“Təəssüflər olsun ki, biz əvvəlki illərdə olan fəallığı son zamanlar görə bilmirik”
Dünən Mərkəzi Seçki Komissiyasında seminar-müşavirə keçirilib. Tədbirin mövzusu vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin və müraciətlərin obyektiv və effektiv araşdırılması olub. Müşavirədə çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, seçki pozuntuları dairə seçki komissiyalarının nəzdindəki ekspert qruplarında məsuliyyətlə araşdırılmalıdır.
N.Məmmədov bildirib ki, biz vətəndaşlardan və ictimai birliklərdən hansı münasibəti gözləyiriksə, biz də qarşılıqlı olaraq onlara elə münasibət bəsləməliyik. Prosesdə seçki komissiyalarının mühüm rol oynadığını bəyan edən qurum katibinin sözlərinə görə, DSK nəzdindəki ekspert qrupları insan hüquqlarının qorunması istiqamətində öz səlahiyyətləri daxilində məsul bir qurumdur. Azərbaycanda 5 milyon nəfərdən çox seçici olduğunu nəzərə çatdıran MSK sədrinin müavini bildirib ki, şikayətin olması hələ pozuntunun olması demək deyil. Ona görə də hər bir şikayət ətraflı araşdırılmalıdır. Çünki şikayət arxivə atılmaq üçün yazılmır. Məlumat üçün bildirək ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə doqquz siyasi partiyadan namizədliklə bağlı 12 min 575 müraciət edilib. Seçki Məcəlləsinə görə, bələdiyyələrin 1/3-dən və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara pulsuz efir vaxtı ayrılacaq.
Qurumda müzakirə olunan mövzuya münasibət bildirən AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, ekspert qrupları yalnız o zaman normal fəaliyyət göstərə bilər ki, onlar komissiyalardan asılı olmasın:
"Əgər ekspert qrupları DSK-nın nəzdində yaradılırsa və həmin komissiyalara MSK-nın hansısa bir üzvü rəhbərlik edirsə, ictimaiyyətin, xüsusən də müxalif partiyaların qrupun şəffaf fəaliyyətinə inamı azalır. Mən təklif edirəm ki, şikayətləri araşdıran qruplar komissiyalardan asılı olmayan müstəqil hüquqşünaslardan, jurnalistlərdən və QHT-lərdən təşkil olunsun. O zaman ekspert qruplarının effekti daha çox olar”. Seçki fəallığının hiss olunmadığını vurğulayan M.Zülfüqarlı bildirib ki, MSK üzərinə düşəni edir və burda qurumla bağlı problem yoxdur. Bələdiyyə seçkilərinin maraqsız olması daha çox siyasi partiyalarla bağlıdır: "Seçkilərə qatılmaq siyasi təşkilatların vəzifəsi olsa da, bir çox partiyalar seçkidə iştirak etməkdən imtina edirlər. Əgər partiyalar həqiqətən demokratik yol tutubsa, onda seçkiyə qatılmalıdır. Təəssüflər olsun ki, biz əvvəlki illərdə olan fəallığı son zamanlar görə bilmirik. Düzdür, bəzi partiyalar qeydiyyatdan keçib, namizədlərini veriblər. Ancaq bir çox partiyalar seçkiyə qatılmaqla bağlı hələ də konkret qərarlarını bildirməyiblər. Çox güman ki, onlar güclərini parlament seçkisinə saxlayıb. Hələ vaxt var, bəlkə də seçkiyə 23 gün qalanda, yəni kampaniya başlayanda müəyyən fəallığın şahidi olacağıq”.
Namizədlərə pulsuz efir vaxtının ayrılması məsələsinə də toxunan ekspertin sözlərinə görə, seçkilər fərqli olur: "Biz öyrənmişik ki, prezident və parlament seçkilərində olduğu kimi bələdiyyə seçkilərində iştirak edən namizədlərə də mərkəzi dövlət televiziyasında pulsuz efir vaxtı ayrılsın. Amma bu, mümkün deyil, çünki namizədlərinin sayı həddindən artıq çoxdur. Bələdiyyə yerli özünüidarədir. Ona görə də Quba bələdiyyəsinə namizədliyini verən şəxslərin mərkəzi televiziyada çıxışına elə də ehtiyac yoxdur. Həmin namizədlərin rayonun özündə və ya digər regional telekanallarda çıxış etməsi kifayət edir”.
İsmayıl