Bayram ərəfəsi yüzlərlə ailə sevindi

Əfv sərəncamı Prezidentin növbəti humanist addımıdır
Mirvari Qəhrəmanlı: "Qadın məhbusların azadlığa buraxılması mənim üçün ikiqat müsbətdir"




Novella Cəfəroğlu: "Budəfəki Əfv sərəncamı digərlərindən fərqlənir"

Səidə Qocamanlı: "Avropa Şurasına gecəylə məktub göndərdim və onlar da öz cavablarında bu sərəncamı alqışladıqlarını dilə gətirdilər

Azərbaycan Prezidenti İlham Əliyev növbəti Əfv sərəncamı imzalayıb. Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı belə humanist addımların davamlı olmasını arzulayır: "Bütün ölkələrdə zaman-zaman dövlət başçıları öz səlahiyyətlərindən istifadə edərək bir qisim insanların günahlarının bağışlanması ilə bağlı qərar qəbul edirlər. Bizim ölkədə də ildə iki dəfə, bəzən də üç dəfə prezident Əfv sərəncamı imzalayaraq, günahını bağışladığı məhbusları azadlığa buraxır. Bu mənada imzalanan Əfv sərəncamını müsbət və növbəti humanist addım kimi dəyərləndirirəm. Bayram ərəfəsində görün nə qədər ailəyə əsl bayram sevinci bəxş olundu. Bu Sərəncam müxtəlif müddətlərə məhkum edilən 431 şəxsə, o cümlədən qadınlara və əlilliyi olan şəxslərə də şamil edilib. Xüsusən də qadın məhbusların azadlığa buraxılması mənim üçün ikiqat müsbətdir. Adı siyasi məhbus siyahısında olan şəxslərin də azadlığa buraxılmasına çox sevindim. Hər birinin ailəsinin gözü aydın olsun. Azadlığa buraxılan bütün məhbusları, onların ailələrini ürəkdən təbrik edirəm. Davamlı olsun bu humanist addım. Bu həm də ölkəmizin imici üçün də vacib addım idi".

M.Qəhrəmanlının sözlərinə görə, məhkumların heç də hamısı bu cəmiyyət üçün zərərli şəxslər deyil: 

"Onların içərisində elələri var ki, günahı olmadan həbsə düşür. Arzu edirəm ki, növbəti sərəncamlarda onların da adı siyahıya düşsün və hər birinin qapısı açılsın. Azad olunan məhkumların yolu isə bir də oralara düşməsin”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da Əfv sərəncamı imzalamasına görə ölkə başçısına təşəkkür edib: "Bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Ölkə başçısının imzaladığı sərəncam 431 şəxsə şamil olunub. Biz bu sərəncam öncəsi əlimizdən gələni etmişdik. Amma 400-dən çox adamın azadlığa buraxılması çox müsbət qərardır”.

O bildirib ki, budəfəki Əfv sərəncamı digərlərindən fərqlənir: "Çünki çoxdan azadlığa buraxılmayan adamlar azad edilib. Bizim istədiyimiz çox insana bu sərəncam şamil edildi. Arzu edirəm ki, həmişə belə olsun. Qalanları da yavaş-yavaş azadlığa çıxacaqlar. Biz bu əfv öncəsi bir çox insanlarla, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş keçirmişdik. Onlara da bizim xahişimizi bildirmişdik. Bizim təkliflərimizi nəzərə aldıqlarına görə onlara da təşəkkürümüzü bildiririk”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə hesab edir ki, ölkə başçısı imzaladığı Əfv sərəncamı ilə sadəcə məhkumları və onların ailələrini deyil, həmçinin də hüquq müdafiəçilərini sevindirib: "Bizim müraciətimizə diqqətsiz qalmadığını nümayiş etdirdi”. Əfv sərəncamının prezidentin müstəsna səlahiyyətinə aid olduğunu vurğulayan hüquq müdafiəçisi deyib ki, əfv olunan şəxslərin əksəriyyəti daim medianın gündəmində olan şəxslər olduğu üçün bu sərəncam jurnalistlər üçün də təqdirəlayiq hal kimi dəyərləndirilməlidir: 


"Əminəm ki, bizim siyahımıza daxil olan 55 nəfərin adının əfv siyahısına düşməsi təkcə ölkədə deyil, beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndiriləcək. Avropa Şurasına gecəylə məktub göndərdim və onlar da öz cavablarında bu sərəncamı alqışladıqlarını dilə gətirdilər”.

Əfvqabağı daxili işlər naziri Ramil Usubovla, Prezident Adminstrasiyasının şöbə müdiri Fuad Ələsgərov və digər rəsmi şəxslərlə görüşüb öz siyahılarını onlara təqdim etdiklərini xatırladan hüquq müdafiəçisi deyib ki, siyahıda elə adamların adı var ki, onların nə vaxtsa azadlığa buraxılacağına çoxları ümidlərini itirmişdi: "Siyahımızda olan onlarla şəxsin adı əfv sərəncamında olsa da, bizim işimiz davam edəcək".

Şəymən