Benzinin qiyməti ucuzlaşmayacaq

Nazirlər Kabinetinin qərarı daxili bazarı qorumaq məqsədi daşıyır



Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib. Müvafiq dəyişikliyə əsasən ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb.

Dəyişikliyə əsasən, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Bu qərar avqustun 16-dan etibarən 60 gün müddətində qüvvədədir.

Bəs, bu qərar ölkəyə idxal olunan yanacağın satış qiymətinə necə təsir edəcək? Onsuz da neftin dünya bazarında qiymətinin düşməsinə baxmayaraq Azərbaycanda benzinin satış qiyməti əvvəlki vəziyyətdə saxlanılıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban isə bu sərəncamın müvəqqəti xarakter daşıdığını deyib.

Onun sözlərinə görə, Ai-92 markalı benzinin qiymətinin ucuzlaşması ilə bağlı ortada heç bir amil yoxdur: "Bu onunla əlaqədardır ki, hazırda Azərbaycana idxal olunan yüksək oktanlı benzinə idxal vergisi yoxdur. 2014-cü il aprelin 1-dən idxal vergisi götürülüb. İndi isə 95-dən aşağı oktan dərəcəsi olan benzinə, həmçinin 92 oktanlı benzinə də tətbiq ediləcək. Əgər buna limit qoyulursa, ehtimal var ki, Heydər Əliyev adına Neft Emalı Zavodu təqribən 1 ay müddətinə müvəqqəti olaraq təmirə dayandırılır. Demək, bu, adi təmir deyil. Bu o deməkdir ki, modernizasiya işləri ərəfəsində yerli istehsal hesabına 92 oktanlı yanacağa olan daxili tələbatı ödəmək mümkün olmayacaq. Cari təmirdən əvvəl daxili tələbatı ödəmək üçün ehtiyat yığılmalıdır. Buna görə də neft emalı zavodlarında ildə bir dəfə cari təmir zamanı belə təcrübədən istifadə edilir”. Ekspertin sözlərinə görə, yerli istehsal dayandığından xaricdən idxal hesabına ölkənin daxili tələbatını ödəmək və yanacağın qiymətinin dəyişməməsi üçün Nazirlər Kabineti belə müvəqqəti addım atır: "Onu da deyim ki, Ai-92 markalı benzin ölkəyə idxal olunmur. Ona görə də Nazirlər Kabinetinin bu qərarından sonra qiymətə təsir edəcək bir amil ortaya çıxmayıb. İkincisi, Nazirlər Kabinetinin qərarı limitlidir, yəni oktyabrın 15-də qüvvədən düşəcək”.

Ekspertin fikrincə, idxal rüsumunun aşağı salınması yarana biləcək qıtlıq dövründə daxili bazarı qorumaq məqsədi daşıyır: "Əgər bu marka benzin yerli istehsaldırsa və hökumət də onun idxalı ilə bağlı stimullaşdırıcı, ancaq zaman məhdudiyyəti qoyulan bir qərar verirsə, demək bu, istehsal müəssisəsi ilə bağlı məsələdir. Neftayırma zavodu ildə bir dəfə təmirə dayanır. Sadəcə, hazırkı təmir işlərinin miqyası böyükdür və rezervuarlarda yığılan neft məhsulları ehtiyatları bu müddətdə ölkənin daxili tələbatını ödəməyə yetərli olmayacaq. Bu baxımdan, hökumət idxaldan gələn vergini minimuma endirməklə, daxili bazarda qiymətlərin stabil qalmasına şərait yaradıb”. Mərkəz rəhbərinin dediyinə görə, aksiz vergisindən dövlət büdcəsinə çatacaq vəsaitdən idxal dövründə imtina edib.

İqtisadçı-ekspert Akif Nəsirli isə hesab edir ki, benzinin maya dəyəri aşağı düşürsə, normalda bu onun qiymətinə də təsir etməlidi: "Aksiz vergisi də benzinin maya dəyərinə aiddir. Lakin ölkəmizdə benzinin istehsalçısı da, onun qiymətini tənzimləyən də dövlətdir. Yəni, Ai-92 markalı benzinin qiymətini bazar tənzimləmədiyinə görə, onun qiymətinə proqnoz vermək də düzgün deyil.

Məlum qərarın ardınca Tarif Şurasının verdiyi açıqlama da onu göstərir ki, hökumət sadəcə öz neftayırma zavodunun rentabelliyini yüksəltmək fikrindədi. Görünür, zavod indiki satış qiymətləri ilə öz xərclərini qarşılaya bilmir”.

Benzinin indiki qiymətini ədalətsiz qiymətlər hesab edən ekspert deyib ki, dünya bazarında neftin qiyməti 2 dəfədən çox ucuzlaşıbsa, bu ucuzlaşma mütləq şəkildə yanacağın pərakəndə qiymətlərində də əksini tapmalı idi.

Şəymən