Başladı: Kim hansı komandanı seçir?

Azərbaycanda ən çox Almaniyanın azarkeşləri var
Futbol həvəskarlarının çoxdan gözlədiyi Avropa çempionatı artıq start götürüb. Fransanın ev sahibliyini üstləndiyi çempionatın açılış mərasimi və ilk qarşılaşması iyunun 10-da baş tutub. Ən məşhur idman növü kimi futbolun bütün dünyanın diqqət mərkəzində olduğunu əsas götürdükdə ölkəmizdə də futbol pərəstişkarı olan insanların kifayət qədər olduğunu görərik. Xüsusilə də ictimaiyyətin tanınmış nümayəndələri... Məhz bu insanların futbol üzrə Avropa Çempionatı haqqındakı fikirlərini öyrənmək məqsədilə ümumi sorğu keçirdik.
"Avropa Çempionatını izləyəcəksinizmi”, "Favoritiniz”, "Hansı ölkənin qalib olma şansları daha yüksəkdir” kimi suallarımızı cavablandıran ictimaiyyət nümayəndələri və jurnalistlər fərqli fikirlər səsləndirdilər. Ən əsası isə müraciət etdiyimiz ekspertlərdən bir çoxu futbolla maraqlanmadığını dilə gətirdi.
İqtisadçı-ekspert Natiq Cəfərli: Belçika yığması çempion olsa, heç də təəccüblənmərəm...
"Hər zaman olduğu kimi, bu il də Avropa Çempionatını qaçırmayacam. Favoritim Türkiyə millisidir. İnanıram ki, Türkiyə komandası yüksək yerlərdən birini tutacaq. Lakin şans məsələsini də nəzərə alsaq, bu il ev sahibi olan Fransanın da yaxşı oyun nümayiş etdirəcəyinə inanıram. Bundan əlavə azarkeşlərə bu çempionatda bir sürprizin gerçəkləşməsinə də hazırlaşmağı tövsiyə edirəm. Bu günə qədər çempion ola bilməyən komandalardan biri çempion ola bilər. Məsələn, Belçika yığması çempion olsa, heç də təəccüblənmərəm. Çünki Belçika çox güclü, eyni zamanda çempionatın ən gənc komandasını formalaşdırıb. Fikrimcə, həmin gənclər də tanınmaq, transfer qiymətlərini yüksəltmək, özlərini sübut etmək üçün daha qətiyyətlə çalışacaqlar. Ona görə də Belçikanın ön sıralara çıxması realdır”.
Goal.az saytının baş redaktoru Seymur Səfərli: İngiltərə və Almaniyanın şanslarını daha yüksək hesab edirəm...
"Avropa Çempionatını izləməmək günah olardı, sona qədər izləyəcəm. Çempionatın olduqca maraqlı və baxımlı olacağına ümid edirəm. Favoritim isə İngiltərə millisidir. Düşünürəm ki, çempionatın ən güclü hücum xətti məhz ingilislərdədir. Qalibin hansı ölkənin yığma komandası olacağına gəldikdə isə digərlərindən fərqli olaraq İngiltərə və Almaniyanın şanslarını daha yüksək hesab edirəm”.
Millət vəkili Aydın Mirzəzadə: İstənilən halda mən Türkiyənin yanındayam. Çempion olsa da, uduzsa da...
"Futbolla yaxından maraqlanmıram. Avropa Çempionatının isə bəzi oyunlarını izləyəcəm. Favorit komandam isə Türkiyə yığmasıdır, istərdim ki, Türkiyə qalib gəlsin. Düzdür, əsasən Avropa dövlətlərinin qalibiyyət üçün daha çox şansının olduğu deyilir. İstənilən halda mən Türkiyənin yanındayam. Çempion olsa da, uduzsa da...”
Jurnalist Anar Bayramoğlu: Çempionluğa real namizəd kimi Almaniyanı görürəm...
"Avropa Çempionatına zamanımın imkan verdiyi qədər baxacam. Çalışacam ki, bütün oyunları izləyim. Türkiyə milli komandasına azarkeşlik edəcəm. Çox istərdim ki, Türkiyə finala qədər irəliləsin. Azarkeşlik edəcəyim ikinci milli isə, hər zamankı kimi Almaniya yığmasıdır. Çempionluğa real namizəd kimi də Almaniyanı görürəm. Kaş hansısa mərhələdə Türkiyə-Almaniya milliləri qarşılaşaydı, Türkiyə Almaniya üzərində qələbə qazanaydı”.
Politoloq Zaur Məmmədov: Türkiyənin çempion olacağını düşünmürəm...
Avropa Çempionatını hər il maraqla izləyirəm. Bu il də baxacam. Oyunlarda favoritim isə təbii ki, hər bir azərbaycanlı kimi Türkiyədir. Nə qədər çox qalib olmasını istəsəm də, açıq deməliyəm ki, Türkiyənin çempion olacağını düşünmürəm. Fikrimcə, Almaniya qalib olacaq.
Jurnalist Təranə Məhərrəmli: Tərs kimi Türkiyə millisi İspaniya ilə bir qrupa düşüb...
