Bakı da inanmır
Dünyada Vaşinqtona qarşı etibarsızlıq yaranıb
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirilib. Tədbirdə millət vəkilləri, siyasi partiya təmsilçiləri, QHT rəhbərləri və media nümayəndələri iştirak edirlər.
"ABŞ-ın özündə irqi və dini zəmində insan haqları kobud şəkildə pozulur”
Toplantıda ilk çıxış edən Şura sədri Azay Quliyev bildirib ki, son aylar ABŞ-da bir sıra dövlət qurumları və institutları Azərbaycanla bağlı qərəzli, həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər. Bunlar ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığını əks etdirməyən bəyanatlardır. Bu qərəzli bəyanatlarla bağlı Azərbaycan ictimaiyyətində narahatlıq var. Bizə qeyri-hökumət təşkilatları tərəfindən müraciətlər daxil oldu və qərara gəldik ki, belə dinləmələr keçirək və ABŞ-da insan haqlarının hansı vəziyyətdə olduğunu müzakirə edək. Aydınlaşdıraq görək, Azərbaycanla bağlı belə bəyanatlar səsləndirməyin hansı əsasları var? ABŞ-ın özündə irqi və dini zəmində insan haqları kobud şəkildə pozulur. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqussonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?”. A.Quliyev vurğulayıb ki, Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəlikləri yerinə yetirib: "Ermənistan Avrasiya İttifaqına üzvlüklə bağlı strateji qərar qəbul etdi. Məgər ABŞ buna etiraz etdi? Niyə ABŞ Ermənistan və Gürcüstan QHT-lərinin üzvlərinin siyasi məhbus elan edilməsinə münasibət bildirilmir? ABŞ-ın keçmiş diplomatlarının dili ilə Azərbaycana mesajlar verməyə çalışırlar. Kozlariç, Kramen kimi keçmiş diplomatlar Azərbaycana açıq şəkildə çağırışlar edirlər. Onlar keçmiş diplomatlar olaraq öz tərəflərindən bu cür mesajlar verə bilməzlər”. A.Quliyev əlavə edib ki, ABŞ rəsmiləri Venesiya Konvensiyasını ciddi şəkildə pozaraq Azərbaycana qarşı çağırışlar edirlər. Şura sədri vurğulayıb ki, Azərbaycan bu gün öz milli maraqlarını qorumaq üçün siyasət qurub və bu cür təzyiqlər Azərbaycanın siyasi kursuna heç bir təsir göstərə bilməz.
"Barak Obamanın rəngi ABŞ-da irqi problemi ortadan qaldırmayıb”
"ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik: ksenofobiya və islamafobiya təzahürlərinin güclənməsi” mövzusunda çıxış edən millət vəkili Zahid Oruc söyləyib ki, ABŞ-da milli, dini, etnik zəmində problemlər qalmaqdadır: "Qara dərililər səsvermə hüququnu ABŞ-da 1968-ci ildə əldə edib. Ölkə əhalisinin 13 faizini qaradərililər təşkil edir və onların sosial durumu, təhsil səviyyəsi ağ irqə nisbətən çox aşağıdır. Çoxları düşünə bilər ki, ABŞ-da qara irqin nümayəndəsi prezidentdirsə, biz necə deyə bilərik ki, bu irqin hüquqları tam qorunur? Barak Obamanın rəngi ABŞ-da irqi problemi ortadan qaldırmayıb və bu gün də davam edir. ABŞ daxilində son illər silah alınması artıb, bu, özünü qoruma instiktindən irəli gəlir. Bu ölkədə 7 milyona qədər müsəlman var və onlar 11 sentyabr hadisəsinin zərbəsini hələ də üzərlərində yaşamaqdadır. Müsəlmanları ekstremist, terror ilə eyniləşdirirlər. ABŞ-ın elə bir resepti yoxdur ki, insan haqları problemini bütünlükdə həll etsin”.
