“Bəzi müğənniciklər İbrahim Tatlısəslə görüntülərimdən narahat olublar”

Zemfira İbrahimova: “Paxıllıq edənlərə “Allah şəfa versin” deyirəm”
“Sadəcə sözüm onlaradı - mənim kimi gözəl niyyətli arzular edin, arzunuza çatın və arzunuzu belə dəyərləndirsinlər”



Gənc xanəndə Zemfira İbrahimova bu günlərdə sosial şəbəkədəki paylaşımları ilə mətbuatın marağında qala bildi. Onun türk dünyasının təkrarsız müğənnisi, musiqi imperatoru İbrahim Tatlısəslə paylaşdığı video hələ də müzakirə olunur. Bəziləri xanəndəni bu paylaşımına görə qınadılar, bəziləri tam əksinə, ona dəstək olmağa çalışdılar. Məsələyə bir də Zemfira İbrahimovanın pəncərəsindən baxmağa çalışdıq. Hazırda Türkiyədə olan xanəndə "Şərq”ə eksklüziv müsahibə verdi.

- Zemfira xanım, türk musiqisinin imperatoru ilə görüşünüz olub. O görüşdə İbrahim Tatlısəs üçün ifa təqdim etmisiz. Görüntüləri paylaşarkən bu qədər müzakirələrə səbəb olacağını düşünürdüz?

- İbrahim Tatlısəslə görüşmək mənim uşaqlıqdan ən böyük arzum olub. Arzuladığım bir arzunu Allah istədi, yerinə yetdi. Təbii ki, məni tanıyanlar bilirdi ki, mənim arzum idi İbrahim bəyi canlı görüm, onunla ünsiyyətim olsun. Ola bilər, bəziləri buna görə qınadı. Sadəcə sözüm onlaradı - mənim kimi gözəl niyyətli arzular edin, arzunuza çatın və arzunuzu belə dəyərləndirsinlər. Hələ də anlaya bilmirəm ki, bu qədər iradın səbəbi nə idi. Mən türk dünyasında sözünü deyən, təkrarsız bir sənətçi ilə görüşmək imkanı əldə etdim, onun üçün bir parça ifa təqdim etmək ürəyimdən keçdi. Bunu da reallaşdırdım.

- Bəziləri bunun məqsədli bir paylaşım olduğunu deyirlər.

- İnanın səmimiyyətimə, qətiyyən o paylaşımda bir məqsəd, bir başqa niyyət olmayıb. Niyə insanlar biz sənətçilərə qarşı bəzən bu qədər sərt olurlar? Biz də adi insanlarıq. Ani sevincimizi, xoş anlarımızı sosial şəbəkədə paylaşmaq hüququna sahibik. Guya sənətdən tamamilə uzaq bir sahənin insanı İbrahim bəyi görsəydi, onunla bir selfi çəkdirmək istəməzdi. Söhbət İbrahim Tatlısəsin səsinə dəyər verən pərəstişkarından gedir. Mən o sənətkarın pərəstişkarıyam. Bunu heç vaxt gizlətməmişəm. Allah qismət etdi, onu görə bildim, danışdım, bir az oxudum. Həyatımdakı bu gözəl anlarımı da bölüşmək istədim. İnsan psixologiyası bəzən bunu tələb edir. İnsan duyğulananda, sevinəndə, kədərlənəndə hisslərini bölüşməyə ehtiyac duyur. Mən də o an hiss etdiyim xoş anlarımı sosial şəbəkədə paylaşdım. Bu görüntülər mənim şəxsi sosial səhifəmdə yer alır. İstəməyən baxmaya bilər. Bu onların öz işidir. Amma mənə də heç kim qadağa qoya bilməz ki, bu paylaşımı niyə etdin? Şükür Allaha, orda utanacaq bir görüntü yoxdu. Mən sənətçiyəm, ruhən musiqiyə bağlı biriyəm. O an ifa etmək içimdən gəldi, oxudum, həmin məqamı da sevərək paylaşdım. Niyə bu qədər sərt münasibət var, onu anlaya bilmədim.

- Bəlkə bəziləri qısqandı?

- Bəlkə də. Bunun başqa adını da tapa bilmirəm. Müğənniyəm. Bu günə qədər də mənim də pərəstiş etdiyim sənətkarlar olub. İstər Azərbaycan sənətkarları arasında, istərsə də türk müğənniləri sırasında ifasını sevdiyim sənətçilər var. Onları dinləməkdən zövq almışam. İbrahim Tatlısəs isə təkcə Zemfira İbrahimovanın pərəstiş etdiyi sənətkar deyil. Bütün türk dünyası onun ifasına xüsusi sevgi bəsləyir. Orda qurban kəsdirdim. O qurbandan İbrahim bəy də nuş edib yedi. Mən istəyimə çatdım. İbrahim bəy də bu görüşdən təsirlənmişdi, gözləri dolmuşdu, kövrəlib ağladı. İnsanıq. Hər kəs ani bir duyğusal məqamdan təsirlənib ağlaya bilər. İnanın, yaşadığım hisslərdə ancaq saf niyyət və gözəl duyğular var. Onunla uzun, maraqlı söhbətimiz oldu. Bilirəm ki, bəzi müğənniciklər bu görüntülərdən narahat olublar. Onlara isə bir sözüm var, bir az reallıqları qəbul etməyi bacarsınlar. Bu səsi də mənə Allah verib. O mənə yol açıbsa, bəndə nə karədir? Bu gün gündəmi Zemfira zəbt edibsə, bu, Zemfiranın günahı deyil. Paxıllıq edənlərə isə "Allah şəfa versin” deyirəm.

