Bakıda qorxulu qrip “gəzir”

“Xəstəliyə qalib gəlmək üçün də gərək orqanizmin gücü bərpa edilsin”



Əhali arasında xəstələnənlər çoxdur. Ətrafdakılara nəzər yetirəndə görünür ki, 3 adamdan biri soyuqdəymədən əziyyət çəkir. Kimi tez-tez asqırır, burnunu çəkir, kimisi də quru öskürəkdən "əldən düşdüyünü” deyir. Adətən belə hallarda bir fikir formalaşır ki, qrip yayılıb. Əhali isə təxəyyülünü bir qədər də "genişləndirərək” bunun indiyədək görünməmiş bir infeksiya, ağır qrip, hansısa əcnəbi virus olduğuna özünü inandırmağa çalışır. Beləcə, ölkədə guya, hansısa ağır qrip virusunun yayılması şübhələri dolaşır. Lakin Səhiyyə Nazirliyi artıq əhalini məlumatlandırıb ki, aparılan müayinələr nəticəsində ölkə ərazisində hər hansı qrip virusu aşkarlanmayıb. Sadəcə, qripə bənzər, ağır gedişli, kəskin respirator virus infeksiyalarıdır. Respirator infeksiyalar isə, məlumdur ki, əsasən yuxarı tənəffüs yollarının xəstəliyinə səbəb olur. Dünənsə Səhiyyə Nazirliyindən daha bir açıqlama verilib. Nazirliyin baş epidemioloqu İbadulla Ağayev APA-ya bildirib ki, ölkədə qriplə bağlı vəziyyət stabildir. Nazirlik tərəfindən ölkədə yoluxucu xəstəliklərə qarşı bütün zamanlar üçün qabaqlayıcı tədbirlər görülür. Onun sözlərinə görə, əgər hər hansı bir xəstəliyin kütləvi yayılması baş verərsə, onun qarşısını almaq mümkündür. Baş epidemioloq qeyd edib ki, bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur: "Yayda da, qışda da qripə yoluxmaq olar. Sağlamlığının qeydinə qalmayan insanlar ilin bütün fəsillərində xəstələnə bilirlər. Ümumilikdə, bu gün qriplə bağlı heç bir narahatçılıq yoxdur”.

İ.Ağayev son zamanlar yayılan qripin daha uzun müddət davam etməsi barədə deyilənlərə də münasibət bildirib. O qeyd edib ki, qripin kimdəsə çox və ya az davam etməsi hər bir insanın özündən asılıdır. Baş epidemioloqun sözlərinə görə, insanlar xəstə olduqları müddətdə işə gedirsə, küçəyə çıxırsa, soyuq mühitdə olursa, qrip uzun müddət davam edir: "Özlərini qorumayan şəxslər hər zaman soyuqdəyməyə meyilli olurlar. Amma biz kimin xəstələnib-xəstələnməyəcəyi barədə proqnoz verə bilmərik. Hər evə həkim, tibb işçisi xüsusi nəzarət edə bilməz. Hər bir şəxs sağlamlığının qeydinə qalmalıdır. Virus insandan asılı olmayaraq orqanizmə yoluxur. Yoluxmanın arealına xüsusi nəzarət oluna bilməz. Bütün poliklinikalarda, tibb müəssisələrində xəstələri qəbul etmək üçün şərait var və lazımi zamanda qripli şəxsə yardım etmək mümkündür. Amma həkimə gəlməzdən öncə hər bir şəxs öz sağlamlığının qeydinə qalmalıdır”.

Xəstəsinizsə, evdən çıxmayın...

Baş epidemioloqun da dediyi kimi, həqiqətən də xəstələnənlər gec sağalır. İnsanlar xəstəliyin üşütmə ilə başladığını, sonra ümumi əzginlik, baş, boğaz ağrısı, udqunmada çətinlik, gözlərin qızarması, sulanması, burun axması və nəhayət, qızdırma ilə davam etdiyini deyir, günlərlə qızdırmanın "oynadığından” şikayət edirlər. Dava-dərman həm bahadır, həm də, heç kömək də etmir. Bəs nə etməli?

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı vətəndaşlara bəzi məsləhətlər verdi:

- Əhali arasında ən çox yayılan yuxarı tənəffüs yollarının xəstəliyidir ki, bu da əsasən qış mövsümü ilə, havaların qeyri-sabit keçməsi ilə bağlıdır. Havaların dəyişməsi, temperaturun enməsi insanların

səhhətində bir sıra mənfi halların yaranmasına səbəb olur. Biz həkimlər mövsüm dəyişikliklərində, payız-qış aylarında əhalini ehtiyatlı olmağa, səhhətlərinə biganə qalmamağa çağırırıq. Havaların soyuması ilə əlaqədar qrip mənşəli virusların yayılma ehtimalı da artır. Xüsusilə də adenovirus, qrip və paraqrip kimi infeksion xəstəliklər. Odur ki, əhali diqqətli olmalıdır.

