Bədii sözə ehtiram
Nizaməddin Şəmsizadə, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, professor
Onun özündən əvvəl şeirləri ilə tanış idim. İlk görüşümüzə qədər tez-tez yaddaşımı dilləndirən mahnı mətninin ona məxsus olduğunu da bilmirdim: mən şeiri tanıyırdım şairi yox. Əsl şair odur ki, özündən əvvəl şeirləri tanınsın, o məşhur şeirlərin müəllifini axtarsınlar. Dostum, şair və naşir Şəmsi Vəfadar onu mənimlə görüşdürəndə bildim ki "Mənə dəniz verin” şeirinin müəllifi odur: prokuror Sabir Abdin.
Mənə dəniz verin, isinim bir az,
Onun gözlərinə qarışam bəlkə.
Tapım sularında göz yaşlarımı,
Orda taleyimlə barışam bəlkə.
Mənə dəniz verin, o, tənha qalıb,
O, məni axtarır, məni gözləyir.
Gedirəm dənizə, dəniz mənimdi,
O dəniz gözlərim səni gözləyir.
O, həvəslə danışır, mənsə ürəyimdə bu misraları dilə gətirirəm, daha doğrusu qəlbimdə bu misralar ləpələnir, istedadlı bir şairlə üz-üzə oturduğumdan xəbər gətirir.
Sonra öyrənirəm ki, 1978-ci ildə - 16 yaşında orta məktəbdə oxuyarkən ilk şeiri Yardımlı rayonunda çıxan "Yeni kənd” qəzetində dərc edilib. "Demə mənə, heç nə demə” (1997), "Qınamasın bu yurd məni” (1998), "Mənə dəniz verin” (2002), "Sənə məktublarım” (2007), "Sizsiz, sizinlə...” (2010) kimi şeir kitabları çap olunub.
Dünyada şairlik, yazıçılıq ixtisası yoxdur. Təhsilin sahəsinə görə hüquqşünas, aqranom, çilingər, həkim və s. ixtisasları var: Çexov həkim, Aytmatov zootexnik, Paşa Qəlbinur oftalmoloq, Çingiz Əlioğlu mühəndisdir... Şairlik Allah vergisidir, insan ya şair doğulur, ya da yox, sadəcə nəzm qaydaları üzrə sözqoşan olur. Şair dostum Oqtay Rza bir rübaisində dövrümüzün ədəbi ovqatını belə mənalandırır:
Atəşkəs var sənətdə,
Tənqidçilər atışmır.
Şeir yazan çoxalıb,
Ancaq şair çatışmır.
Sabir görüş zamanı həm prokurorluq orqanlarındakı fəaliyyətindən, həm də poeziyadan danışdı. Mən maraqla onu dinlədim, tanımaq istəyirdim Sabiri. İlk qənaətim bu oldu ki, öz şerlərindən mütəvazicəsinə danışır, az-az, ilham gələndən-gələnə yazdığını vurğulayır. Müəllimim, böyük ədibimiz Mir Cəlalın 1972-ci ildə ADU-nun filologiya fakültəsində birinci kursda dərsdə dediyi bir fikri xatırladım: "Əhməd Cəmil az yazır, ancaq saz yazır!” Ayrılanda Sabirə dedim: yeni şerlərini göndər tanış olum.
Budur, hələ adı məlum olmayan kitabının əlyazmasını oxuyur, qəlb ovlayan, sadə metaforalı, aydın şeirlərin təravətli ətrindən həzz alıram.
Ulduzlara baxa-baxa,
Yağış kimi yağa-yağa.
Göz yaşımı sıxa-sıxa,
Yol gəlirəm, gözlə məni.
Yollarında qalan mənəm,
Səndən soraq alan mənəm,
Sənə möhtac olan mənəm,
Yol gəlirəm, gözlə məni.
Bu şeir ana laylası kimi səmimi və doğmadır. Onu laylalarımızı unutmuş gənc analar körpələrinə layla kimi oxuya bilər. Burada nənnimizin nəcib duyğusu dilimizin şəhd-şirəsi ilə birləşib bir şair ruhunun təmizliyindən və səmimiyyətindən xəbər verir. Bu şeir gücənməklə, zorla yazılmayıb, haradasa, heç Sabirin özünə də doğru-dürüst məlum olmayan bir aləmdən bulaq suyu kimi süzülüb gəlib. Bəlkə hissiyyata qapılıram, ifrata varıram? Duyğularım təcrübəli tənqidçi idrakıma qalib gəlir? Qoy belə olsun, bu şeirin məndə yaratdığı nəcib duyğuları nəzəri ehkamların məngənəsinə sala bilmərəm, o azad şair ruhunun tərtəmiz bir yavrusudur.