- "O səs Türkiyə” yarışmasında iştirakdan sonra Zemfiranın həyatında, daha dəqiq desək, yaradıcılıq yolunda nə dəyişdi? Müsbət, ya da mənfi istiqamətdə müsabiqənin sizə təsiri oldumu?

- "O səs Türkiyə” müsabiqəsinin mənim yaradıcılığıma birmənalı şəkildə təsiri oldu. Mənim tanınmağımda bu müsabiqənin rolunu dana bilmərəm. Həm Azərbaycan şou- biznesində, həm də Türkiyə şou-biznesində mənim üçün qapıların açılmasına vasitə oldu. Bəli, mən xanəndə kimi fəaliyyət göstərirəm, xanəndəyəm. Baxmayaraq ki, türk musiqilərinə müraciətlərim də maraqla qarşılanır. Amma mənim ruhum, qanım, canım muğamla, milli musiqi ilə yoğrulub. Xalq mahnılarını da ifa edirəm. Bir az öz səs rəngimi, çalarımı bu ifalara qatmağa çalışıram. Çünki heç kimi təkrarlamağı sevməmişəm. Amma mən xanəndəyəm. Yeri gələndə, məqamı çatanda muğamlarımızı ifa edirəm. Muğam təhsili alan xanəndə olduğum üçün o xətdən kənara çıxmamağa çalışıram. İstər efirlərdə, istərsə də el şənliklərində muğamlara müraciət edirəm. Məni elə bu ifalarıma görə də məclislərə, efirlərə dəvət edirlər.

- Ailədə Zemfiraya nə dərəcədə dəstək var? Həyat yoldaşınız sizə məhdudiyyət qoyurmu?

- Mən xanım sənətçi olaraq özümü şanslı sənətçi hesab edirəm. Çünki ailədə mənə dəstək var. Subay ikən anam mənə dəstək olub. Əlimdən tutub musiqi məktəbinə aparıb. O mənim xanəndə olmağımı arzulayırdı. Anam bu gün məni səhnədə görəndə sevinir, qürurlanır. Zəhmətinin bəhrəsini görəndə ruhlanır. Həyat yoldaşıma gəlincə, o, mənim həyatdakı ən böyük hədiyyəmdi. Çünki məni başa düşür. Sənətdə olan xanıma ailənin dəstəyi olmasa, o, uğur əldə etməyə çətinlik çəkər. Bu baxımdan şanslıyam. Həyat yoldaşım Anar hər zaman mənə dəstək olub. Ailədə səhnə ilə bağlı elə böyük problemlərim heç vaxt olmayıb. Anar məni yaxşı tanıyır. Ona görə də güvəni sonsuzdu. Mənə elə gəlir ki, ailədə güvən olmasa, o ailə uzunömürlü ola bilməz. Şükür Allaha, övladlarım, gözəl ailəm var. İnsana bundan artıq nə lazımdı?

- Sənət aləmində, şou-biznesdə toy bazarında fərqlənmək, pul qazanmaq üçün oxuyanlar var, bir də səhnə üçün fəaliyyət göstərib, daha böyük iddialarla sənətə gələnlər olur. Zemfiranın hədəfi varmı?

- Bu gün müğənnilərin çoxu toydan qazanır. Bu həqiqəti heç kim dana bilməz. İçi mən qarışıq hamımızın qazanc yeri toydu. Amma bu o demək deyil ki, mən toylarda ifa etməklə kifayətlənməliyəm. Xanəndə olaraq, təbii ki, böyük səhnələrdə konsert vermək, sənət adına layihələr təqdim etmək arzularım var. Belə cılız görünməyimə də baxmayın. İddialarım da böyükdü. Çünki muğam sənəti kimi dəryada üzmək o qədər asan deyil. Demirəm xanəndə kimi nəsə etmişəm, amma arzularım, iddialarım, hədəflərim var. Konsert verməyi düşünürəm. İstər Azərbaycanda, istərsə də Türkiyədə layihələr həyata keçirməyə hazırlaşıram. Bunun üçün ilk növbədə böyük vəsait lazımdı. Eyni zamanda xanəndə olaraq səhnəyə çıxıb konsert vermək böyük məsuliyyətdi. Buna ciddi hazırlaşmaq, repertuar üzərində çalışmaq lazımdı. İstər Muğam Mərkəzində, istərsə də Heydər Əliyev adına Sarayda konsert vermək niyyətim var. Allah böyükdü, inşallah, bu arzularım da reallaşar. Heç kim birdən-birə böyük uğurlara imza atmayıb. Mən çalışıram muğamlarımızı lentə aldırım. Təbii ki, istəklərimin həyata keçməsi üçün zaman vacib amildi. Şükür Allaha ki, bu günə qədər ailəmin dəstəyindən başqa kimsədən kömək almamışam, öz gücümə bu günə gəlib çatmışam. Allah sənət naminə çalışan hər bir saf niyyətli sənətkara kömək olsun, mən də onların içində.

Tahirə Məmmədqızı