"Amma bunun bizim şəhərin mövcud infrastrukturuna uyğunluğu sual altındadır"
Bakı yollarını səhmana salmaq vacibdir
Taksi və avtobus dayanacaqları ilə bağlı yeni tələblər xaotik vəziyyəti düzəldə bilər
"Amma bunun bizim şəhərin mövcud infrastrukturuna uyğunluğu sual altındadır"
"Amma bunun bizim şəhərin mövcud infrastrukturuna uyğunluğu sual altındadır"
Taksilərin avtobus dayanacaqlarını, avtobusların da hərəkət zolağını zəbt etdiyi günümüzün reallığıdır. Əslində, bu probelmlər biri-birinə məntiqi bağlıdır. Yaşayış binalarının birinci-ikinci mərtəbələri və zirzəmilər market, iaşə obyektləri tərəfindən zəbt olunduğundan, şəxsi avtomobillər də müvafiq şəkildə səkilərin önünü və hərəkət zolaqlarını zəbt edir, belədə avtobuslar dayanacağa daxil ola bilmir, bir tərəfdən də hər gün artan taksi xidmətləri dayanacaqların önünü və hətta yolu da kəsir.
Sadə bir misal. Babək prospektindən Günəşli qəsəbəsi istiqamətinə gedən yolda 8855 taksi xidməti açılıb. Günün müxtəlif saatlarında taksilər yolda cərgə il düzülür. Bu da avtobus və avtomobillərin hərəkətinə mane olur. «Ças-pik» saatlarında isə bu yolda məhz taksilər ucbatından tıxac yaranır. Avtobuslar da şəxsi avtomobillər və taksilərə görə dayanacağa daxil ola bilmir. Yeni məlumatsa bundan ibarətdir ki, Bakıda avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblər müəyyən edilib.
Tələblərə əsasən, avtobuslar üçün müəyyən edilən cibsiz dayanacaq məntəqəsi minimum 16 metr giriş, 24 metr dayanma və 9 metr çıxış sahəsindən, ümumilikdə 49 metrdən ibarətdir. Cibli dayanacaq məntəqəsi sürət həddinin və nəqliyyat axınının yüksək, yolun ensiz olduğu yerlərdə təşkil edilir. Cibli dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma və 25 metr çıxış sahəsindən, ümumilikdə 69 metrdən ibarətdir.
Avtobus dayanacaq məntəqəsi eyni vaxtda iki və daha artıq avtobus üçün hesablandığı zaman qeyd edilən ölçülərdən əlavə avtobuslar arasında ən azı 9 metr məsafə nəzərə alınmalıdır. Avtobus dayanacaq məntəqələri şəhər daxilində 400-600 metr, şəhərətrafı ərazilərdə isə 800-1000 metr intervalla yerləşdirilməlidir. Dayanacaq məntəqəsi piyada keçidindən sonra yerləşdirilməlidir. Avtobusların yanalma sahəsi ilə piyada keçidinin arasında minimum 5 metr məsafə olmalıdır.
Dayanacaq pavilyonu avtobusun çıxış sahəsinə yaxın quraşdırılmalı və qurularkən piyadaların hərəkəti üçün minimum 1,2 metr səki sahəsi saxlanılmalıdır. Dayanacaq məntəqəsində səkinin eni 2 metrdən az olarsa və gün ərzində 20 sərnişindən az minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun qurulmamasına yol verilir.
Dayanacaq pavilyonu olmayan dayanacaq məntəqələrində marşrutların dayanacaq məntəqəsindən keçmə qrafiki, intervalları və xəritə lövhənin aşağı hissəsində quraşdırılmış əlavə məlumat tablosunda əks olunmalıdır. Ödəmə terminalı dayanacaq məntəqəsi pavilyonunun yaxınlığında təhlükəsiz yerdə yerləşdirilməlidir.
Bakı şəhərinin inzibati ərazisində yerləşən taksi duracaq yerləri yol hərəkəti qaydaları, nəqliyyatın fasiləsiz, təhlükəsiz və rahat hərəkəti nəzərə alınmaqla, taksi xidmətlərinə ehtiyacın daha çox olduğu küçə və prospektlərdə yaradılmalıdır.
Taksi duracaq yerləri ən azı üç taksi minik avtomobilinin yerləşə biləcəyi ölçülərə malik olmalıdır.
Taksi minik avtomobillərinin səkiyə bucaq altında durmasını nəzərdə tutan taksi duracaq yerləri yalnız küçə və prospektlərin hərəkət hissəsinin kənarında xüsusi genişləndirilmiş sahələrdə, dayanmış taksi minik avtomobilinin əsas hərəkət zolaqlarında nəqliyyatın hərəkətinə hər hansı maneə yaratmadığı hallarda təşkil edilə bilər. Hər bir taksi duracaq yeri Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli yeni tələblərin icraya yönəldilməsinin vacib olduğunu bildirdi:
- Dayanacaq problemi aktual mövzudur. Paytaxtda avtobus dayanacaqlarının digər avtomobillər tərəfindən zəbt edilməsinin çox şahidi oluruq. Bunun bir səbəbi də taksilərdir. Amma taksilər üçün də xüsusi dayanacaqlar olmalıdır ki, nəqliyyat vasitələri biri-birinə mane olmasın. Paytaxt küçələrinin xüsusilə mərkəzi hissədə darısqal olduğunu nəzərə alsaq, həm avtobuslar üçün, həm də taksi xidməti üçün xüsusi dayanacaq yerlərinin ayrılması çətindir. Avtomobillər səkilərin hər iki tərəfində park edilir, hərəkət zolaqlarını da tuturlar. Yol infrastrukturu, bəzi hallarda tikintilərin qaydasız aparılması da avtobuslarla taksiləri «üz-üzə» qoyur. Yeni tələblər yaxşıdır, nümunəvidir. Amma bunun bizim şəhərin mövcud infrastrukturuna uyğunluğu sual altındadır. İstənilən qayda tətbiq edilərkən ilk növbədə şəhərin mənzərəsi, mövcud infrastruktur nəzərə alınmalıdır.
Məlahət Rzayeva