
Başdansovdu monitorinq aparıblar: Televiziyaların o qədər problemləri var ki, dil qüsurları bəlkə də sonuncusudur
Rövşanə Bektaşi: “2 saat yarıma yaxın canlı efirdir, belə səhvlər təbii qarşılanmalıdır”Zəminə Əliyeva: “Dil normaları ilə MTRŞ özü hansı işləri görüb? İndiyədək orfoepiya sözlüyü hazırlayıb ortaya qoyublarmı?”

Milli Teleradio Şurası və Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu yerli telekanallarda Azərbaycan ədəbi dilinin qaydalarına necə əməl olunması ilə bağlı monitorinqin nəticələrini açıqlayıb. Nəticələrsə lap "heyranedicidir”. Azərbaycan telekanallarını boykot edənlər bu monitorinqin nəticələri ilə tanış olsalar, boykotlarına bir daha bəraət qazandırmış olacaqlar. O mənada ki, efirdən cümlə-ölkəyə səslənən aparıcıların danışığı bu şəkildə bərbaddırsa, deməli, həmin telekanallara baxmağa dəyməz.
Onu bildirək ki, monitorinq 6 telekanal - İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV və Lider TV-də yayımlanan verilişlər üzərində aparılıb. Məlum olub ki, ədəbi dil normaları dilin bütün səviyyələrində - istər fonoloji, istər leksik, istərsə də qramatik səviyyədə pozulur. Aşkar görünür ki, bizim bəzi aparıcılar danışıqlarında rus kəlmələrindən bolluca istifadə edir, ləhcə ilə danışır, yeri gəldi-gəlmədi sözləri rus dilinə uyğunlaşdırılmış variantda səsləndirir, belə təsvir yaratmağa çalışırlar ki, guya, indiyədək rus dilində danışıblar, indi Azərbaycan dilində danışmaqda çətinlik çəkirlər. Yəni, zavallıların "dili dönmür”.
"Azadlıq radiosu” monitorinqin nəticələrindən bəzi nümunələri verib:
Rusdilli əkizlər
Monitorinqdə dil qüsurları XƏZƏR TV-də yayımlanan "Hər şey daxil” verilişinin aparıcıları Sevinc-Sevil bacılarının danışığında aşkarlanıb:
"Hər şey daxil”-22.09.2014- 11:42- aparıcılar- Növbəti təşəkkürümüz olacaey (olacax)
-11:42- ...və biz ünvanı xatırladeceyiy (xatırladacağıx)
İTV
Yeni gün”- 17.09.14- 9:09- aparıcı Saleh- Paspırtlar (pasportlar) haqqında...
SPACE TV
"Hər gün” - aparıcı Elvin Basqallı- 08:09:14- 20:21- Hara düşəcey. (düşəcəx)
"Hər həftə” - Zəminə Əliyeva - 02.11.2014; 20:24:39 - Üstəlik diggətin (dikqətin) feyziyabı kimi bu şou təkrarlanmalıdır.
ANS
"Xəbərçi”- aparıcı Qənirə Ataşova 04.09.2014- 21:01- Ailə fotosu (foto) çəkdiriblər.
Lider TV
"Səda” - 08.09.2014- 19:04- Biz sizə bu haqda xəbər verəceyiy. (verəcəyix)
"Səhər çağı” - 7.10.2014- 9:20- Qallivud (hollivud)
"Sovetski” ləhcəsi ilə danışan İlqar Mikayıloğlu
Qeyd edək ki, monitorinqin nəticələrində ən çox diqqət çəkən ATV-dəki "Gün üzü” verilişinin aparıcısı İlqar Mikayıloğlunun danışıq tərzidir. Nümunələr belədir:
"Gün üzü” -7.10.2014- 11:15- İlqar Mikayıloğlu- Çox sağ olun ki, gəldüz. (gəldiniz)
Monitorinqi aparanlar nöqsanları aradan qaldırmaq üçün TV-lərə təkliflər də veriblər. Məsələn, aparıcılara dil normaları ilə bağlı kurs keçilsin (xüsusən də rus təhsilli aparıcıların bəzi səsləri düzgün tələffüz edə bilməsi üçün). Bundan başqa aparıcılar çox sürətlə danışmasınlar, bu, onların daha az səhv buraxmasına kömək edər.
Dünən göstərilən nöqsanlarla bağlı monitorinqdə adı keçən bəzi aparıcılar və telejurnalistlərlə əlaqə saxladıq.
"Konservantla konservativin fərqini bilirəm”
ANS telekanalında yayımlanan "Hər bazar Rövşanə ilə” verilişinin aparıcısı Rövşanə Bektaşi nöqsanlarla razılaşmadığını bildirdi:
- "Konservant” sözü mexaniki olaraq səslənib. Mən bilirəm, konservant nədir, konservativ nədir. Bu, mexaniki bir səhvdir. 2 saat yarıma yaxın canlı efirdir. Belə səhvlər təbii qarşılanmalıdır. "Vızıvayuşiy” sözünü işlədəndə isə, çox yaxşı yadımdadır ki, mən "rus demişkən” ifadəsini işlətdim. Yəni, bu sözün rus dilində olduğunu bilirdim. Və bunu vurğuladım. Mən rusdilli deyiləm. Dilimizin təmizliyinin qorunması ilə bağlı da ən çox mübarizə aparan özüməm. Ümumiyyətlə, rus dilində sözlər işlətmirəm.
"Monitorinq aparanların eşitmə sistemində problem var”
Bunu isə "Space” telekanalının əməkdaşı, telejurnalist Zəminə Əliyeva dedi. Z.Əliyeva monitorinq aparanları qeyri-dəqiqlikdə suçladı:
- Əvvəla, dəqiq süjeti izləsinlər, sonra irad bildirsinlər. Mən həmin süjetdə "diqqət” yox, "riqqət” sözünü işlətmişəm. İstər diqqət olsun, istərsə də, riqqət, bu sözləri "g” hərfi ilə necə işlətmək olar?! Bu, mümkün deyil. Görünür, monitorinq aparan kimdirsə, eşitməsində problem var. Video yazıya bir daha diqqətlə baxsınlar, görəcəklər ki, iradları əsassızdır. Sonra bildirirlər ki, guya mən "qəbir” sözünü də "g” hərfi ilə səsləndirmişəm. Nə işdisə, bu adamlar "q” səsini "g” kimi eşidir. Müşahidə də qüsurludur. Demədiyim sözləri adıma çıxırlar. Başqa bir yerdə qeyd edirlər ki, "komitə” niyə "kamitə” kimi səsləndirilib. Dilimizin fonetik qaydaları var. Elə sözlər var ki, orada "o” hərfi "a” kimi səsləndirilir. Başdansovdu monitorinq aparıblar. Televiziyaların o qədər problemləri var ki, dil qüsurları bəlkə də ən sonuncu problemdir. Monitorinq qüsurlu aparılıb, metodologiyası, meyarları bəlli deyil. Qüsur axtarmaq, səhv tutmaq asandır. Amma dil normaları ilə MTRŞ özü hansı işləri görüb? İndiyədək orfoepiya sözlüyü hazırlayıb ortaya qoyublarmı? Seminar, treninq keçiriblərmi? Aparıcı düzgün danışığı hardan, kimdən öyrənməlidir?!
Məlahət Rzayeva