
Bakının qurtuluşu anıldı
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə türkiyəli araşdırmaçı Atilla Oralın “Nuri Killigil” kitabının da təqdimatı oldu

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilib. Tədbirdə türkiyəli araşdırmaçı Atilla Oralın qələmə aldığı "Nuri Killigil” kitabı ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində kitabın müəllifi Atilla Oral, millət vəkili Qənirə Paşayeva, tarix elmləri doktoru, professor Anar İsgəndərov, "Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov, Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı və başqa şəxslər iştirak ediblər.
Tədbirin aparıcısı, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 15 sentyabrın Azərbaycan dövlətçiliyi üçün çox önəmli bir gün olduğunu deyib. Baş redaktor Bakının işğaldan azad olunduğu günü bayram adlandırıb: "1918-ci il sentyabrın 15-i ingilis-bolşevik və erməni hərbi birləşmələri tərəfindən zəbt olunmuş Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən azad edildi. Böyük mütəfəkkir, milli azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə çox gözəl ifadə edirdi ki, "28 mayıs Azərbaycan tarixi üçün nə qədər önəmlidirsə, 15 sentyabr günü də o qədər dəyərlidir”. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini bəyan etdi və istiqlaliyyət bəyannaməsində dövlətin sərhədlərini qeyd etdi. Sentyabrın 15-də cənub əraziləri çıxmaq şərti ilə 113 min kvadrat kilometr ərazi Azərbaycan sərhədlərinə daxil edildi. Bu, Qafqaz İslam Ordusunun fədakarlığının, 6 aylıq azadlıq savaşının nəticəsi idi. İndiyə qədər Qafqaz İslam Ordusu haqqında çox yazılıb, çox deyilib. Ancaq eyni soy-kökə, etnik tərkibə malik olmasına baxmayaraq, ayrı-ayrı siyasi quruluşlarda, rejimlərdə fəaliyyət göstərən iki dövlətin xalqlarının vahid ordu yaratması dünya tarixində bənzərinə az rast gəlinən olaydır. Qafqaz İslam Ordusu hərəkatı Türkiyə və Azərbaycanın ortaq hərb tarixidir”. A.Aşırlının sözlərinə görə, bu hərəkatın mahiyyəti, aparılan azadlıq savaşı və onun məntiqi nəticələri günümüz üçün çox aktualdır: "Bu savaşda 1136 türk mehmetciyi və zabiti şəhid olub. 2 min azərbaycanlı öz Vətənlərinin bütövlüyü uğrunda həyatlarını qurban veriblər. Bu tarixlə bağlı Azərbaycan, rus, türk və Qərb ölkələrinin tarixçiləri müxtəlif monoqrafiyalar, elmi məqalələr, dissertasiyalar yazıblar. Türkiyə tarixçiləri də zaman-zaman bununla bağlı kitablar nəşr edirlər. O cümlədən araşdırmaçı-yazar Atilla Oralın çap etdirdiyi 600 səhifəlik "Nuri Killigil” adlı kitabı çox maraqlıdır. Bu kitabda əlimizdə olmayan faktlar, sənədlər və fotolar yer alıb. Nuru Paşa ilə bağlı 80-dən artıq fotoşəkil çap olunub”. Baş redaktor deyib ki, bəzən televiziya kanallarında, saytlarda çox böyük yanlışlıqlara yol verilir: "Nuru Paşa haqqında danışılır, amma Ənvər Paşanın şəkli verilir. Bu da cəmiyyətdə çaşqınlıq yaradır. Hesab edirəm ki, Atilla Oralın "Nuri Killigil” kitabı bu sahədə araşdırma aparan tarixçilərimiz üçün dəyərli mənbə rolunu oynayacaq”.
A.Aşırlı bildirib ki, 15 sentyabr günü təkcə Bakının işğaldan azad edilməsi və paytaxtın Gəncədən köçürülməsi günü deyil, eyni zamanda Azərbaycan milli mətbuatının bərpası günüdür: "Mart ayının 31-dən aprel ayının 2-nə qədər Bakıda çap olunan bütün milli qəzetlərin hamısı, "Açıq söz”, "Bəsirət”, "İqbal” qəzetlərinin redaksiyası ermənilər tərəfindən dağıdıldı. 6 ay müddətində Azərbaycanda ana dilində yalnız iki qəzet - "Hümmət” və "Bakı Şurası” nəşr olundu. Sentyabrın 15-də isə Gəncədə dörd səhifə həcmində "Azərbaycan” qəzeti çap olundu və Bakının qurtuluş xəbərini məhz o qəzet verdi”.