"Mən futbol azarkeşiyəm və hər zaman olduğu kimi, bu çempionatı da qaçırmaq fikrim yoxdur. Türkiyə bizə qardaş ölkə olduğu üçün onları dəstəkləyəcəm. Amma mən həmişə ispan futbolunu sevmişəm. Buna görə də Türkiyə ilə bərabər İspaniya millisinə azarkeşlik edəcəm. Tərs kimi Türkiyə millisi İspaniya ilə bir qrupa düşüb. İspaniya ilə Türkiyənin oyunu mənim emosiyalarım üçün çətin olacaq. Bütün hallarda yaxşı oyun izləmək istəyirəm. Həm də güclünün qalib gəlməsini arzulayıram. Bu baxımdan, Almaniya millisinin üstünlüyü çoxdur. İspaniya yığma komandası isə favoritlərdəndir. Hansı ölkənin qalib gələcəyini demək, düzü çətindir. Futbolda bəzən şansın da rol oynadığını nəzərə alsaq bəlkə bookmeykerlərin proqnoz vermədiyi bir komanda da qalib ola bilər. Şəxsi istəyimə görə isə İspaniyanın çempionluğunu gözləyirəm. Əgər qalib Türkiyə yığması olsa, bu, əsl sürpriz olar”.
Yazıçı Şərif Ağayar: Avropa Çempionatını izləməyəcəm...
"Futbol üzrə Avropa Çempionatını izləməyəcəm. Ümumiyyətlə, futbolu sevmirəm, nadir hallarda prinsipial oyunlara baxıram. Favoritim olmadığından hansı yığmanın qalib olacağı haqqında fikrim yoxdur, amma ümumi Almaniya və İtaliya komandalarının güclü olduğunu deyə bilərəm”.
Jurnalist Tahirə Məmmədqızı: Heç olmasa, bu il italyanların qalib olmasını istəyərəm...
"Futbola aşırı bir sevgim var. Orta məktəbdə oxuyan zaman sinif olaraq komandamız da var idi və mən kapitan idim, məktəb üzrə ən yaxşı futbol oynayan şagirdlərdən biri olmuşam. Əslində, cəmiyyətimiz bir qədər qadınların futbola yaxın olmasına, maraqlanmasına düzgün yanaşmır. Buna baxmayaraq, futbolla maraqlanan qadınlarımız az da olsa var. Avropa Çempionatında favoritim hər zaman İtaliya olub. Hətta keçən Dünya Çempionatlarının birində Braziliya- Almaniya qarşılaşmasında o qədər həvəs etmişdim ki, mərc də etmişdim. Təəssüf ki, uduzdum. Heç olmasa, bu il italyanların qalib olmasını istəyərəm”.
Yazıçı Tural Cəfərov: 20 ildir ki, ancaq Almaniya...
"Əvvəllər Çempionlar Liqasını, milli çempionatları da izləyirdim. Son illərdə yalnız Dünya və Avropa çempionatlarına baxıram. Amma ki, futbola əvvəlki həvəsim yoxdur. Avropa Çempionatına mütləq baxacam, amma. Favorit komandam olaraq, 20 ildir ki, ancaq Almaniya... Kimin çempion olacağı haqqında onu deyə bilərəm ki, Dünya çempionları, adətən Avropa çempionu olmur. Amma mən bu il də Almaniyaya inanıram”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: İspanlara rəğbətim var, oyun tərzlərini və texnikalarını çox xoşlayıram...
"Mənim işlərim həddindən artıq çox olduğu üçün - adətən, evə gedəndən sonra da gecə 12-yə kimi evdə çalışıram. Bunu nəzərə aldıqda, güman ki, bütün oyunlara baxa bilməyəcəyəm. Amma pley-off mərhələsindən başlayaraq, çempionatı izləməyə çalışacağam. Oyunlarda xüsusi favoritim və ya azarkeşlik elədiyim komanda yoxdur. Amma ispanlara rəğbətim var, oyun tərzlərini və texnikalarını çox xoşlayıram. Çempionun kim olmasına qaldıqda isə futbolla belə proqnoz verəcək dərəcədə yaxınlığım yoxdur. Amma peşəkarlığı sevən insan kimi peşəkar oyun ortaya qoyanların qalib gəlməsi, mənə ləzzət edərdi. Olsun ki, elə ispanların”.
Gənc siyasətçi Tural Abbaslı: Ənənə yaratmış dövlətlərin qalib olacağına inam daha çoxdur...
"Maraqla gözləyirəm çempionatı və vaxtım olarsa, bütün oyunları izləyəcəm. Əslində könül istəyərdi ki, Azərbaycan yığması da çempionatda təmsil olunsun. Lakin hələlik belə bir şansımız olmadığından ikinci vətənimiz olan Türkiyəni dəstəkləyirəm. İkinci favoritim isə Almaniya yığmasıdır. Futbol haqqında bir deyim var - "stadion düzdür, top isə yumrudur”. Yəni gözlənilməz sürprizlər hər zaman ola bilər. Bununla belə güman edirəm ki, ənənə yaratmış dövlətlərin qalib olacağına inam daha çoxdur. Azarkeşlər hansısa komandanın qalib olması üçün azarkeşlik etməməlidir. Əsas oyunun keyfiyyətinə fikir vermək, ən əsası komandanı sevmək lazımdır”.
Jurnalist Günel Əbilova: Ümid edirəm bu dəfə İngiltərə öncə qrupdan çıxar...
"Futbolla yaxından maraqlanıram mən də. Avropa Çempionatına da baxmadan keçə bilmərəm. Mən, adətən Dünya və Avropa Çempionatlarında İngiltərəyə azarkeşlik edirəm. Bu mənada bir az şanssızam, komandam çox tez uduzur. Ümid edirəm bu dəfə İngiltərə öncə qrupdan çıxar, sonra da mərhələləri keçər. Təbii ki, digər favoritim Türkiyədir. İstəyirəm elə sevdiyim iki komandadan biri qalib olsun, özəlliklə İngiltərə”.
Aysel Aslan