Bəlkə qəzaların sayı azaldı...

Sərnişinlərə işıq saçan qolbaqların paylanması təhlükəsizlik baxımından faydalı aksiyadır
"Yaxşı olardı ki, daha çox uşaqlara, məktəblilərə, fiziki qüsurlu insanlara paylansın. Bununla biz onların həyatını daha artıq sığortalamış olarıq"



Piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzalarını azaltmaq məqsədilə metroda sərnişinlərə işıq saçan qolbaqlar paylanıb.

Bu, "Bakı Metropoliteni"nin "İşıq saç, özünə yol aç!" şüarı altında keçirdiyi sosial aksiyadır. Aksiyaya "28 May" stansiyasında başlanıb və sərnişinlərə piyada ölümünə səbəb olan qəzaların qarşısını almaq üçün istifadə edilən işıq saçan qolbaqlar barədə məlumat verilib. Aksiya çərçivəsində müxtəlif vasitələrlə insan həyatını necə qorumaq mümkün olduğuna dair əyani nümunələr, faktlar, dünya təcrübəsi və statistik göstəricilərin müqayisəsi ilə sərnişinlərə izah olunub. Qeyd olunub ki, Azərbaycanda yol nəqliyyat hadisələrinin 40-45 faizi sərnişinlərin vurulması ilə nəticələnir və daha çox yaşayış məntəqələrində rast gəlinir.

Piyadalara sürücülərin diqqətini cəlb etmək üçün işıq qaytarıcı elementlərdən istifadə olunmasının önəmi ilə bağlı tövsiyələr verilib. Qolbağlardan istifadə qaydaları izah olunub.
Aksiya çərçivəsində paylanan qolbaqlar qaranlıq hava şəraitində, axşam və gecə saatlarında yol hərəkətinin iştirakçısı olan insanların diqqətini cəlb edir. Bunun nəticəsində sürücü yaxınvuran işıqla 150, uzaqvuran işıqla 300 metrə qədər görmə məsafəsində işıq reflektorlarından istifadə edən piyadanı görə bilir. Bu səbəbdən işıq saçan reflektorlar, qolbaqlar, boyunbağılar, flikerlər insan həyatının xilas mənbəyinə çevrilib. Qeyd edək ki, aksiya metronun "İçərişəhər” və "Elmlər Akademiyası” stansiyalarında da keçirilib.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli «Şərq»ə açıqlamasında bildirdi ki, xüsusi işıq effektli qolbaqlar təcrübəsi ilə hələ 2009-cu ildə ABŞ-da nəqliyyat təhlükəsizliyi ilə bağlı internatura keçərkən tanış olub:

- Biz ABŞ Avtomobil Assosiasiyasının fəaliyyəti ilə yaxından tanış olmaq üçün internaturaya qatılmışdıq. Və orada xüsusi işıq effektli qolbaqlar təcrübəsinin olduğunu gördük. Amma bu qolbaqlardan xüsusən fiziki qüsurlu, görmə qabiliyyəti zəif insanlar və bir də ən çox məktəblilərin istifadə etdiyinin şahidi olduq. Xüsusi işıq effektli vasitələr şagirdlərə paylanırdı, onların məktəb çantalarına arxadan yapışdırılırdı, ön hissədən yaxaya vurmaq üçün də xüsusi vasitələr vardı. Bu vasitələrin xüsusiyyəti budur ki, avtomobilin işığı düşəndə əks işıqlanma yaradır və qarşıda maneə olduğunu görməyə imkan yaradır. İşıqlandırma vasitələrinin paylanması, əlbəttə, piyadaların təhlükəsizliyi baxımından faydalı bir aksiyadır. 

Xüsusilə də, bizim şəhərdə işıqlandırma problemi olan bəzi küçələri nəzərə alsaq. Xüsusi işıq effektli geyimlər də dünyada geniş yayılmış təcrübədir. İşıq saçan idman geyimləri, ayaqqabılar var. Gecə saatlarında küçələrdə çalışan fəhlələrə, xadimələrə belə geyimlər paylanmalıdır. Metropolitenin belə bir aksiyaya imza atması təqdirəlayiqidir. Çünki metropoliten əhalinin kütləvi toplaşdığı əsas yerlərdəndir. Yaxşı olardı ki, bu cür işıq saçan vasitələr Qərb ölkələrində olduğu kimi, daha çox uşaqlara, məktəblilərə, fiziki qüsurlu insanlara paylansın. Bununla biz onların həyatını daha artıq sığortalamış olarıq.

Məlahət Rzayeva