Abşeronda baş verən hadisəyə ictimaiyyət tərəfindən ciddi təpki gəldi
Əgər kimsə düşünürsə ki, bayraq müxtəlif rənglərdən ibarət bir parçadır, o, böyük səhvə yol vermiş olur! Bayraq bəşəriyyətin, konkret halda isə bir xalqın, onun keçdiyi yolun tarixidir. Təəssüflər olsun ki, günümüzdə tez-tez bayrağımıza qarşı biganə münasibətin şahidi olmağa başlamışıq və bu, bizi düşündürməyə bilməz - axı necə?
Azərbaycan xalqının düşməni olan erməninin bayrağımızı təhqir etməsi bizə nə qədər toxunsa da, "düşməndir, bir gün döyüş meydanında qarşılaşacağıq və hər şeyin cavabını soracağıq” fikirləri ilə özümüzə təskinlik veririk, onu bu hərəkəti etməyə isə bizə qarşı olan düşmənçilik hisslərindən irəli gəldiyini anlayırıq.
Bəs bizim qanı qanımızdan olan azərbaycanlının öz bayrağına qarşı belə sayğısız münasibətini necə anlamaq olar? Buna nə adla haqq qazandırmaq və ümumiyyətlə bunu necə başa düşmək olar?
Axı bayraq daim milli şərəfi təcəssüm etdirib. Müharibə başlayarkən ərlər "bayraq altında” toplaşır və öz ölkələrinə sadiq olacaqlarına and içirdilər.
Döyüşdə bayraqdar olmaq şərəf sayılırdı, düşmən bayrağını ələ keçirmək isə əsl qəhrəmanlıq demək idi. Bayraq düşmən əlinə keçdikdə təkcə bayraqdar deyil, bütün qoşun rüsvay olub.
Biz öz bayrağımıza sayğı göstərməsək, ona qarşı hörmətsizlik etmiş əcnəbidən buna görə cavab istəməyə mənəvi haqqımız çatacaqmı?
Qeyd edək ki, Abşeronda Azərbaycan bayrağı təhqir olunub. Bayramdan sonra Azərbaycan bayrağı təhqiramiz formada daşınıb: "Abşeron Rayon Məhkəməsinin qarşısında 9 noyabrda "Bayraq günü” ilə bağlı işıq dirəklərinə vurulan bayraqlar yığışdırılıb. Bayraqların daşınması üçün traktordan istifadə olunub.
Deyəsən, bayramdan sonra dövlət bayrağının bu üsulla yığılması artıq ənənə halını alıb. Ənənənin əsası isə Milli Bayrağımıza olan "hörmətdən” irəli gəlir. Bayrağımızın Abşeronda təhqir olunması ilk hadisə deyil, heç olmasa son olsun. Hansı ki, həmin üçrəngli bayrağa görə, Ramil Səfərov ömrünün 8 ilini, gəncliyinin ən gözəl çağlarını dörd divar arxasında keçirdi. Bayrağı sevmək, onun uğrunda can vermək, qan tökmək hər birimizin vətəndaşlıq borcudur. Heç şübhəsiz biz bayrağı kiməsə zorla sevdirə bilmərik. Bayraq uğrunda kimisə zorla ölməyə vadar da edə bilmərik. Amma bayrağımızı təhqir edənlərə də göz yuma bilmərik. İstənilən halda bilərəkdən, yaxud da bilməyərəkdən şanlı bayrağımızı təhqir edən "vətəndaşlar”a Azərbaycan qanunlarını xatırlatmaq bizim vətəndaşlıq borcumuzdur. Şanlı bayrağımızı bir "əski” parçası kimi traktorla yığanlar, heç olmasa, bayraq uğrunda tökülən qanlara, axan göz yaşlarına və mühacirətdə, həbsxanalarda çürüyən canlara hörmət etsinlər. Kimliyindən asılı olmayaraq, heç kim bayrağımızı təhqir edə bilməz. O şəxs haqqında qanunun imkan verdiyi bütün tədbirlər görülməlidir. Bayrağımızı "zibil” kimi yığanlar cəzalandırılmalıdır”.
Abşeronda bayrağımızın təhqir olunması məsələsinə toxunan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da hesab edir ki, bu hadisə sadəcə rüsvayçılıqdır: "Bayraq dövlət atributudur. Bayrağa göstərilən münasibət Vətənə, millətə, dövlətə göstərilən münasibətdir. Çox təəssüf edirəm ki, məmurlarımız içərisində insanlar hələ də yer alıb. Bunlar ya bayrağın anlamını bilməyəcək qədər savadsızdırlar, ya da sadəcə olaraq özlərini qanmaz kimi aparırlar. Ölkədə kifayət qədər maarifləndirici tədbirlər keçirilir. KİV-də dövlət atributlarının toxunulmazlığı, müqəddəsliyinə dair çoxsaylı yazılar gedir, verilişlər hazırlanır. Bayrağa qarşı bu cür hörmətsizlik edən şəxslərin ya dünyadan xəbəri yoxdur, ya da ki qəsdən bayrağımızı zibil kimi traktorla yığırlar”. Azərbaycanda əvvəllər də bayrağa qarşı hörmətsizlik, sayğısızlıq edildiyini vurğulayan A.Nağının sözlərinə görə, vaxtı ilə QAT aksiyalara çıxanda bayraqları əllərindən alıb, cırıb atıblar, ayaqlar altında tapdalayıblar: "Hətta bir dəfə limanların birində ingilis kapitan Azərbaycan bayrağını təhqir edərək ondan "əski” kimi istifadə etmişdi. Bununla bağlı bizim aksiyalarımız da olmuşdu. Hətta bir neçə nəfər QAT üzvü sutkalıq cəza da almışdı. 2007-ci ildə QAT gəncləri təşəbbüs irəli sürmüşdü ki, noyabrın 9-u Bayraq günü elan olunsun. Bununla bağlı 2007-2008-ci illərdə aksiyalarımız da oldu. Nəhayət ki, 2009-cu ildə prezidentin fərmanı ilə 9 noyabr Bayraq günü elan olundu”.
QAT sədrinin sözlərinə görə, dövlət atributlarına qarşı hörmətsizlik edən şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Şəymən