doğrudur. Zaman-zaman müxtəlif xarici ekspertlər, həmçinin ölkəmizin təmsilçiləri mövcud təhlükə ilə bağlı xəbərdaredici fikirlər səsləndiriblər. Lakin Ermənistan AES-in region üçün təhlükə mənbəyi olması faktını qulaqardına vurur. Bu azmış kimi, stansiyanın fəaliyyət müddətinin 2016-cı ildə başa çatması nəzərdə tutulsa da, Ermənistan hökuməti AES-in istismar müddətini bir qədər də uzatmaq qərarına gəlib. Bu da, öz növbəsində, regionda güclü radiasiya təhlükəsi ilə bağlı narahatlığı daha da artırıb. Azərbaycan da "Metsamor” AES-in fəaliyyətini davam etdirməsinə dəfələrlə rəsmi şəkildə və ictimaiyyət səviyyəsində etirazını bildirib. Müxtəlif beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edilib. Beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlamalıdırlar”.
İsmayıl