Kitabın müəllifi Atilla Oral dəvətə və xoş münasibətə görə, iştirakçılara və tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirib: "Millət vəkili Qənirə Paşayevaya təşəkkür edirəm. Bizi burada qonaq edənlərə, dəyərli qardaşlarımıza da çox sağol deyirəm. Ölkənizdə olmaqdan çox məmnunam. Mən heç bir rəsmi quruma bağlı olmayan müstəqil araşdırmaçıyam. Bütün araşdırmalarımı öz vicdanıma hesab verərək aparmışam və sadəcə milli olmağa çalışmışam. Qeyri-milli olmağın təhlükəli nəticələrini 15 iyul hərbi çevrilişində yaxından gördük. O hadisəni bir daha yaşamamaq üçün kimliyimizi, türklüyümüzü unutmamalıyıq. Belə hadisələri dərs kitablarına salmalıyıq. Təəssüflər olsun ki, bizim tarix kitablarımızda son 80 ilin tarixi yazılmayıb. Cümhuriyyət tariximizin ən qapalı səhifələrindən biri Nuri Killigildir. Mən onu araşdırdım və ortaya xeyli foto çıxartdım. Həmin şəkilləri öz pulumla almağa çalışıram. Demək olar ki, əksər muzeylərə borcum var”. Atilla Oral deyib ki, 2 min kilometr uzaqlıqdan gələrək burada eyni hissləri paylaşan insanları görməkdən böyük zövq alıb: "Çox güman ki, Nuru Paşa da zamanında mənim kimi qürur duyub. Bir məsələni qeyd edim ki, arxivlərdə Azərbaycanla bağlı fotoların hamısını ermənilər satın alır. Şəkillər müxtəlif dövrlərin görüntülərini özündə əks etdirən mühüm sənəddir. Bu baxımdan tarixi fotolar çox önəmlidir. Əgər siz muzey açsanız, mən özümdə olan bütün şəkilləri heç bir maddi qarşılıq gözləmədən sizə təhvil verəcəm. Amma əvvəlcə sizə kitab gətirmişəm. Ümid edirəm, bəyənəcəksiniz”.
Xalq şairi Sabir Rüstəmxanlı Qurban bayramı və 15 sentyabr bayramı günü münasibəti ilə iştirakçıları təbrik edib: "Təəssüflər olsun ki, Atilla bəylə indiyə kimi tanışlığımız olmayıb. Amma bundan sonra tanışlığımız davam edəcək. Nuru Paşa ilə bağlı çox araşdırmalar aparılıb. Lakin yetərli deyil. Nuru Paşa əfsanəvi şəxsiyyət olub. Azərbaycanda hər kəs onu Cümhuriyyətin xilaskarı kimi tanıyır, sevir. 15 sentyabr günü millət türk şəhidliyini ziyarət edir. Ürəyində türklük sevdası olan adamlar bu günə biganə qala bilmirlər. Ona görə də Nuru Paşa ilə bağlı olan hər şey Azərbaycanda böyük sevgi ilə qarşılanır. Atilla bəyin bura gəlişini təşkil edən, kitabın təqdimatını keçirən Qənirə xanıma və İlham İsmayıla öz təşəkkürümü bildirirəm. "Nuri Killigil” kitabı Türkiyə-Azərbaycan tarixi üçün yeni bir səhifədir. Xeyli qaranlıq sirlər bu kitabda aydınlığa qovuşub. Nuru Paşanın həyatının sonrakı dönəmləri, silah zavodu açaraq azadlıq mübarizəsi aparan xalqlara silah verməsi kimi məsələlər ciddi araşdırılmalıdır. Təəssüflər olsun ki, əksəriyyətimiz bunları bilmirik”.
