Bir acları da düşünün...

Dəbdəbəli iftar süfrələrini sosial şəbəkələrdə paylaşanlar günaha batırlarAllah israfçı qullarını heç vaxt sevmir. İftar süfrəsini sosial şəbəkələrdə paylaşan qullar bəlkə də bilmədən Allah qonaqlığını zay edir, Allahın qəzəbinə gələ biləcək bir addıma imza atır
Ramazan orucu nəfslə edilən bir cihaddır.Varlı ilə kasıbı bir-birinə yaxınlaşdırır, insanları mənəvi olaraq yüksəldir, nemətlərin qədrini bildirir, əxlaqı gözəlləşdirir. Oruc eyni zamanda öz aclığı və susuzluğu ilə nəfsi təzkiyə və tərbiyə üçün bir vasitə kimi qəbul edilir.
Ramazanda iftar süfrələrinin sadə, dəbdəbə və israfdan uzaq olması səfa və səmimiyyətə səbəb olur və bu, Ramazan ayının həqiqətinin dərk olunması anlamına gəlir. Amma hər il Ramazan ayı gələndə Azərbaycanda açılan iftar süfrələri dəbdəbəliliyi ilə göz oxşayır. Bu da azmış kimi sanki ac olanlara nisbət olsun deyə bəzi insanlar iftar zamanı yediklərini-içdiklərini sosial şəbəkələrdə paylaşırlar.
İlahiyyatçı Elşad Miri isə hesab edir ki, Ramazan ayında oruc tutanlar yedikləri yeməklərin şəkillərini sosial şəbəkələrdə paylaşmaqdansa, Quran oxusunlar və onun şəkillərin paylaşsınlar. Bu, daha gözəl olar.
Onun sözlərinə görə, insanlar yedikləri yeməklərin şəkillərini sosial şəbəkələrdə yox, yeməklərin özünü imkansızlarla bölüşsələr, daha məqsədəuyğun olar: "Ramazan bölüşmə, paylaşma ayıdır. Amma bəzi insanlar iftar süfrələrinın şəkillərini paylaşmaqla bilməlidilər ki, bu, onların günaha girmələrinə səbəb olur”. Elşad Mirinin sözlərinə görə, yemək fotolarının paylaşılması natamamlıq kompleksinin təzahürüdür.
Şərqşünas Seyid Camal Əzimbəyli isə "Şərq”ə açıqlamasında Ramazan ayının Allah tərəfindən digər aylar içərisindən müjdələnən bir saylı ay olduğunu deyib: "Ramazanı ona görə 11 ayın sultanı adlandırılır ki, islamın müqəddəs kitabı "Qurani-Kərim” məhz bu ayda nazil olub. Allah-təala bu ayda oruc tutmağı bizə vacib buyurub. Amma çox təəssüflər olsun ki, qloballaşan dünyada, elmi-texniki tərəqqi dövründə bəzi insanların inkişafı artmaq əvəzinə, cahilliyə doğru geri-geri addımlayırlar. Bəzi "inanclı” müsəlmanlarımızın davranışları islami prinsiplərlə bir araya gəlmir. Bu məsələyə müəllifi olduğum "İnam” verilişində də toxunmuşam. Ramazan ayı yardımlaşma ayıdır. Əgər Ramazanda oruc tutan müsəlman gecəni səhərə qədər növbənöv qidalardan yeyib, ac qalanın halını anlamırsa, bu sadəcə Allahla bazarlıqda uduzmaq deməkdir”.
Dəbdəbəli iftar süfrələrinin sosial şəbəkələrdə paylaşılmasının yolverilməz olduğunu vurğulayan şərqşünas deyib ki, sevgili rəsul Allah özü "Qurani-Kərim”də Ramazan ayında bütün müsəlmanların Allah qonaqlığına dəvətli olmasını buyurub. İftar nemətlərinin əksəriyyəti kasıb, ac olan insanların gözü önünə sərilməsinin düzgün olmadığını qeyd edən Seyid Camal Ramazanın bərabərlik, fürsət ayı olduğunu deyib: "Şərt deyil ki, oruc tutan adamın iftar süfrəsində dünyanın nazı-neməti olsun. Sosial iftar süfrəsini çəkib, sosial şəbəkələrdə paylaşmaq əvəzinə, öz iftarını başqaları ilə paylaşsa, savab qazanmış olar. Çeşidli yeməkləri paylaşmaqla mənəvi saflığı zədələyirlər. Peyğəmbərimizin mübarək hədislərindən birində də deyildiyi kimi, "Bir xurma və südlə Allah qonaqlığı verin ki, bəlkə nicat tapasınız. Allahın sevdiyi qullardan olasınız!”. Əgər bir xurma ilə iftar açmaq yaradan tərəfindən qəbul olunursa, bu qədər göstəriş nəyə lazımdır. Allah israfçı qullarını heç vaxt sevmir. İftar süfrəsini sosial şəbəkələrdə paylaşan qullar bəlkə də bilmədən Allah qonaqlığını zay edir, Allahın qəzəbinə gələ biləcək bir addıma imza atır. Ramazan sosial yardımlaşma ayıdır, virtual paylaşma yox. Yaxşı olar ki, insanlar özlərinin mal-mülklərini göstərmək əvəzinə, ehtiyacı olanlara maddi- mənəvi yardımlarını əsirgəməsinlər”.
Şəymən