"ABŞ heç də insan hüquq və azadlıqlarının mübaliğəsiz təmin edildiyi ölkə deyil”
Tədbirdə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət "Cəmiyyət üzərində total nəzarət sistemi: şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması” mözvusunda çıxış edib. QHT rəhbəri bildirib ki, ABŞ bizə təbliğ edildiyi kimi insan hüquq və azadlıqlarının mübaliğəsiz təmin edildiyi ölkə deyil: "Əksinə, bu ölkədə bu hüquq və azadlıqlar, o cümlədən ifadə və media azadlığı demək olar ki, hər gün kobud şəkildə pozulmaqdadır. Son zamanların ən yeni örnəklərini diqqətinizə çatdırmaq istərdim. 2010-cu ilin dekabrında aralarında Co Libermanın da olduğu bir qrup senator Amazon.com-u Vikiliksi özünün serverlərindən çıxarmağa məcbur etdi. Elə həmin ayın əvvəlində Barak Obama administrasiyası dövlət qurumları və təhsil müəssisələri işçilərinin Vikiliksdən istifadəsini yasaqladı. Amma sonra Dövlət Departamenti bunu təkzib etsə də, ABŞ-ın aparıcı media qurumları belə bir tapşırığın olduğunu təkidlə təkrarlayırdı”. A.Həsrət qeyd edib ki, 3 dekabr 2010-cu ildə İngiltərənin "The Guardian” qəzeti yazırdı ki, ABŞ Konqresinin kitabxanası, ABŞ Ticarət Departamenti və başqa dövlət qurumları Vikiliksə girişin yasaqlandığını təsdiqləyib: "Elə 2014-cü ilin yayında 38 jurnalist təşkilatı birləşərək prezident Barak Obamaya göndərdikləri etiraz məktubunda onun hakimiyyətini federal hakimiyyət orqanları ilə bağlı xəbərlərin yayılmasında siyasi basqıdan əl çəkməyə çağırır. ABŞ tarixində ilk dəfə idi ki, belə bir etiraz,
özü də demək olar ki, kütləvi etiraz qeydə alınırdı”. Onun sözlərinə görə, ABŞ federal dövlət qurumlarının rəsmilərinə media ilə əlaqənin yasaqlanması insanların informasiya almasına əngəl törədir. A.Həsrət vurğulayıb ki, ABŞ-da həm də jurnalistlərin müxtəlif təzyiq vasitələrilə xüsusi xidmətlərlə işbirliyinə cəlb edilməsi praktikasından geniş istifadə edilir: "Jurnalistlərin kütləvi tədbirlər zamanı kütləvi şəkildə polis basqısına, həbslərə məruz qalması da bu ölkə üçün normadır, adi haldır. Elə son zamanlar gündəmdə olan Ferquson hadisələri zamanı onlarla jurnalistin döyülməsi, həbs edilməsi, bəzilərinə qarşı hətta odlu silahla açıq təhdidlərin olması artıq bilinən gerçəkdir. Təbii ki, söhbət bütün bunların polis tərəfindən edildiyindən gedir”.
"ABŞ-da rüşvətxorluq leqal korrupsiyadır”
"Leqal korrupsiya və lobbiçilik - ABŞ siyasi sisteminin elementlərindən biri kimi” mözvusunda çıxış edən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli bildirib ki, ABŞ prezidenti işini korrupsiya siyasətinə uyğun aparır: "2012-ci ildə Barak Obamanın prezident seçkiləri zamanı səfir vəzifəsinə getməsi üçün onun seçki kampaniyasına 550-700 min dollar dəyərində maliyyə vəsaitində yardım göstərmək lazım olub. Fransa və Monako bu sırada bahalı ölkələrdir. Buraya səfir getmək üçün şəxslər 6 milyon dollar ödəməli olublar. Lüksemburq 3 milyon dollardır. Monako və Portuqaliyaya səfirlik işçisi getmək üçün təxminən 1,5 milyon dollar pul vermək lazım olub. ABŞ siyasi kurs həyata keçirmək üçün korrupsiya elementlərinə əl atmalı olub. Lobbiçilik isə bunun üçün əlverişli institut hesab edilib”. O bildirib ki, 2014-cü ildə noyabrın 4-də Vaşinqton Universitetinin rektoru çıxışında da bunu təsdiqləyib: "Hələ 2010-cu ildə ABŞ Ali məhkəməsi deputatlığa namizəd olanlar üçün böyük pullar xərclənilib. Belə çıxır ki, onlar böyük maliyyələri hesabına deputat olublar”. Politoloq deyib ki, 907-ci maddənin düzəlişi zamanı heç Azərbaycanın harada yerləşməsindən bəzilərinin xəbərləri olmayıb: "Beləcə leqal şəkildə mövqelər dəyişir. Uzağa getməyək, ABŞ-ın prezidenti Barak Obama prezident seçildikdən sonra onun senatorluq yeri boş qaldı. Onun yerində senator olmaq üçün külli miqdarda pul lazımdır. Bundan başqa, səfir vəzifəsinə getmək üçün 550-750 min dollar lazım imiş. Yəni burada vəzifələr böyük vəsait hesabına alınır. Bu onu göstərir ki, ABŞ-ın siyasi sistemində olmaq üçün korrupsiyadan istifadə etmək lazımdır”.
