Binəqədidən yazanlar mükafatlandırıldı

6 jurnalist əsas, 19 jurnalist isə həvəsləndirici mükafata layiq görüldü



Dünən Binəqədi rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası baş tutub.

Bununla yanaşı, tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıb. Hesabat iclasında rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Madər Musayev, Rafael Cəbrayılov, rayonun müxtəlif təşkilatlarının, habelə aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. 2014-cü ildə "Təmiz Binəqədi” layihəsinin icrasına başlanıldığını diqqətə çatdıran
X.İsgəndərov söyləyib ki, məqsəd ilk Avropa Oyunları ərəfəsində rayonda abadlıq-quruculuq işlərini genişləndirmək, təmizliyi, səliqə-səhmanı təmin etməkdir.

Daha sonra toplantı iştirakçılarını salamlayan KİVDF-nin icraçı-direktoru Vüqar Səfərli bildirib ki, hesabat iclasında nümayiş olunan filmdə və məruzədə yer alan makroiqtisadi göstəricilər Binəqədi rayonunun ötən il uğurlu inkişaf yolu keçdiyini bir daha təsdiqləyir. V.Səfərli ölkə başçısının 2014-cü ildə rayona 7 dəfə səfər etməsi faktını xüsusi vurğulayaraq, bu yüksək diqqətin nəticəsi kimi rayonun hesabat ilində mühüm nailiyyətlərə imza atdığını diqqətə çatdırıb.

Çıxışı zamanı Fondun icraçı direktoru əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi və siyasi islahatların nəticəsi olaraq Azərbaycanda kütləvi informasiya vasitələrinin sürətli inkişaf yolu keçdiyini, söz, fikir və məlumat azadlıqlarının təmin edildiyini, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirildiyini, KİV-lərə dövlət qayğısının ardıcıl və sistemli şəkildə gerçəkləşdirilməsi məqsədilə ölkə başçısının 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın təsdiq edildiyini nəzərə çatdırıb: "Həmin Konsepsiyadan irəli gələn məsələlərin reallaşdırılması üçün ölkə başçısının 2009-cu il 3 aprel tarixdə imzaladığı fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb”.

Vüqar Səfərli daha sonra Fondun KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələrin genişləndirilməsi, jurnalistlərin maarifləndirilməsi və yaradıcı fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirdiyi birgə konfrans və müsabiqələr barədə ətraflı məlumat verib. İcraçı-direktor Fondun Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 3-dən dekabrın 19-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya vasitəsindən 41 yazının daxil olduğunu bəyan edib. Vüqar Səfərli müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 19 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 25 nəfərin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu deyib. V.Səfərli media ilə əməkdaşlığın inkişafında fəal roluna görə, Binəqədi rayonunun rəhbərliyinə təşəkkürünü bildirərək yaxın perspektivdə "Təmiz Binəqədi” layihəsinə həsr olunmuş növbəti birgə müsabiqənin təşkil olunacağını vurğulayıb. Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Ayyət Əhməd