Bakını dəhşətə salan qatilin kimliyi bilindi

Həsən Həsənovu qətlə yetirən Bakı şəhər sakini Elçin Çobanovdur





Ötən gün Bakıda qətl törədən şəxs saxlanılıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ötən gün "Sahil bağı"nda 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovu qətlə yetirən və 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğluna bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov tutulub.
Bakının Səbail rayonu ərazisində, Sahil bağında törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Naməlum şəxs tərəfindən bıçaqlanan, 26 yaşlı dostu qətlə yetirilən Orxan Məmmədzadə Lent.az-a eksklüziv açıqlamada hadisənin necə baş verdiyini danışıb. 22 yaşlı O.Məmmədzadə deyib ki, axşam saatlarında Sahil bağında dostu ilə gəzintiyə çıxıbmış: "Dostum Həsənlə gəzintiyə çıxmışdıq, o, itini də götürmüşdü. Qarşımızda gedən 4 nəfər qız itdən qorxduqları üçün çəkildilər. Mən isə dedim ki, qorxmayım, dişləyən itlərdən deyil. Bu zaman kənardan 26-27 yaşlı bir nəfər yaxınlaşdı, dedi ki, "it dişləyə də bilməz”. Biz dedik ki, komanda versək dişləyər. O isə kobud danışırdı. Həmin oğlana dedim ki, "qardaş qarnının ağrısı nədir? nə istəyirsən?" O dava salmağa başladı, bıçaq çıxardıb mənə 2, Həsənə isə 1 zərbə endirdi. Həsənin düz döş qəfəsindən, ürəyindən vurmuşdu. Ona görə də öldü”.
O.Məmmədzadə əlavə edib ki, dostu Həsən Həsənov bir neçə gün əvvələdək Bakı şəhər İcra Haimiyyətində işləyirmiş: "O, Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsində nəzarətçi işləyirdi, bir neçə gün əvvəl işdən çıxmışdı”.
Bıçaqlanan şəxs əlavə edib ki, onlara hücum edən şəxsi əvvəldən tanımayıb və o, böyük ehtimalla itdən qorxan qızların arxasıyca düşübmüş.