"10,5 milyon qaçqının yarısı ABŞ-ın müdaxiləsi nəticəsində formalaşıb”
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında bildirib ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ dünyada ən böyük fövqəlgücə malik ölkəyə çevrilib: "Bundan sonra ölkədə başgicəllənmə baş verdi və onların həyata keçirdiyi siyasətdə hər hansı maneə görünmədi. Bununla onlar beynəlxalq hüquqa ciddi zərbə vurdular. ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) 1983-cü ildə ABŞ-ın dünyada yumşaq güc siyasətini həyata keçirmək üçün yaradılıb. Başqa sözlə, ekspertlərin dediyi kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 25 il öncə gizli şəkildə həyata keçirdiyi siyasəti NED həyata keçirir. Bu proseslərdə birbaşa iştirak etməmək üçün özəl podratçılarla müqavilə imzalayırdı”. F.Məmmədov bildirib ki, ABŞ 45 ölkəyə hərbi yolla dəstək adı ilə müdaxilə edib: "BMT qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən 10,5 milyon qaçqının yarısı ABŞ-ın müdaxiləsi nəticəsində formalaşıb. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili yanaşma sərgiləyib, Dağlıq Qarabağa yardımlar göndərib, ATƏT-in Minsk Qrupuna təcrübəsiz diplomatlar göndərib, 907-ci düzəlişi ləğv etməyib”.
"Soyuq müharibədən sonra Amerikaya etibar yoxdur”
AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı qeyd edib ki, ikili standartlar ABŞ-ın Azərbaycana qarşı etdiklərində, o cümlədən Ermənistan-Azərbaycan məsələsindəki mövqeyində aydın görünür: "Bu da onunla bağlıdır ki, ABŞ dünyaya ikili standartlarla yanaşır. Bu, Azərbaycana qarşı Amerikanın mövqeyində də özünü göstərir. SSRİ-nin süqutundan sonra ABŞ-a etimad yoxdur. ABŞ Yuqoslaviya və Liviyaya qarşı BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən oranı bombardman edir. Soruşmaq lazımdır ki, qətnamənin əleyhinə səs verən bir ölkənin oranı dağıtmasına nə cür ad verək? Terroru himayə edən Ermənistana rəğbətin səbəbi nədir?”.
"Azərbaycan kiçik məsələlərə görə böyük güclərlə münasibətləri korlamamalıdır”
Millət vəkili Qüdrət Həsənquliyev ABŞ-ın Azərbaycana qərəzli münasibətinin konkret səbəbləri olduğunu vurğulayıb. Amma deputat hesab edir ki, Azərbaycan kiçik məsələlərə görə böyük güclərlə münasibətləri korlamamalıdır: "Biz ölkəmizdəki əmin-amanlığı qoruyub saxlamalıyıq. Devid Kramer müsahibəsində deyir ki, ABŞ-ın maliyyələşdirdiyi "Azadlıq” radiosunun əməkdaşlarının dindirilməsi ABŞ tərəfindən çox səfeh hərəkətdir. Dindirmənin səbəbinə toxunmurlar, deyirlər ki, biz maliyyələşdiririksə, ona toxunmaq olmaz. Mirzə Xəzər bloqunda yazıb ki, 2002-2003-cü ildə ABŞ "Azadlıq” radiosunun əməkdaşlarına Azərbaycan bölməsinə Dağlıq Qarabağ münaqişəsindən, korrupsiyadan, Azərbaycan-İran münasibətlərindən şərhlər yazmağı qadağan edib. 2003-cü ildə prezident seçkilərindən sonra "Azadlıq” radiosu Azərbaycanda FM dalğası alıb və tədricən siyasətini dəyişməyə başlayıb. Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi İstanbula dəvət etdi, dövlət başçısı İstanbula getməyəndən sonra ABŞ-ın siyasəti dəyişdi. Çünki İstanbulda prezident İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədlərinin açılması, Dağlıq Qarabağ məsələsində Azərbaycanın milli maraqlarının ayaq altına atılması tələb olunacaqdı. Keçmiş diplomat Riçard Kozlariç də artıq son məqaləsində bunu əslində açıq yazıb. Yazır ki, Azərbaycan ABŞ-la normal əməkdaşlıq qurmaq üçün siyasi məhbusları azad etməli, Dağlıq Qarabağ məsələsi ilə Ermənistanla ciddi danışıqlar aparmalıdır. Əslində əsas fikir cümlənin ikinci hissəsində ifadə olunur. Hazırda ABŞ hərbi xərclərini artıran Azərbaycanın əhalisi ölkəni tərk edən, boşalmaqda olan işğalçı Ermənistanı işğal olunmuş torpaqlarımızdan qovmaq üçün qəti addım atmaqdan çəkinir. Azərbaycana hazırda təzyiqlərin əsasında da əslində bu durur”.
Dinləmələr müzakirələrlə yekunlaşıb.
İsmayıl