Bahalaşma dünyadakı proseslərlə bağlıdır

Qışda qiymət artımı daha çox hiss olunacaq
Sahibkarlar qiymətləri qaldırmaq məcburiyyətindədir. Əgər manatın kursunda dəyişiklik olmasa, qiymətləri qaldıracaqlar




Dünya birjalarında neftin qiyməti "oynayır”. Nyu-Yorkun NYMEX birjasında "Layf” markalı neftin bir barelinin qiyməti 40 dollara düşüb. London qitələrarası birjasında isə "Brend” markalı neftin 1 barelinin dəyəri 0,99 dollar azalaraq 49,06 dollar olub. Bunun əksinə olaraq Azərbaycan neftinin qiymətində artım müşahidə edilməkdədir. "Azəri LT CİF” markalı neftin bir barelinin qiyməti 50 dolları keçməkdədir.

Neftin qiymətinin artması ilə yanaşı, ölkə daxilində bahalaşma hiss olunmaqdadır. Bəzi ərzaq və gündəlik tələbat mallarının qiymətində gözəçarpan artım var. Kənd təsərrüfatı məhsullarının qiymətində də, gözlənildiyinin əksinə, enmə deyil, artım müşahidə edilir. Baxmayaraq ki, avqust ayı adətən mövsümi meyvə-tərəvəzin bolluğu və bu səbəbdən də qiymət ucuzluğu ilə səciyyələnirdi, bu il belə olmadı.

Hazırda mövsüm tərəvəzlərindən pomidorun 1 kiloqramı növündən asılı olaraq 70-80 qəpik -1 manat, xiyar isə 50-60 qəpik arasında dəyişir. Kartofun da qiymətində artım var. Bazarda mövsüm meyvələrindən göyəmi 1 manatdan aşağı tapmaq olmur. Zoğal da 1 manat 40 qəpikdən aşağı düşmür.
Yuyucu tozların, məişət sabunlarının qiymətində də artım baş verib.
Bəzi iqtisadçılar mövcud bahalaşmanın əslində, gözlənilən olduğu fikrindədir. Və manatın fevral ayındakı devalvasiyasından sonra bahalaşmanın labüdlüyü proqnozunu verdiklərini xatırladırlar.

İqtisadçı Natiq Cəfərli də "Şərq”ə açıqlamasında qeyd etdi ki, qiymətlərin bahalaşmasına 2 fərqli bucaqdan baxılmalıdır:

- Dünya bazarında neftin qiymətinin düşməsi ciddi endirimlərlə müşahidə olunur. Çünki neft əksər məhsulların maya dəyərinin 30 faizini formalaşdırır. Neftin qiyməti düşürsə, yanacağın da qiyməti düşür. Məsələn, Avropada ötən ay ərzaq məhsullarının qiymətində 1 faiz endirim müşahidə olunub. Azərbaycanda isə vəziyyət fərqlidir. Azərbaycan neftdən asılı ölkə olduğu üçün neftin qiymətindəki dəyişikliklər bütövlükdə iqtisadiyyata təsir edir. Neftin qiymətinin düşməsi ölkəyə valyuta axanını azaldır. Hazırda Azərbaycan nefti 50 dollar civarındadır, manata basqı da bundandır. Qarşıdakı aylarda manatın yenidən ucuzlaşması gözlənilir. Azəbaycan hökuməti manatın birinci devalvasiyasından sonra bir neçə ay qiymətləri nisbətən sabit saxlaya bildi. Amma inzibati üsullarla manatı uzun müddət qoruyub saxlamaq mümkün deyil. Bazar iqtisadiyyatının öz qanunları var. Məhsulun maya dəyərində artım varsa, satış qiyməti də avtomatik qalxır. Bu gedişlə payızda da qiymət artımı gözləniləndi, yəqin ki, qiymət dəyişikliyi olacaq. Vətəndaş özünü buna hazırlamalıdır. Çünki qiymətlərin enəcəyini stimullaşdıracaq hər hansı bir hadisənin olması gözlənilmir. Mövsümün təsirlərini də unutmamalıyıq. Xüsusilə də qışın ilk həftələrində qiymət artımının təzahürlərini daha çox görəcəyik.

