Bir az da gözləyin, sosial evlər tikiləcək

Ancaq mənzillərin vətəndaşlara hansı şərtlərlə təklif olunacağı dəqiqləşməyib



Sosial mənzillərin tikilməsi ilə bağlı artıq bir sıra rayonların icra başçılarına göstərişlər verilib. Bu barədə iqtisadçı millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkilinin sözlərinə görə, rayon icra hakimiyyətləri həmin mənzillərin tikilməsi ilə əlaqədar layihələr üzərində işləyirlər: "Hazırda bu işlər davam etdirilir. Düşünürəm ki, artıq sentyabr ayından etibarən bunun nəticəsini görəcəyik”.

Yada salaq ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Samir Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilib.

Millət vəkili Musa Quliyev isə "Şərq”ə söyləyib ki, sosial mənzillərin inşasına dair layihənin reallaşacağı vaxt məlum deyil: "Çünki bu, hökumətin işidi. Hökumət qərar verəndə hamımız məlumatlı olacağıq. Amma Nazirlər Kabineti (NK) hələ lazımi sənədləri təsdiqləməyib. Cənab Prezident NK-yə tapşırıq verib ki, sosial mənzillərin əsasnaməsi, forması hazırlansın və tender elan olunsun. NK isə hələlik onların nizamnaməsini təsdiq etməyib”.

Parlament üzvü onu da əlavə edib ki, sosial evlərin hansı şərtlərlə təklif olunacağı aydınlaşmayıb: "Bunu hökumət dəqiqləşdirəcək. Mən özümdən xarici ölkələrin təcrübəsini söyləyə bilərəm. Ancaq hökumətin hansı təcrübəni əsas götürəcəyini bilmirəm. Tələsməyin. Bir az gözləyək. Yaxın zamanlarda hər şey açıqlanacaq”.

Ayyət Əhməd