Başqa planlar da var
Kəlbəcərli girovlarımızın azadlığı üçün ciddi işlər aparılır
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 7 beynəlxalq təşkilata rəsmi müraciət ünvanlandığını bəyan edib.
Onun sözlərinə görə, bundan əlavə BMT Baş katibinə, Avropa Şurası, Avropa İttifaqı və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, insan hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciətlər göndərilib. Dünyada Azərbaycan hökuməti adından ora müraciət göndərmədiyi mühüm beynəlxalq təşkilat qalmadığını vurğulayan "Qaçqınkom” sədri sərt və kəskin şəkildə bəyan edib ki, ermənilər çirkin əməllərindən əl çəkməsələr, Azərbaycan torpaqlarını və girovları düşməndən müharibə yolu ilə azad etməyə məcburdur: "Ermənilər bütün dünyaya özlərini qeyri-konstruktiv xalq kimi göstəriblər. Dünyada elə bir ölkə yoxdur ki, 4 yerdən idarə olunsun. Ermənistanı ABŞ-dakı erməni lobbisi, Rusiya, kilsə və dövlətə rəhbərlik edən faşist erməni rejimi idarə edir. Beynəlxalq təşkilatlar açıq şəkildə Ermənistanın tərəfini tutur. Ona görə də bizə özümüzdən, dövlətimizdən başqa keç kim heç nə edən deyil”.
Öz dədə-baba ocaqlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən hər iki Azərbaycan vətəndaşının qaytarılmaması fonunda Azərbaycan-Ermənistan arasında müharibə ocağının alovlanma ehtimalının nə dərəcədə yüksək olduğunu dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc ilk növbədə qeyd edib ki, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmaları ilə bağlı Azərbaycan tərəfi Avropa Məhkəməsinə də müraciət edəcək.
Bu addımın da Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bilavasitə dövlət başçısının tapşırığı ilə hərəkət etdiyini vurğulayan millət vəkilinin sözlərinə görə, bu, bizim üçün ümid bəslədiyimiz sonuncu instansiya deyil. Əslində, Azərbaycan hakimiyyəti öz arsenalında daha fərqli yollar, üsullar saxlayır. Bu gün də müxtəlif planlar və taktiki işlər görülməkdədir. Avropa Məhkəməsinin yurisdiksiyası bu bölgə üçün tanındığından məsələ qəti şəkildə Ermənistanın məhkəməyə verilməsi səviyyəsində baş tutacaq. Əks halda, biz Dağlıq Qarabağın məlum saxta rejiminin qurduğu tələyə düşmüş olarıq: "Girovlarımızı azad etmək üçün Azərbaycanın hərbi əməliyyatlara başlaması istisna deyil. Amma Ermənistanın da məqsədi elə Azərbaycanı provakasiyaya çəkməkdir. Ermənilər girovlardan istifadə edərək Azərbaycanı qəzəbli hərəkət etməyə məcbur qoyaraq beynəlxalq aləmdə haqqımızda mənfi rəy yaratmağa çalışırlar. Guya ki, biz bir tərəfdən atəşkəs rejimini kütləvi şəkildə pozmaqla məşğuluq. Ölkəmizi təcavüzkar kimi qələmə verməklə anti-Azərbaycan bəyanatlarına, bizə qarşı sanksiyalara nail olmaq istəyirlər”.
Z.Oruc bildirib ki, beynəlxalq qurumlardan kəlbəcərli girovların günahsız olması tələblərinin irəli sürülməsi Dağlıq Qarabağ münaqişəsini fərqli müstəviyə yuvarlaya bilər: "Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev beynəlxalq qurumların səmərəsizliyini dərk edirdilər, buna görə də öz ata-baba yurdlarına getməyə qərar vermişdilər. Uzun illər ərzində sülh danışıqlarının nəticə verəcəyini gözləyən bu insanlar sonda gördülər ki, danışıqlar prosesini dondurmaq beynəlxalq dairələrin Qarabağ problemindən faydalanmağı üçündür. Ona görə də bu insanlar belə bir təhlükəli yol seçdilər. Bu gün də onun ağır hesabını ödəyirlər”.
Girovlar məsələsinin hüquqi müstəvidən çoxdan çıxdığını deyən millət vəkili Avropa İnsan Haqları Məhkəməsinin ədalətli qərar çıxardacağına bir o qədər də ümidli olmadığını vurğulayıb: "Avropa Birliyindən, Avropa Şurasından, ABŞ Dövlət Departamentindən bu insanların günahsız olduğunu, keçirilən məhkəmə prosesinin yolverilməzliyini, həmin şəxslərin azad edilməsi tələblərini eşitsək, bu, gələcəkdə daha çox insanın Kəlbəcərə, Ağdama, Füzuliyə getməsinin müdafiə olunmağı deməkdir. Burada isə maraqlı sual çıxır ortaya. Avropa buna gedəcəkmi?
Hər birimizə bəllidir ki, Avropa İnsan Haqları Məhkəməsi üzərindəki siyasi təsir və basqılar girovlarla bağlı belə bir qərarın qəbul olunmasının qarşısını ciddi-cəhdlə alacaqlar. İkinci halda isə Avropa Məhkəməsi bitərəf və daha neytral mövqe sərgiləyə bilər. Bu isə avtomatik olaraq, zamanında ATƏT-in Avropa Şurasının neytral mövqe sərgiləyərək tərəfləri özündən asılı saxlamaq, Qarabağ üzərindən öz mənafelərini yeritməsi ilə eyniyyət təşkil edəcək. Yenə sual doğur, Azərbaycan öz vətəndaşlarını girovluqdan azad etmək üçün hansı mexanizmi işə salmalıdır? Lokal hərbi əməliyyatlar keçirib, onlarla ermənini ələ götürüb, girovlarımızla əvəzləməlidir? Yoxsa,
Azərbaycanın kəşfiyyat qrupları konkret əməliyyat proqramı tərtib edərək, girovlarımızın harada saxlanıldığını dəqiqləşdirir və buna yönəlik addımlar atmalıdır? Bu kimi daha bir neçə ssenarilər işə düşə bilər”.
Z.Orucun sözlərinə görə, Əli Həsənovun mövqeyindən çıxan nəticə isə odur ki, başda ölkə başçısı olmaqla, dövlət rəhbərliyi bu insanların haqları və onların geri dönüşü istiqamətində ən müxtəlif planlar ətrafında düşünməkdədirlər: "Bizim üçün qürurverici bir haldır ki, Azərbaycan rəhbərliyi öz vətəndaşlarının yanındadır. Biz bu proses fonunda hər iki vətəndaşımıza qarşı dünyanın göstərdiyi münasibətdən çıxış etməliyik. Bu isə bizə indiqator kimi xarici dairələrin yürütdüyü siyasəti anlamaq üçün çox yaxşı bir əsasdır. İnsan haqlarını əllərində bayraq edib, bizə tənqidlər yağdırırlar. Şahbaz Quliyev və Dilqəm Əsgərov da statusundan və mövqeyindən asılı olmayaraq eyni haqlara sahibdirlər. Onların hüquqları da eyni şəkildə qorunmalıdır. Yox, əgər qərb sadəcə bir ovuc insanın hüquqları ətrafında siyasət yeridir və Amerika-Azərbaycan münasibətlərini o bir ovuca görə qurban verməyə hazırdılarsa, buyursunlar! Amma əmin olsunlar ki, belə olan təqdirdə girovlarımızın ölkəyə qaytarılması üçün bütün lazımi əməliyyatlar keçiriləcək”.
Şəymən