Baş prokuror: Saakaşvili Yanukoviçin pulları hesabına mitinqlər təşkil edib




"Yeni qüvvələr hərəkatı”nın lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hakimiyyəti ələ keçirmək məqsədilə Ukraynanın sabiq prezidentinin pullarından mitinqlərin təşkili üçün istifadə edib.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Yuri Lusenko çərşənbə axşamı günü keçirdiyi brifinqdə deyib.

"Biz bir sıra siyasətçilərin, ilk növbədə, Saakaşvilinin Yanukoviçin cinayətkar qruplaşması ilə əməkdaşlığını üzə çıxarmışıq. Saakaşvili və onun yaxın ətrafı onların pulları hesabına məqsədi Ukraynada hakimiyyəti ələ keçirmək olan etiraz aksiyalarını maliyyələşdiriblər”, - deyə baş prokuror bildirib. Onun sözlərinə görə, o cümlədən 500 min dollar Saakaşvilinin vəkil etdiyi şəxsə - Severion Danqadzeyə verilib.

Xatırladaq ki, Mixeil Saakaşvili bu gün səhər Ukraynanın xüsusi xidmət orqanları tərəfindən Kiyevdə saxlanılıb. Baş Prokurorluğun əməkdaşları onun yaşadığı mənzildə axtarış aparıblar. Lakin tərəfdarları güc strukturlarının onu aparmasına imkan verməyiblər. Onun olduğu avtomobilin qarşısını kəsərək Saakaşvilini azad ediblər.

Hazırda Kiyevdə Saakaşvili tərəfdarlarının iştirakı ilə mitinq keçirir.