İlkin olaraq, qabaqlayıcı tədbirlərdən başlamaq lazımdır. Yəni kütləvi yerlərdə xəstə insanlarla təmasların azalması, onların ev şəraitində yataq rejiminə keçirilməsi və s. kimi tədbirlər görülməlidir. Viruslardan qorunmaq üçün yaxşı olar ki, vətəndaşlar ictimai nəqliyyatda, müxtəlif ticarət mərkəzlərində, məktəblərdə, müəssisələrdə xəstə adamlarla təmasları azaltsın, xəstə adamlara sağalana qədər işdən məzuniyyət vermək, onları evə göndərmək və ev şəraitində müalicə olunmalarını təmin etmək lazımdır. Həkimlər məsləhət verirsə ki, işə getməyin, ev şəraitində müalicə olunun, bu o demək deyil ki, xəstə insan təmiz havaya çıxmamalıdır. Xəstənin yatdığı otağın havası tez-tez dəyişdirilməlidir. Xəstələnmiş adam bağçaya, parka hava almağa da çıxa bilər. Özünü təkrar soyuğa verməmək şərtilə. Sadəcə, başqasını yoluxdurmamaq üçün əhalinin toplaşdığı yerlərə gedilməməlidir. Virusla mübarizə aparmaq onsuz da mümkün deyil. İstənilən tədbir virusun törədə biləcəyi fəsadların qarşısını almağa yönəlir. Bunun üçün də bir sıra vacib şərtlər var ki, onlardan ən əsası karantin elan olunması, əhalinin kütləvi toplaşdığı yerlərdə, məktəblərdə, uşaq bağçalarında, ali təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasıdır.

Balqabaq - soyuqdəymənin dərmanı

Ş.Namazlı qeyd etdi ki, insanların tez-tez xəstələnməsi immunsistemin zəifliyi ilə əlaqəlidir. Zəif orqanizm viruslara daha tez yoluxur:

- İnsan xəstələnibsə, deməli, orqanizmi zəifləyib. Xəstəliyə qalib gəlmək üçün də gərək orqanizmin gücü bərpa edilsin. Bunun üçün də orqanizmin müdafiə qabiliyyətini gücləndirən, vitaminlərlə zəngin qidalar qəbul edilməlidir, insan istirahətə çox vaxt ayırmalıdır ki, orqanizm itirilmiş enerjisini bərpa etsin. Xəstəliyə yoluxduqda daha çox maye qəbul edilməlidir. Çünki maye virusların bədəndən daha tez xaric olmasına, orqanların fəal işləməsinə kömək edir. Maye qəbulu boğaz ağrısını, öskürəyi aradan qaldırmağa da kömək edir. Çalışmaq lazımdır ki, təbii bitki çayları olsun. Müxtəlif ədviyyatlarla çay hazırlanıb içilsin. Meyvə-tərəvəzə üstünlük verilsin. Xüsusən, qış aylarında ən faydalı bostan bitkisi balqabaqdır. Çox adam bu tərəvəzi xoşlamır, amma nahaq yerə. Balqabaq əsl vitamin qaynağıdır; C, E, PP, K, V qrupu vitaminləri ilə, minerallar və mikroelementlərlə - dəmir, mis, sink, kalium, kalsium, flor... zəngindir. Bədəndən zəhərli maddələri - toksinləri xaric edir. Böyrəklərin funksiyasını artırır, ürək-damar sistemini gücləndirir. Damarları təmizləyir. Şirəsini də içmək olar, yüngülcə bişirib yemək də çox faydalıdır. Bu dəqiqə satışda balqabaq boldur. Qiyməti də münasibdir. Bahalı dərmanlar alıb içməkdənsə, təbii vitaminlərə üstünlük verilməlidir.

Əllərinizi təmiz saxlayın

Ş.Namazlı bildirdi ki, anti-gigiyenik şərait də xəstəliklərin mənbəyi sayılır:

- Ona görə də hər bir kəs şəxsi gigiyenasına diqqət etməlidir. Qida qəbulundan öncə, əllər mütləq sabunla yuyulmalıdır. Əldə ola biləcək mikrobların ağız boşluğuna düşməsinin qarşısı maksimum alınmalıdır. Sanitar-gigiyenik qaydalara riayət etmək, kütləvi yerlərdə, nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə qoruyucu tibbi maskalar taxmaq məsləhətdir. Hava-damcı yoluyla keçən infeksiyalar üçün əhalinin kütləvi toplaşdığı yerlər "ideal” şəraitdir. Uşaqlara xüsusi diqqət olmalıdır və onlar dərhal yataq rejiminə keçirilməlidir. Virus infeksiyasına yoluxmuş insan adi soyuqdəymə keçirmiş adamdan gec sağalır. Əgər başağrısı, boğaz ağrısı, öskürək və yüksək temperatur bir neçə gün davam edirsə, artıq bunun adi soyuqdəymə olmadığı üzərində düşünülməlidir və buna görə

tədbir alınmalıdır. Belə halda artıq önləyici tədbirlər deyil, xəstəliyin ağırlaşmaması üçün lazımi tədbirlər görülməlidir və mütləq həkimə müraciət edilməli, müayinələrdən keçilməlidir.

Məlahət Rzayeva