"Nə qədər ki, bizim yerli istehsalımız əhalinin zövqündən kənarda duracaq, o vaxta kimi də daxili bazar idxal əsasında dolacaq"
"Xəzər” avtomobillərinin reklama ehtiyacı var. Həm sosial mediada, həm də televiziyada bu zavodun məhsullarının kiçik videoçarxları yayımlansa, insanlara avtomobilin özəllikləri, servis məkanları tanıdılsa, bu, müsbət nəticə verər
Gürcüstandan Azərbaycana avtomobil gətirilməsi 2,4 dəfə artıb. Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 2 175 ədəd avtomobil alıb. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. İdxal olunan avtomobillərin ümumi dəyəri 19 mln. 797 min dollar təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı 1 299 ədəd və ya 2,4 dəfə çoxdur. 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan qonşu ölkədən ümumi dəyəri 16 mln. 116 min dollar olan 876 ədəd avtomobil idxal edib.
Maraqlıdır, xaricdən idxal olunan avtomobilin həcminin artması daxili bazarda yerli istehsala necə təsir göstərəcək?
Sualımızı cavablandıran avtomobil məsələləri üzrə ekspert Elməddin Muradlı "Sherg.az”a bildirib ki, əsasən bizim avtomobil bazarımız Gürcüstandan idxal olunan məhsullarla qidalanır:
"Demək olar ki, Azərbaycanın avtomobil bazarındakı maşınların 70 faizi Gürcüstandan ölkəmizə gətiriləndir. Həqiqətən bu böyük göstəricidir. Fikrimcə, bu tendensiya belə də davam edəcək. Çünki hazırda insanların böyük əksəriyyəti komfortlu, rahat avtomobillər arzulayır. Həmin avtomobilləri Gürcüstandan alıb gətirib alıcıya satmaq həm alan, həm də satan üçün sərfəli olur. Nə qədər ki, bizim yerli istehsalımız əhalinin zövqündən kənarda duracaq, o vaxta kimi də daxili bazar idxal əsasında dolacaq. Ona görə də yerli istehsal olan "Xəzər” avtomobillərinin təbliğatını güclü aparmaq lazımdır. Çünki insanlar "Xəzər” avtomobillərinin hansı özəlliklərə sahib olduğunu bilmir. Bu da reklam təbliğatının kifayətsizliyindəndir.
"Xəzər” avtomobilləri üç aydan bir mətbuat konfransı keçirir. Amma onun harda və necə keçirilməsi də qabağımıza çıxmır. Ona görə əhali 20 illik alman avtomobilinə 15 min manat verib alır, zavoddan təzə çıxan "Xəzər” maşınına həmin məbləği verməyə risk etmir. Çünki insanlara avtomobilin adı tanış olsa da, keyfiyyəti məlum deyil. Fikrimcə, "Xəzər” avtomobillərinin reklama ehtiyacı var. Həm sosial mediada, həm də televiziyada bu zavodun məhsullarının kiçik videoçarxları yayımlansa, insanlara avtomobilin özəllikləri, servis məkanları tanıdılsa, bu, müsbət nəticə verər. "Mersedes”, "Toyota”, "Ford”, "Hundai” kimi dünyada brendi olan avtomobil şirkətləri günü bu gün də reklamdan çəkilmir. Amma bizim yerli istehsalımızda gedən siyasəti anlamıram”.
E.Muradlı onu da söyləyib ki, Gürcüstandan idxal edilən avtomobillər heç də normal maşınlar deyil:
"Təsəvvür edin ki, Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti üç avtomobilin birləşməsindən, ehtiyat hissələri dəyişilmiş 15 ilin maşınlarıdır. Həmin avtomobillər də daxildəki istismar müddəti başa çatmış maşınlarla birlikdə ətrafa, insanlara ekologiyaya ziyan vurur. Ona görə də daxili bazarda tənzimləmə, təmizləmə işlərinə böyük ehtiyac var”.
Ekspert onu da vurğulayıb ki, xaricdən gətirilən maşınlara gömrük rüsumlarının artırılması daxili bazarda rəqabətə mənfi təsir göstərir:
"Demək olar ki, hər il yanvar ayının biri gömrük rüsumları, ƏDV (əlavə dəyər vergisi) qalxır. Bu da avtomobil sənayesinə və daxili bazara ziyan verir. Çünki neft-qazı, enerjini və bir çox əsas məhsulları bizdən idxal edən Gürcüstandan Azərbaycana ixrac olunan avtomobil daxildə üç min manat olduqda ölkəmizə 13 min manata gəlir. Amma həmin avtomobilləri də Gürcüstan xaricdən idxal edir. Lakin nəyə görə ölkəmizə gəldikdə bu qədər yüksək qiymətə təklif olunur? Ona görə də gömrük rüsumlarına bir daha baxılmalıdır.
Cənab prezident dekabr ayında "Yol hərəkətinin təhlükəsizliyinə dair" sərəncam imzalayıb. Beş illik nəzərdə tutulan həmin proqramda açıq şəkildə nəzərə çatdırılır ki, köhnə, istismar müddətini başa vurmuş nəqliyyat vasitələri dövriyyədən çıxarılsın. Ölkəyə yeni, ekoloji cəhətdən təmiz avtomobillərin gətirilməsinə şərait yaradılsın. Amma sərəncamdan sonra yanvar ayında Gömrük Komitəsi rüsumları yenə artırdı. Məncə, bu məsələyə bir daha baxılmalıdır”.
Kənan Eynuroğlu