Obyektivlik naminə demək lazımdır ki, qiymət artımına görə sahibkarları qınamaq da olmur. Sahibkarlar qiymətləri qaldırmaq məcburiyyətindədir. Əgər manatın kursunda dəyişiklik olmasa, qiymətləri qaldıracaqlar. Başqa çıxış yolları yoxdur. Topdansatışda qiymət qalxırsa, təbii ki, pərakəndə satışda da 15-30 faiz bahalaşma olacaq. Çünki pərakəndə satış obyektləri ƏDV ödəyiciləridir. Baha qiymət verib aldıqları malı ucuz qiymətə sata bilməzlər. Yerli məhsulların istehsalında istifadə olunan komponentlərin çoxu xaricdən alınır. Məsələn, quşçuluq fabrikləri quş yemini, yemin tərkibinə qatdıqları zəruri maddələri xaricdən idxal edir. Burada da ödəmələr valyuta ilə aparılır.

Bəs, hökumət prosesin vətəndaş üçün nisbətən az ağrılı keçməsi məqsədilə hansı addımları ata bilər?

N.Cəfərli qeyd etdi ki, qarşıdakı aylarda manatın məzənnəsinin düşəcəyi ehtimalı var:

- Mərkəzi Bank görsə ki, manatın məzənnəsini qoruyub saxlamaq strateji ehtiyatlara zərər vurur, manatın məzənnəsini az da olsa yenə düşürəcək.
Çünki ehtiyatları tükətmək hesabına manatı qoruyub saxlamaq düzgün olmaz. Amma bazarda qiymət bahalaşmasının qarşısını almağın iqtisadi üsulları var. Dünya iqtisadiyyatında sınanmış, müsbət nəticələr verən təcrübələr mövcuddur. Məsələn, rəqabət mühitinin yaradılması, bazarda "oyunçular”ın sayının artırılması qiymətləri endirir. Məlumdur ki, qiymət artımının ən əsas səbəblərindən biri monopoliyanın olmasıdır. Bazara bir yox, bir neçə istiqamətdən mal daxil olduqda isə qiymətləri qaldırmaq mümkün olmur, çünki alıcı üçün seçim mühiti yaranmış olur. Sahibkar qiymətləri qaldırmamaq məcburiyyətində qalır. Bundan başqa, vergi dərəcələrinin azaldılması, gömrük rüsumlarının azaldılması da qiymət tənzimlənməsində böyük rol oynayır. Yəni, hökumətin əlində bazara təsir imkanları var. Onlardan istifadə edilməlidir.
Əlbəttə, hər şey hökumətin qərarından asılıdır. Hökumət biznes qurumları ilə danışıqlar aparıb müəyyən müddət üçün güzəştli şərtlər həyata keçirilməsini istəyə bilər. Hazırda hökumətlə biznes qurumları arasında körpü yaranması üçün unikal fürsət yaranıb. İqtisadi İnkişaf Nazirliyi iş adamlarına belə bir ricada buluna bilər ki, durum sabitləşənə qədər süni qiymət artımının qarşısını alsınlar, istehlak bazarında qiymətlərin stabil saxlanmasını təmin etsinlər.

N.Cəfərli bildirdi ki, bahalaşma ilə bağlı hökumətin konkret proqramı olmalıdır:

- Məsələn, Rusiya, Qazaxıstan kimi dövlətlər də hazırda iqtisadi böhran yaşayır. Amma bu dövlətlər anti-böhran proqramlarını açıqlayır, nazirliklər də buna uyğun davranır, vətəndaşlar, ictimaiyyət də xəbərdar olur. Bu tip proqramlar ictimaiyyətdən gizlədilməməlidir, çünki vətəndaşlardan da hökumətə çox yaxşı təkliflər gələ bilər. Çalışmalıyıq ki, üzləşdiyimiz çətinliklərdən çıxış yollarını birgə arayaq.

Məlahət Rzayeva