Bakıda ABŞ-dakı insan haqlarının vəziyyəti ilə bağlı dinləmə keçirildi

Çıxışçılar Ağ Evin siyasətini sərt tənqid etdilər


"ABŞ dünyada qalan yeganə imperialist dövlətdir. Bu dövlət öz siyasətini bütün dünyada yürütməyə çalışır”. Bu sözləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

"ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda keçirilən dinləmələrin müzakirələrində iştirak edən A.Nağı Amerikanın Uqo Çavesin, Səddam Hüseynin başına gətirdiyi oyunları xatırladıb: "Dövlətləri özlərinin istədikləri kimi idarə etmək üçün hər vasitəyə al atırlar. Demək ki, dünyada terrorçu dövlət kimi qorxulacaq tək ölkə Amerikadır”.

QAT sədri Dağlıq Qarabağ münaqişəsinin uzanmasında da ABŞ-ı günahlandırıb. "Dağlıq Qarabağ müharibəsindən hələ dünyada heç kimin xəbəri olmayan bir vaxtda, 1989-cu ildə ABŞ senatında bu məsələ ilə bağlı iclas keçirildi. Həmin iclasda ilk dəfə olaraq Dağlıq Qarabağ xalqı ifadəsi işlədildi və Qarabağ ermənilərinə kömək istənildi. Bu məsələdə ədalətsizlik elə o vaxtdan başladı. Sonra isə ABŞ nümayəndəsi Azərbaycana, Ermənistana və Qarabağa səfər etdi və münaqişənin həlli ilə məşğul olmağı ATƏT-ə tapşırdılar. Bu, Azərbaycanın öz ordusunu yığıb torpaqlarını işğaldan azad etməyə hazırlaşdığı bir vaxta təsadüf edirdi. Və o gündən indiyədək Dağlıq Qarabağın həlli uzanır”.

"Dünyada haqq- ədalət yoxdur”

Dinləmələrdə çıxış edən millət vəkili Asim Mollazadə deyib ki, belə tədbirləri dünya ölkələrində, həmçinin, ABŞ-da və Avropada keçirmək lazımdır: "Dünyada haqq-ədalət yoxdur. Nə üçün Fransa senatında ermənilər tərəfindən döyülmüş azərbaycanlımızı müdafiə edə bilmirik? Dünyanın nüfuzu hansısa dövlətə müdaxilə etməkdən ibarətdirmi? Hazırda qondarma erməni soyqırımının ildönümünü qeyd etmək üçün milyardlarla maliyyə qoyulub. Söhbət ondan gedir ki, ABŞ-ın siyasətində dəyişiklik olub. 907-ci düzəlişi icra edənlər bilavasitə anlayırlar ki, Ukrayna, Gürcüstan hadisələrindən sonra bütün dünya tələb edə bilər ki, Ermənistana niyə təzyiqlər yoxdur? Ona görə də belə bir yalanlar yayırlar ki, guya, Azərbaycanda insan hüquqları təmin olunmur. Bu fonda dünyada Azərbaycana qarşı çirkin kampaniya başlanıb”.

"ABŞ Dağlıq Qarabağdakı qondarma rejimə maddi yardım edir”

"Dinləmələrdə çıxış edən millət vəkili Aydın Mirzəzadə ABŞ-ın Azərbaycana qarşı ikili standartlar yürütdüyünü diqqətə çatdıraraq Birləşmiş Ştatların Dağlıq Qarabağdakı qondarma rejimə vəsait ayırdığını vurğulayıb. Qeyd edib ki, ABŞ bunu müxtəlif səbəblərlə izah edir: "O halda niyə Abxaziya və Cənubi Osetiyaya belə vəsait ayırmır? Nə üçün Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri Ermənistan pasportu ilə ABŞ-a səfər edə bilir? Azərbaycan və Ermənistanı öz aralarında məsələni həll etməyə çağırırlar. O halda niyə 1990-cı ildə İraq Küveyti işğal edən zaman belə çağırış etmədilər, hərbi müdaxiləyə qərar verdilər? Niyə İraq və Suriyada İraq Şam İslam Dövləti qruplaşmasına çağırışlar etmirlər, hərbi zərbələr endirirlər? Azərbaycanı itirməklə ABŞ nə qazanacaq? Bunu düşünməlidirlər”. Tədbirdə çıxış edən digər iştirakçılar da ABŞ-ın Azərbaycana qarşı yürütdüyü siyasəti tənqid edib və ABŞ-ı strateji əməkdaşlıq öhdəliklərinə əməl etməyə çağırıb.

İsmayıl