Sabir Abdinin şeirləri səmimi özünü təhlildən doğur. Onun şair "mən”lərinin bədii obrazı olan lirik qəhrəman özünə qarşı barışmazdır, güzəştsiz və hətta qəddardır: "Mən özümə qarğışam!” Onun bu tipli şeirlərini bu misranın tutumu ilə təqdim etmək olar.
Dostum Asif Rüstəmlinin "Ulduz”da (2015 №12) çap olunmuş "Romantik düşüncələr poeziyası” məqaləsindən oxudum ki, Sabirin şeirlərinə tanınmış bəstəkarlarımız tərəfindən 100-dən artıq mahnı bəstələnib. Bu ona görə belədir ki, şairin ən yaxşı şeirləri bəstələnməmiş mahnılar kimi yaranıb dil sadəliyi, metafora bənzərsizliyi, bir də dua üçün, azan üçün, sevgi üçün, sənət üçün çox vacib olan səmimiyyət bu şeirlərin poetik ruhunu təşkil edir.
Sabir Abdin lirik şairdir, onun şeirlərinin poetik ruhunu lirizm təşkil edir. Əlyazmasından oxuduğum seçmə nümunələr mənə belə fikir söyləməyə imkan verir ki, Sabir şeirlərini ruhun enerjisi ilə yazır. Ona görə də bu şeirləri oxucuya lirik-romantik poeziya kimi təqdim etmək olar. Mən fikrimi əyaniləşdirmək üçün əlyazmasından çoxlu misal gətirə bilərəm. Lakin əvvəlcədən möhtərəm oxucunu bu şeirləri oxumaq ləzzətindən məhrum etmək istəmirəm. Dahi Füzuli farsca qəzəllər "Divanı”nın müqəddiməsində yazır ki, "şeir yazanın adı şeir vasitəsi ilə aləm səhifəsində əbədi olaraq qalır”. Yalnız belə bir bədii-fəlsəfi qüdrətə malik şeirdən söhbət gedir. Şeir bir qəlbdən doğulub bütün kainatı fəth edir. Böyük tənqidçi V.Belinski əbəs yerə demirdi ki, "Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən, əbədi bir şöhrət vardır!” Şairəm deyib əlinə qələm alan bunları bir an belə unutmamalıdır, mən istedadlı şairlərə hərdən zarafatla deyirəm: ədəbiyyatında Füzulisi olan xalqın şairi olmaq hədsiz çətin və məsuliyyətlidir! Böyük qəmkeş Füzuli yazıb: "Dərd şairliyin əsas sərmayəsidir”. Əsl şair bu sərmayə ilə "dolanır”. Belə olmasaydı S.Abdin yazmazdı:
Yer üzündən kimlər keçdi?
Ağı qaradanmı seçdi?
Şair qəm dəryası içdi,
Sevdi yenə bu dünyanı.
Ağrı qəlbində, gözündə,
Həsrət yanğısı sözündə,
Qəm də yedi yer üzündə,
Sevdi yenə bu dünyanı.
Sabir Abdinin lirik fəlsəfi şeirlərində bəzən fəlsəfəçilik lirizmi üstələyir ("Ölüm və mən”) bəzi şeirlərində isə bədii məntiq pozulur ("Bir payız günü”).
Sonuncu yarpaq da düşdü ağacdan,
Düşdü gözlərimdən bir cüt göz yaşı.
Aldım əllərimə mən o yarpağı,
Kəsdi yollarımı yarpaq yağışı.
Vəhdəti vücud təliminə önəm verən sufilər zərrədə küllü görməyi bacarır və aləmi bu yolla dərk edirdilər. Doğrudan da dənizin suyunun şor olduğunu bilmək üçün dənizi içmək lazım deyil, bir damla da kifayətdir. Bu eynilə sənətdə də belədir: şeirin bir beytindən, bir bəndindən şairin şair olduğunu, istedadının olub-olmamasını təyin etmək mümkündür. Mən Sabir Abdinin şeirlərinə bu nəzərlə baxdım və onda xalqın ən böyük milli sərvəti olan bədii SÖZ-ə ehtiram gördüm. İnanıram ki, oxucular da bunu görəcək və duyacaq.