“Bakı 2015” möhtəşəm olacaq
Patrik Hikki: “Avropanın idmançıları və idman azarkeşləri onları gözləyən yüksək səviyyəli idman obyektləri və məkanlardan məmnun qalacaqlar”
Dünən Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının I Avropa Oyunları ilə əlaqədar Bakı səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı baş tutub. Toplantıda çıxış edən Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki göstərilən yüksək qonaqpərvərliyə görə ölkə rəhbərliyinə və Oyunların Təşkilat Komitəsinə minnətdarlıq edib. O xatırladıb ki, bu yaxınlarda Davosda Avropa Oyunları yüksək səviyyədə təqdim edilib: "Son illər ərzində qardaşlaşmışıq. Çünki çox yaxından işləyirik”.
Ölkəmizin bu möhtəşəm tədbirə ev sahibliyi etməyə tam hazır olduğunu deyən qurum prezidenti söyləyib ki, iki il ərzində əldə edilmiş nailiyyətlər Azərbaycanın oyunları həyata keçirmək üçün göstərdiyi səyləri təsdiqləyir: "Avropanın idmançıları və idman azarkeşləri onları gözləyən yüksək səviyyəli idman obyektləri və məkanlardan məmnun qalacaqlar. Bakı 2015, Avropa Oyunları üçün möhtəşəm başlanğıc platforması olacaq.”
Komitə prezidenti idman obyektlərindən, gördüklərindən çox razı qaldıqlarını və artıq yekun mərhələnin başlandığını bildirib. Onun sözlərinə görə, oyunlara qalan müddətdə daha kiçikhəcmli qruplar müəyyən detalları nəzərdən qaçırmamaq üçün Bakıya səfər edəcəklər: "Reallıq gözlədiyimdən də yüksək səviyyədədir. Əvvəlcədən Oyunları 10 növ üzrə keçirməyi nəzərdə tutmuşduq. Bu say 20-yə yüksəldi, daha 6 növdən də istək gəldi. Bu, ilk Avropa Oyunlarıdır. Biz bütün tədbirlərə pioner olaraq yol açırıq”.
Qurum prezidenti sözügedən oyunların yeni idman növləri üçün təkan olacağını da vurğulayıb. O, xüsusilə basketbolun 3X3 növünün Beynəlxalq Olimpiya Komitəsinin çoxdan gündəmində olduğunu söyləyib.
Koordinasiya Komissiyasının sədri Spiros Kapralos da ötən səfərlərindən indiyədək əldə olunmuş irəliləyişləri təqdirəlayiq hal kimi dəyərləndirib: "Burada olduğumuz vaxt Olimpiya Parkı, Bakı İdman Arenası, Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkına səfər etdik, çox gözəl təəssüratlarla ayrıldıq. Nəqliyyat şəbəkəsi ölkənin davamlı inkişafı baxımından çox vacibdir. Uniforma və Akreditə Mərkəzində gördüklərimiz çox müsbət idi”.
Bundan sonra sınaq tədbirlərinə diqqət yönəldəcəklərini vurğulayan komissiya sədri oyunların çox əla səviyyədə keçəcəyinə şübhə etmədiyini deyib: "Oyunlar böyük uğur tarixçəsi olacaq. Çox müstəsna irəliləyiş gördük. Tam əminik ki, Avropa Oyunlarında böyük irəliləyişə nail olacağıq. Amma gərək ehtiyatla davranaq və hər detalı müfəssəl yoxlayaq. Ona görə də öncədən demişdim ki, öz öhdəliklərimizi bağlanış mərasiminin ardından sonuncu qonaq Azərbaycanı tərk edənədək davam etdirəcəyik”.
Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015”in Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov isə qeyd edib ki, iki gün ərzində V Koordinasiya Komitəsinin iclasları nəticəsində görülmüş bütün işlər çox yüksək qiymətləndirilib. Onun fikrincə, P.Hikki və S.Kapralosun təcrübəsi çox vacib idi: "Onların məsləhəti olmadan tədbiri keçirə bilməzdik. Qısa müddətdə görülmüş işlər idman sahəsindəki mütəxəssisləri təəccübləndirir. Rekord müddət ərzində işlər aparıldı. Həmin gözəl günə cəmi 4 ay vaxtımız qalıb. Dövlətin və prezidentin siyasətini uğurla həyata keçirmək bizim borcumuzdur. Belə möhtəşəm yarışları qəbul etməyə imkanımız və bacarığımız var”.
A.Rəhimovun sözlərinə görə, bu oyunlardan Azərbaycana böyük irs qalacaq: "Yeni küçələr, parklar salınıb, idman qurğuları tikilib, abadlaşma işləri aparılıb. Ən əsası, könüllülər, gənclərin qazandığı təcrübədir. Əvvəldən də qeyd etmişdik ki, oyunları təşkil etmək üçün böyük ehtiras var. Eyni zamanda, təkcə idman üzrə deyil, digər sahələrdə də bir çox beynəlxalq tədbirlər təcrübəsi əldə etmişik. Biz bacardığımızı göstərmək istəyirik. Belə tədbirlərə resurs, iradə baxımından gəncləri səfərbər etməyə hazırıq. Azərbaycan mədəniyyəti, ənənələri, irsini, Qafqaz qonaqpərvərliyini dünyaya nümayiş etdirmək istəyirik. Belə böyük tədbirlər şəhərin simasını dəyişir. Belə tədbirlərdə yeni innovativ fikirlər formalaşır. Ölkə əhalisinin 68 faizi gəncdir. Bu oyunlar onların ziyanlı vərdişlərdən uzaqlaşması üçün bir vasitədir. Triatlon, badminton, stolüstü tennis üzrə ilk dəfə böyük yarış keçirəcəyik”.
Olimpiya Stadionunun açılacağı tarixlə bağlı məlumat vərən nazir qeyd edib ki, bütün idman qurğularının açılış mərasimi eyni gündə baş tutacaq: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionda gedən işlərlə tanış olub. Artıq işlərin 97 faizi tamamlanıb. Hər hansı idman qurğusunun xüsusi açılış tədbirini gözləmirik. Çünki idman qurğusu hazır olan kimi müvafiq avadanlıqlar quraşdırılacaq. Açılış elə iyunun 12-nə təsadüf edəcək. Ən yaxın tarix budur”. Daha sonra media nümayəndələrinə onları maraqlandıran məsələlər barədə təşkilatçılara sual vermək imkanı yaradılıb.
Ermənistan idmançılarının Avropa Oyunlarına qatılmama ehtimalı ilə bağlı sualı cavablandıran P.Hikki diqqətə çatdırıb ki, komitə üzvlərinin heç biri kənarda qalmayacaq: "Bizim 50 milli Olimpiya Komitəsi üzvümüz var. Onların heç biri kənarda qalmayacaq. Heç kimin buna şübhəsi olmasın”. Qeyd edək ki, Ermənistan Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına qatılıb-qatılmayacağı ilə bağlı son qərarını verməyib.
Ayyət Əhməd