Bakı qərargah rəislərinə sadəcə ev sahibliyi etdi

Azərbaycan burda nə vasitəçidir, nə də körpü missiyasını həyata keçirir



Bakı dünyanın hərbi-siyasi və iqtisadi-mədəni arenada mərkəz və təşəbbüskar rolunda çıxış etməklə bir daha beynəlxalq aləmdəki yüksək yerini təsdiq etdi. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO hərbi komitəsinin rəhbərinin Azərbaycanın paytaxtını danışıq mərkəzi seçməsi ölkəmizin əhəmiyyətini bir daha təsdiqlədi.

Əbəs yerə deyil ki, istər Qərb, istərsə də Rusiya mətbuatı bu görüşə geniş yer verərək, rəsmi Bakının sülh təşəbbüskarı olaraq qiymətləndirdilər. Digər tərəfdən, Qərbin maraqlarını təmsil edən hərbi alyansla rəsmi Moskvanın strateji baxışlarındakı bir sıra mövqelərin üst-üstə düşməsi yönündə Bakının səylərinin müsbət nəticə verdiyini də vurğulamaq mümkündür. Hər iki hərbi-siyasi dairənin ölkə Prezidenti İlham Əliyevlə görüş keçirmələri və həmin görüşlərdə irəli sürülən yüksək fikirlər belə deməyə zəmin yaradır ki, artıq Bakı, bənzər görüşlərdə vasitəçi, yaxud təşəbbüskar rolunu oynamaqla bunu bir ənənəyə çevirib. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, ötən gün Bakıda Rusiya-NATO arasında keçirilən görüş bütün dünya mətbuatının və ciddi siyasi dairələrin diqqətində idi. Onun sözlərinə görə, Rusiya-NATO münasibətləri həmişə diqqəti çəkib və son dövrlər onlar arasında yaşanan müəyyən problemlər həllini tələb edir: 

"Bu baxımdan görüşün harada keçirilməsinin texnikidən daha çox siyasi əhəmiyyəti var. Dünyada qəbul edilən müəyyən diplomatik mərkəzlər var. Bura Paris, Cenevrə, Brüssel, bəzi hallarda digər Avropa ölkələri daxildir. Lakin son dövrlər Azərbaycanın iki böyük görüşün mərkəzinə çevrilməsi ölkəmizin dünyada qazandığı yüksək siyasi nüfuzdan xəbər verir. Azərbaycan demokratik, əməkdaşlıqda arzuolunan ölkə imici qazanıb. Bu da şübhəsiz ki, ölkənin apardığı siyasi kursla bağlıdır. Ulu öndər Heydər Əliyevin gələcəyə istiqamətlənən Azərbaycan modeli fəlsəfəsini ortaya qoyması, hazırda Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət yeritməsi, ölkəmizin bütün sahələrdə böyük nailiyyətlər əldə etməsi diqqəti cəlb edir. Bunun nəticəsidir ki, artıq ölkəmiz beynəlxalq tədbirlər məkanına çevrilib”. Deputat bildirib ki, ölkəmizdə keçirilən siyasi görüşlərlə yanaşı, idman tədbirlərinin sayı hesabı yoxdur: "Hesab edirəm ki, ötəngünkü görüş iki rəqib qüvvənin Azərbaycana eyni dərəcədə hörmətlə yanaşdıqlarını göstərir. Əlbəttə, tərəflərin heç biri digərinin müttəfiqi olan ölkədə görüş keçirmək istəməz. Çünki bununla o, digərinin ondan üstün olduğunu vurğulamış olardı. Lakin Azərbaycan həm NATO, həm Rusiya, həm də digər ölkələrlə çox yaxşı dostluq münasibətlərinə malikdir. Azərbaycan həm öz maraqlarını qoruyur, həm də digər ölkələrlə apardığı siyasətdə beynəlxalq birlikdə stabilliyə kömək edən amillərə dəstək verir. Ümumən götürdükdə isə Azərbaycan artıq nüfuzlu bir məkan kimi qəbul edilir. Bunu həmin ölkələrin rəsmiləri ilə yanaşı, ekspertləri də xüsusi vurğulayırlar. Düşünürəm ki, ötən gün Bakıda baş tutan görüş sonuncu deyil, bundan sonra da Azərbaycanda vaxtaşırı görüşlərin keçirildiyinin, tədbirlərin planlaşdırıldığının, həmçinin Azərbaycan brendli xidmətlərdən təhsildən, səhiyyədən istifadə edildiyinin dəfələrlə şahidi olacağıq”.

Millət vəkili Rasim Musabəyov da açıqlamasında deyib ki, Rusiyanın baş qərargah rəisi sanksiya altındadır. Gerasimovun Avropa və NATO ölkələrinə girişi məhduddur. Təbii ki, belə bir durumda Rusiya rəsmiləri Gürcüstanda görüş keçirmək istəmir. Eləcə də NATO nümayəndəsinin Ermənistana getmək fikri yoxdur: "Belə olan halda da tərəflər Bakının üzərində ortaq məxrəcə gəldilər və görüşün paytaxtımızda keçirilməsi üzərində razılaşdılar. Nəzərə alaq ki, Amerika Birləşmiş Ştatları ilə Rusiyanın da baş qərargah rəisləri bir müddət əvvəl Bakıda görüşmüşdülər. Burada yüksək səviyyəli görüş üçün tam təhlükəsizlik və qapalılıq üçün şərait var. Ona görə də görüşlərin Bakıda keçirilməsi zəruridir. Azərbaycan sadəcə olaraq baş qərargah rəislərinin görüşünə ev sahibliyi edir. Rəsmi Bakı burada nə vasitəçidir, nə də körpü missiyasını həyata keçirir”.

Keçmiş Milli Təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər isə deyib ki, bu, NATO və Rusiya baş qərargah rəisləri arasında Bakıda baş tutan ilk belə görüş deyil. Artıq ikinci dəfədir ki, onlar paytaxtımızda bir masa arxasında əyləşir: "Görüşlərin ölkəmizdə keçirilməsinin əsas səbəbi rəsmi Bakının neytral mövqeyi ilə bağlıdır. Çünki Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, nə də NATO-nun üzvü deyil. Bundan başqa həmin təşkilatların heç birinə üzv olmaq niyyətini bəyan etməyib”.

İsmayıl