Bakı tıxaca “düşüb”

Ərşad Hüseynov: “Əsas yolla yanaşı, yardımçı yollar da işlək vəziyyətdə olmalıdır ki, sürücülər ondan istifadə edə bilsin”



Bir neçə gündür paytaxtın bəzi küçə və prospektlərində tıxac yaşanır. Əsasən Bakı-Sumqayıt yolunun Xırdalan, Masazır istiqamətində, "Qara Qarayev” prospektində, "Xalqlar dostluğu” metrostansiyası, ticarət mərkəzinin qarşısından keçən hissədə...

Məlumdur ki, Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısında yerüstü piyada keçid inşa edilir. Bu da həmin ərazidə tıxacların yaranmasına səbəb olub. Həmin ərazidə tıxaca düşüb saatlarla yolda qalanlar var. Eləcə də "Xalqlar dostluğu” metrostansiyasının qarşısında. İş o yerə çatıb ki, məsələn, 64 saylı sərnişin avtobusu tıxaca düşməmək üçün metronun qarşısındakı dayanacağa daxil olmur, "Babək” prospektindəki körpünün üzəri ilə fırlanıb körpünün altında saxlayır. Sürücülər açıq söyləyir: "Metronun qarşısına getmirəm, ora getsəm, çıxa bilməyəcəm”.

Maraqlıdır ki, həmin ərazidə yol infrastrukturu yenidən qurulub, dəmir arakəsmələr betonla əvəzlənib. Lakin buna baxmayaraq tıxac problemi həll edilmir. Sürücülər, əksinə, narazıdırlar və dönmə imkanlarının məhdud olduğunu bildirirlər.

Nəqliyyatın sıxlığı "Xalqlar dostluğu” metrostansiyasının ətrafında da müşahidə olunur. Bu ətrafda ticarət mərkəzlərinin çox olması nəqliyyatın intensivliyini azaldır. Nəticədə sürücülər dəqiqələrlə gözləməyə məcbur olurlar. Tıxac günün istənilən saatında müşahidə olunur və "Xalqlar dostluğu” metrostansiyasından "8-ci kilometr” bazarına qədər davam edir.

Taksilər, yük maşınları, sərnişin avtobusları biri-birinə qarışıb. Yolun hərəkət hissəsi demək olar, yarıyadək dolur. Nəticədə də tıxac yaranır. Sürücülər arasında dava düşür.

Yaranmış problem barədə "Şərq”ə danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bir neçə səbəb üzərində dayandı:

- Xırdalan-Masazır yolunda yerüstü piyada keçidin tikilməsi ilə bağlı əhaliyə, sürücülərə xəbərdarlıq edilmişdi. Bildirilmişdi ki, şənbə və bazar günləri bu istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə də alternativ yollardan istifadə etmək tövsiyə olunurdu. Amma sürücülər bu xəbərdarlığı nəzərə almadılar. Eşitmədilər. Ona görə də həmin yolda tıxac yarandı. Ancaq bu, yalnız şənbə və bazar günü müşahidə edilib. Sonrakı günlər vəziyyət normallaşmışdı artıq. Məsələ burasındadır ki, bir yolu təmir etmək, yaxud haradasa yerüstü, yeraltı keçid tikməklə problem həll oluna bilməz. Bakı-Sumqayıt yolunda təmir işləri aparılır, yol genişləndirilir və s. Amma 70 min əhalisi olan Xırdalan şəhərinin yolları bərbad vəziyyətdədir. Masazır da həmçinin. Sürücülər alternativ yollardan istifadə edə bilmir. Hamı əsas yola üstünlük verir, nəticədə də basabas, tıxac yaranır. Əsas yolla yanaşı, yardımçı yollar da işlək vəziyyətdə olmalıdır ki, sürücülər ondan istifadə edə bilsin.

"Xalqlar dostluğu” metrostansiyasının qarşısında da eyni vəziyyətdir. Orada o qədər ticarət mərkəzi, alış-veriş məntəqəsi, bazar, satış nöqtələri və s. var ki, istər-istəməz sıxlıq yaranır. Elə hər mağaza səhər saatlarında mal qəbul etsə, oradakı vəziyyəti təsəvvür etmək çətin deyil. Digər səbəblərdən biri isə sürücülərin yol-hərəkəti qaydalarını, təmirlə bağlı yaranmış hərəkət məhdudiyyəti nəzərə almamasıdır. Bilmirəm, ya naşılıqdan belə edirlər, ya mədəniyyətsizlikdən. Yardımçı, yanaşı yolla hərəkət etmək imkanı olduğu halda, hamı əsas yolla hərəkət etməyə çalışır. Bəziləri fürsətdən istifadə edib yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Gərək hər sürücünün başı üstündə əli dəyənəkli bir polis dayansın?! Burada yol hərəkətinin təşkilindəki qeyri-peşəkarlığı da söyləməliyik. Bəzən təmir işləri aparılan yollarda hərəkət düzgün tənzimlənmir. Etiraf etməliyik ki, yol hərəkətinin təşkili ideal deyil, qüsurlar var. Sürücülər bəzən hansı istiqamətdə hərəkət etməli olduqlarını bilmirlər. Məlumat lövhələri, elanlar vurulmur, istiqamətlər göstərilmir. Ona görə də belə qarışıqlıq və tıxaclar yaranır.

Məlahət Rzayeva