Bahalı olsa da, preparatlar var

Erkən mərhələdə dağınıq skleroz xəstəliyinin qarşısını almaq mümkündür



Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya kafedrasının assistenti Rahim Əliyev 2013-2017-ci illərdə dövlət proqramı çərçivəsində müayinə edilən 1400-ə yaxın xəstədən 1214-nə dağınıq skleroz diaqnozu qoyulduğunu deyib. 170-dən çox xəstədə isə diaqnoz tamamilə inkar edilib.

Onun sözlərinə görə, dağınıq sklerozdan əsasən 20-40 yaş arası qadınlar əziyyət çəkir: "Bu xəstəlikdən ölüm halları nadir hallarda baş verir. Dağınıq skleroz adətən əlilliyə səbəb olur. Azərbaycanda dağınıq skleroz xəstəliyinə daha çox Bakı şəhərində, Quba-Xaçmaz və Balakən-Şəki zonalarında rast gəlinir”.

R.Əliyev bildirib ki, xəstəliyin yaranma əlamətləri rəngarəngdir: "Ona görə də konkret səbəb yoxdur. Xəstələr daha çox görmə, müvazinət və hissiyyat pozğunluqları ilə bağlı müraciət edirlər. Bu cür əlamətlər başqa xəstəliklərdə də müşahidə edildiyindən müqayisə üçün dəqiq diaqnoz qoymaq lazım gəlir”.

İnstitut əməkdaşı qeyd edib ki, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xəstələrin aktiv müayinəsi, dağınıq skleroz xəstəliyi olan insanlarda əlilliyin qarşısının alınması nəzərdə tutulur.


Tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyib ki, dağınıq skleroz xəstəliyi mərkəzi sinir sistemində çoxmərhələli pozğunluqlar yaradır: 

"Çox təəssüflər olsun ki, bu xəstəliyin konkret hansı səbəbdən yarandığı aydınlaşdırılmayıb, çoxsaylı səbəblər göstərilir. Xəstəlik irəlilədikcə, sinir keçiriciliyi pozulur və zədələnmə zonasından asılı olaraq insanlarda hərəkət zəifliyi, görmə və danışıq pozulması müşahidə olunur.

Bu əlamətlər ilkin olaraq sinir pozuntuları şəklində ortaya çıxır. Əgər kimdəsə sinir pozuntusunun əlamətləri varsa, onlar mütləq həkimə müraciət edərək dağınıq skleroza görə testlərdən keçməlidirlər. Həkim tərəfindən düz diaqnoz qoyulub müalicə təyin edildikdə erkən mərhələdə xəstəliyin qarşısını almaq mümkündür. Bahalı olsa da, bu xəstəliyin irəliləməsinin qarşısını alan preparatlar var. Ancaq xəstəlik gec aşkar olunanda artıq insanların əmək qabiliyyətini itirməsinə səbəb olur və müalicə zamanı çətinliklər yaranır”.

Tibb-ekspertin sözlərinə görə, xəstəliyin irəliləməsi bəzən ölümə qədər gətirib çıxarır. Xəstəlik istənilən yaşda mövcud olsa da, daha çox orta yaş qrupuna aid olan insanlarda aşkar olunur.

Şəymən