Tarixçi-alim, professor Anar İsgəndərov isə diqqətə çatdırıb ki, Türkiyə dövlətinin 75 illiyində Qafqaz İslam Ordusu ilə bağlı 5 dəqiqəlik çıxış edib və bütün salon onu ayaqda alqışlayıb: "Əlbəttə, onlar mənə görə yox, öz tarixləri üçün yeni hadisə eşitdiklərinə görə, ayağa qalxdılar. Bildilər ki, Nuru Paşa kimi bir mərd insan olub və o, Azərbaycanı xilas edib. Atilla bəyə, onu bura gətirənlərə minnətdarlığımı bildirirəm. Bəli, Nuru Paşa bizim üçün vuruşub. Onunla bağlı bir neçə faktı qeyd etmək istərdim. Osmanlı dövləti kayzer Almaniyasına deyirdi ki, "əfəndim, bir müsəlman digər müsəlmana köməyə gedir, burada bizim dəxlimiz yoxdur”. Birinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra 5-ci ordu Türkiyəyə qayıtmalı idi. Ancaq Ordunun komandanı əsgərlərə deyir ki, "sizin haqqınız öz köyünüzə geri qayıtmaqdır, lakin Xəzərin sahilində bizə oxşayan, bizim kimi danışan, bizim kimi Məhəmməd deyən xalq var. Erməni gavurları onları qırır. Əgər kimsə onlara kömək etmək istəyirsə, sağa, köyünə qayıtmaq istəyənlər isə sol tərəfə dönsün. İnanın, bir əsgər belə sola dönmür. Onlar Azərbaycana gəldilər və ac-susuz, çətin vəziyyətdə ermənilərlə, bolşeviklərlə savaşdılar. Təkcə Salyan istiqamətində 30 osmanlı əsgəri susuzluqdan şəhid oldu. Amma bütün çətinliklərə baxmayaraq, Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını işğaldan azad etdi”.
Millət vəkili Qənirə Paşayeva isə Azərbaycanın azadlığı uğrunda fədakarlıq etmiş qəhrəman əsgərlərin ruhu qarşısında baş əyərək sözə başlayıb: "Bir gün Akif Aşırlı mənə zəng etdi və soruşdu ki, "Qənirə, Nuru Paşanın qəbrini görmək istəyirsən?” Mən də dedim ki, əlbəttə istəyirəm. Halbuki özüm çox maraqlanmışdım, axtarmışdım, amma onun məzarının yerini tapa bilməmişdim. Akif müəllim dedi ki, "mən Nuru Paşanın qəbrini tapmışam, gedək ziyarət edək”. Yadımdadır, yağışlı, palçıqlı bir gün idi. Akif müəllimlə İstanbul Ədirnəqapı Şəhidliyində qəbri tapdıq. Nuru Paşanın məzarını ziyarət etdik. Çox sadə bir qəbir idi. Gücümüzün çatdığı qədər məzarı təmizləməyə çalışdıq. Daha sonra ziyarətə gələnlərə, görüşdüyümüz insanlara Nuru Paşanın kimliyi, necə adam olması, hansı işləri görməsi haqda məlumat verdik. Təəssüflər olsun ki, çoxları Nuru Paşadan xəbərsizdir. Xüsusən gənc nəsil onun varlığından belə xəbərsizdir. Bu hadisələrdən sonra Mayis müəllim məni tapdı və dedi ki, Nuru Paşa ilə bağlı araşdırma aparan belə bir şəxs var. Adı Atilla Oraldı. O, "Nuri Killigil” kitabını çap etdirmək üçün öz evini banka girov qoyub, kredit götürüb. Ondan sonra mən qərara aldım ki, Atilla bəylə mütləq görüşmək, ona kömək etmək lazımdır”.
ATXƏM-nin sədri İlham İsmayılov da tarixi reallıqlarla bağlı görəcəyimiz işlərin çox olduğunu deyib: "Sovet dönəmində öz qohumlarımızdan Nuru Paşanın qəhrəmanlığı haqqında ala-yarımçıq bilgilər alırdıq. Amma müstəqillik dövründə hörmətli ziyalılarımız, tarixçilərimiz arxiv sənədlərini ortaya qoyaraq, Qafqaz İslam Ordusu haqqında daha ətraflı və səhih məlumatları ortaya çıxartdılar. İndi-indi camaat bilir ki, Nuru paşa kimdir. Əvvəllər 15 sentyabr günü şəhidliyi ziyarət edəndə bizdən soruşurdular ki, bu gün nə günüdür? Amma o günlər artıq geridə qalıb. Buna baxmayaraq, araşdırmaları daha da genişləndirmək lazımdır. Bu, ən azından bizim vicdan borcumuzdur. Çünki Nuru Paşa olmasaydı, Azərbaycan dövləti qurulmayacaqdı”.
İsmayıl