"Bəzi marşrut xətlərinin bağlanması bir neçə insanı işsiz qoya bilər" - AÇIQLAMA

Elməddin Muradlı:"Yaxşı olardı ki, həmin marşrutlara müəyyən cəza tətbiq olunsun"


Həmin 5 marşrut xəttinin sərnişindaşımadan uzaqlaşdırılması müvəqqəti olmalıdır.

Bunu Sherg.az-a Bakıda 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətlərinin sərnişindaşımadan uzaqlaşdırılması təklifinə münasibət bildirərkən, "Avtosfer.az" saytının baş redaktoru Elməddin Muradlı deyib. 

Onun sözlərinə görə, avtobus şirkətləri nöqsanlarını aradan qaldırmağa çalışmadığından onların fəaliyyəti günü-gündən pisləşir: 

"Hazırda BakuBusun diqqət mərkəzində olması, onun bazası və imkanlarının genişlənməsi, mütəmadi olaraq yeni avtobusların gətirilməsi digər sərnişindaşıma şirkətlərini kölgədə qoyur. Çünki BakuBus dövlət şirkətidir və onun diqqətindədir. Bu baxımdan onlar daha yaxşı inkişaf edə bilirlər. Lakin digər avtobus şirkətlərinin bu cür imkanları yoxdur. Vaxtilə Nəqliyyat Nazirliyinin tabeliyində olan bu sistemin nəzarətsiz qalması onun fəaliyyətinin aşağı düşməsinə də təsir göstərib. O şirkətlərdən heç kim yeni avtobuslar alınmasını, vətəndaşlara xidmətdə yeniliklər edilməsini, keyfiyyətin artırılmasını tələb etməyib. Sürücülər hətta oturacaqları olmayan bərbad avtobuslarla belə xidmətlərini davam etdiriblər. Bu gün isə Bakı Nəqliyyat Agentliyi (BNA) şirkətlərə belə avtobuslarla işləməyin mümkün olmadığı tələbini qoyur. Artıq bu zaman narazılıqlar başlayır və şirkətlər buna imkan çatmadığını etiraf edirlər".

E. Muradlı bildirib ki, şirkətlər gündəlik icarə üçün sürücüdən 200 manat tələb edir:"

Onun yanacağı və digər xərcləri də hətta sürücünün boynuna olur. Həmin şirkətlərin illərdir qazandıqları bu pulları hara xərcləməsi isə bilinmir. Şirkətlər üzərlərində məsuliyyət hiss etməyiblər ki, bu gün işi yola verməklə sabah üçün əlavə problem yaradırlar. BNA müxtəlif təkliflər irəli sürür, ancaq şirkətlər ağ bayraq qaldırır ki, biz bunu bacarmırıq. Lakin onlar bu problemləri aradan qaldırmaq üçün heç bir tədbir görməyə çalışmırlar. BakuBusun fəaliyyətini daha da genişləndirmək ön plandadır, lakin nəzərə almaq lazımdır ki, digər şirkətlərin də burada iş payı var və onlar da çalışmalıdır. Bu səbəbdən həmin qəza statistikası çox olan marşrut xətlərinin bağlanması məqsədəuyğun olmayacaq. Çünki belə olarsa, bir neçə insanın işsiz qalmasından söhbət gedə bilər. Yaxşı olardı ki, həmin marşrutlara müəyyən cəza tətbiq edilsin. Ən azından şərnişindaşımadan uzaqlaşdırılsın. Belə olan halda onların özlərini düzəltməsi üçün müsbət şərait yarana bilər".

E. Muradlı onu da əlavə edib ki, bu şirkətlərin keyfiyyətli xidmətini təmin etmək üçün rəqabət mühiti düzgün formalaşdırılmalıdır: " Yəni bütün avtobuslar BakuBusun əlində cəmləşdirilsə, 10 il sonra monopoliya yaranmayacağına heç kim zəmanət vermir".

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, paytaxtda 5 marşrut xətti sərnişindaşımadan kənarlaşdırıla bilər. Bunlar 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləridir.

Aysel Aslan