Hacıəmi Atakişiyev: “Bütün görüntülər şəhərin baş planının qaydalarını və memarlığını pozur”
Azərbaycan inkişaf etdikcə, respublikanın bütün kənd və rayonları kimi paytaxtımız da görkəm baxımından dəyişir və gözəlləşir. Yeni-yeni binalar tikilir, yollar çəkilir və körpülər salınır. Lakin yeriz-yöndəmsiz reklamlar, qaydalara uyğun quraşdırılmayan reklam lövhələri şəhərimizin estetik görkəminə kölgə salır.
Azərbaycan Reklamçılar İttifaqının prezidenti, Beynəlxalq Reklamçılar Assosiasiyasının üzvü, professor Hacıəmi Atakişiyevin fikrincə, şəhər mühitində məkan reklamlarının yerləşdirilməsi memarlıq və şəhərsalma baxımından bu günə qədər çox bəsit şəkildə həyata keçirilib: "Ümumiyyətlə, şəhər mədəniyyətinə xüsusi diqqət yetirmək lazımdır. Məsələn, Almaniyada şəhər mədəniyyəti naziri ancaq şəhərdəki yolların asfalt örtüklərinin dəyişdirilməsi, kollajların və işıqlandırmanın qorunması, vitrinlərin reklamlarla bəzədilməsi, binaların üzərində hansı növ reklamların yerləşdirilə biləcəyini müəyyənləşdirir və bu kimi məsələlərə nəzarət edir. Çünki qədim binalarda reklamlar şüşə vitrinin arxasında yerləşdirilməlidir. Yəni belə binaların üzərinə reklam vurulmur”.
H.Atakişiyev reklamın yerləşdirilmə qaydaları haqqında danışıb: "İndiki halda alimlərin araşdırmalarına görə, insan gözü 38 dərəcədən daha yaxını görmür. Və yaxud sürücü avtomobil vasitəsilə hərəkət edirsə, avtomobilin kabinəsindən 20 santimetrə qədər olan məsafəni görə bilər. Ona görə də şəhərin yeni planının hazırlanmasında bunlar nəzərə alınmalıdır. Həmçinin, binaların üzərində effektli reklam vasitələrindən istifadə edilməlidir. Digər tərəfdən, reklam lövhələrinin standart formatları məlum deyil. Misal üçün, şəhərin bir küçəsindən o biri küçəsinə keçidə 6m x 3m olan reklamlar quraşdırılır. Bu da gərginlik yaradır, şəhərin baş planının qaydalarını və memarlığını pozur. Nəticədə insanları o reklama baxmaq yox, əksi düşündürür. İşıqlı reklamların fasadlarını yığırlar. 19 və 20-ci əsrin tarixi binalarıdır və memarlıq abidələridir. Belə memarlığın üzərində heç bir qaydaya uyğun olmayan işıqlı reklamların qoyulması, konstruksiyaları kobud şəkildə dağıtmaq olmaz. Divarları deşərək, daşları korlayırlar. Nəticədə şəhərin görünüşü mənfiyə dəyişir”.
Memar ağacların üzərində quraşdırılan işıqların şəhərin landşaftına mənfi təsir etdiyini bildirib: "Bu, anlaşılmayan bir şeydir. Biz Braziliyada olanda ağacların heç birinin üzərində işıqlara rast gəlmədik və onlar belə işıqlanmadan istifadə etmirlər. Effekt ondadır ki, ağaclara işıqlandırma verəndə bilinir ki, bu süni yox, həqiqi ağacdır. Necə ki, konkret reklama tələb qoyulmayıbsa və kim harda gəldi reklam yerləşdirirsə, problem öz həllini tapmayacaq. Bu yaxınlarda "Reklam haqqında” qanun birinci oxunuşdan keçdi və iradlar bildirildi. Ümid edirəm ki, növbəti oxunuşda qanun qəbul edilər və belə məsələlər öz həllini taparaq tənzimlənər”.
Vüqar Şahinoğlu