Nazim Bəydəmirli: "Belə vəziyyətin istehlakçılar üçün müsbət olacağı qənaətində deyiləm"
"İstehlakçılar üçün nə qədər çox bank fəaliyyət göstərərsə, o qədər məqsədə uyğundur”.
Bunu Sherg.az-a bankların bağlanmasının səbəblərindən danışarkən iqtisadçı ekspert Nazim Bəydəmirli deyib.
O bildirib ki, bununla bazarda rəqabət yaranır və daha optimal qiymətlərlə kredit və xidmətlər təklif olunur, daha yüksək depozit əldə edilir:
"Uzun illər Azərbaycan bankları iri şirkətlərin və holdinqlərin kassası funksiyasını həyata keçirib. Ölkəmizdə korporativ idarəetmə mədəniyyəti yüksək səviyyədə olan azsaylı banklar mövcuddur. Ancaq heç zaman inzibati yollarla bankların sayının azaldılmasının tərəfdarı deyiləm. Eyni zamanda bankların şəxsi qərarları ilə birləşməsinin tərəfdarıyam. Bu, isə bazar şərtlərinə uyğun olmalıdır. Son zamanlar hətta güclü hesab olunan, yüz milyonlarla depozitlərə sahib bankların tez bir zamanda sıradan çıxarılmasını inzibati metodlara bağlayıram. Görünən odur ki, müxtəlif, yüksək rütbəli məmurlara bağlı olan banklar həmin məmur işdən çıxarılandan sonra tez bir zamanda çökməyə başlayır. Digərləri isə həmin bankları "uda” bilirlər. Bu, Azərbaycanda mövcud sahənin də monopoliya altında olmasından xəbər verir. Belə vəziyyətin istehlakçılar üçün müsbət olacağı qənaətində deyiləm. Hesab edirəm ki, hökumət daha çox banklara ucuz vəsait yolu axtarmalıdır. Xaricdə saxlanılan illik 1 faizdən də aşağı gəlir verən neft fondunun vəsaitlərinin bir hissəsi Azərbaycan iqtisadiyyatına banklar vasitəsilə yatırılmalıdır. Banklara bağlı şirkətlərə deyil, bütün sahibkarlara əlçatan olmalıdır. Mal bolluğu yaradılması üçün sahibkarların inhisarsız bazarda fəaliyyətinə şərait yaradılmalıdır”.
Qeyd edək ki, "Atabank" və "Caspian Development (CDB) Bank" ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, "CDB"-nin yenidən təşkilatlanma şəklində ləğv edilərək "Atabank"a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.
Aysel Aslan