Bəşər Əsədin ordusunda cəmi 14-15 azərbaycanlı döyüşür

Onların arasında ölənlər də olub
Artıq heç bir azərbaycanlı Bəşər Əsəd tərəfdən döyüşmək üçün Suriyaya getmir. Bu proses artıq dayanıb


Azərbaycan vətəndaşları Suriyaya təkcə İŞİD sıralarında döyüşmək, baş kəsmək və Əbu Bəkr əl-Bağdadinin rəhbərliyi altında islam xilafəti qurmaq üçün getmir. Bəşər Əsəd rejimi də Azərbaycandan radikal sünni cihadçılara qarşı döyüşmək üçün muzdlular aparır.

Bir neçə gün əvvəl məlum olub ki, Bəşər Əsəd rejimi Əfqanıstanın şiə icmasından - xəzərlərdən olan döyüşçüləri Tehranın egidası altında hazırlayır və onları sünni cihadçılara qarşı döyüşə göndərir.

Qeyd edək ki, əsasən Bakı kəndlərindən və Azərbaycanın cənub bölgələrindən gənclərin Əsəd rejimi tərəfində döyüşmək üçün Suriyaya aparıldığı haqda təsdiqlənməmiş məlumatlar yerli mediada əvvəllər də yer alıb.

Faktlardan da bəlli olduğu kimi azərbaycanlılar Suriyada bir-birinə qarşı vuruşur. Azərbaycanlılar Suriyadakı vətəndaş müharibəsinin hər iki cinahında yer alıblar. Azərbaycanlıların daha çox Suriya müxalifəti tərəfdən döyüşməsinə dair xəbərlər var. Ancaq Əsəd rejimi tərəfində vuruşan azərbaycanlılar barədə də xəbərlər gəlməyə başlayıb. Ekspertlər isə hesab edir ki, şiə təriqətinin təmsilçiləri olan həmyerlilərimiz İran üzərindən bu ölkəyə yollanırlar.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, İlham İsmayılın sözlərinə görə, Bəşər Əsədin azərbaycanlılardan ibarət ordu yaratması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur. Sadəcə olaraq, ayrı- ayrı azərbaycanlılar Əsəd ordusunun tərkibində döyüşür. "Cihad” adı altında yüzlərlə azərbaycanlının Suriyaya gedərək Bəşər Əsəd rejiminə qarşı vuruşduqları bizə çoxdan bəllidir. Hətta bunun qarşısının alınması üçün ciddi tədbirlər də görülməkdədir.

Amma bir məsələ var ki, Suriyaya gedən azərbaycanlılar təkcə Əsədə qarşı vuruşanlar deyil. Oradakı savaşan azərbaycanlılar da iki məzhəbin mənsublarıdır. Dediyim kimi, gedənlərin əksəriyyəti sələfilərdir. Yəni Əsədin düşmənləridir. Amma Suriyada Əsəd tərəfdən döyüşən azərbaycanlılar az da olsa, var. Əsədə qarşı döyüşənlər kimi onlar da din uğrunda savaş adı ilə ora gedənlərdir. Sadəcə bunlar sələfi yox, radikal şiələrdir. Onlar da İrana gedərək Suriyaya keçirlər və Əsədin tərəfdarı olaraq vuruşurlar. Azərbaycanda İranın təsiri altında olan bəzi qüvvələr var ki, döyüşən azərbaycanlılar da məhz həmin adamların təsiri ilə Suriyaya gediblər. Amma onların sayı elə də çox deyil. Cəmisi 14-15 nəfərdir. Onlar arasında ölənlər də olub. Bu barədə bir neçə ay bundan qabaq mətbuat da yazmışdı”.

Politoloq onu da qeyd edib ki, artıq heç bir azərbaycanlı Bəşər Əsəd tərəfdən döyüşmək üçün Suriyaya getmir: "Bu proses artıq dayanıb. Bunun da səbəbi odur ki, artıq radikal şiələr gördü ki, bu məzhəb davasında onların heç bir rolu yoxdur və sonları ölümdür. Həm də İŞİD və onlardan əvvəl Əsədə qarşı vuruşan qüvvələrlə müqayisədə bunların sayı çox az olduğu üçün Azərbaycanda Əsəd ordusunun təbliğatı dayandırıldı. Hazırda Əsəd tərəfdən döyüşən azərbaycanlılar isə əvvəlcədən gedənlərdir. Amma istənilən halda bu gün Suriyadakı müharibədə hər iki cəbhədə azərbaycanlılar var. Bu faktdır”.

Şəymən