"Səhnə həyatı əks etdirirsə, deməli, o səhnədə gənc də, yaşlı da, qoca da olmalıdır"
"Bir çox böyük aktyorlar səhnədə ölüb"
Azad Şükürov: "Aktyor yaşlana bilər, amma bu onun səhnədən getməsi üçün səbəb ola bilməz"
"Səhnə həyatı əks etdirirsə, deməli, o səhnədə gənc də, yaşlı da, qoca da olmalıdır"
"Səhnə həyatı əks etdirirsə, deməli, o səhnədə gənc də, yaşlı da, qoca da olmalıdır"
Azərbaycan teatr səhnəsinin bu günü barədə müxtəlif fikirlər səslənir. Teatrın dönəmi bitdi deyənlər də var, teatrın yaşadığını iddia edənlər də. Teatr barədə maraqlı fikirlər səsləndirən əməkdar artist Azad Şükürov «Şərq»in qonağı oldu.
- Azərbaycan teatr səhnəsinə bu gün münasibət dəyişib. Bugünkü teatr səhnəsi sizi qane edirmi? Bəziləri "teatrın dönəmi bitdi" deyir, razısızmı bu fikirlə?
- Teatra münasibət dəyişib demək də düzgün olmaz. Teatr dönəmi bitə bilməz. Teatr var. Əslində tamaşaçının teatra münasibəti yaxşıdı. Teatrın özü bugünkü münasibətə normal cavab verə bilirmi? Bu günün tamaşaçısı axtardığını teatrda tapa bilirmi?
- Bəlkə də çoxlarının ehtiyat edib verə bilmədiyi sual budu teatrlarımıza.
- Bəli. Teatr nümayəndələri bu sual ətrafında ciddi düşünməlidirlər. Mənə elə gəlir ki, teatrda olan problemlər barədə düşünərək elə teatr nümayəndələri özlərinə sual ünvanlamalıdırlar. Bu, ciddi bir sualdı, bu məsələ hər bir teatr nümayəndəsini narahat etməlidir. Teatr bugünkü istəkləri ödəyə bilirmi? Təbii ki, yaxşı tamaşalar var. Amma bu, yetərli deyil. Teatrda problem yoxdu deyib susmaqdansa, bir az da günahı özümüzdə axtarsaq, daha yaxşı olar.
- Niyə teatrlarımızın əksəriyyəti bu reallığı görmək istəmir? Sanki problem yoxdu kimi görünməyə üstünlük verirlər.
- Problem var, mövcuddur. Niyə yalan deməliyik? Teatrlarda olan bir çox problemlər var ki, bunlar deyilməlidir. Müzakirə olunub aradan qaldırılmalıdır. Əslində həlli də mümkün olan problemlərdi. Rejissor problemi var, aktyor problemi, dramaturgiya problemi var. Bunlar bir günün işləri də deyil. Çox böyük bir prosesdi. Sadəcə, teatra, səhnəyə ciddi və məsuliyyətlə yanaşmaq lazımdı.
- Əvvəllər tamaşaçıların teatra sevgisi daha böyük idi. Çünki bu günün tamaşaçısı teatra gələndə istəklərini teatr səhnəsində alıb apara bilmir. Zəif tamaşalar, bəsit dramaturgiya və bu kimi digər məqamlar…
- Əslində həqiqətən obyektiv bir fikirdi. Həqiqətən insanların bu gün istəkləri, xüsusilə də sənət aləmindən gözləntiləri fərqlidir. Teatrdan tamaşaçını uzaq salan bir çox amillər var. Teatrdan tamaşaçının uzaq düşməsinin böyük bir hissəsini teatr özündə axtarmalıdır.
- Təbii ki, klassikaya müraciət etmək vacibdi, teatr repertuarında müəyyən klassik əsərlər var ki, onların təqdim olunması lazımdı. Amma eyni zamanda bu günün tamaşaçısı kreativ düşüncəli, daha fərqli dramaturji xətlə cərəyan edən tamaşalara maraq göstərir. Bu gün teatrlarda bu kreativ yanaşmanı görə bilmir tamaşaçı…
- Təbii ki, iradlarınız haqlıdır, yerindədir. Dramaturgiya tamamilə yox səviyyəsindədir demək də düzgün olmaz. Bu gün Azərbaycanda normal səhnə əsəri yazan insanlar var.
- Bəs niyə o pyesləri səhnədə görə bilmirik?
- Tam yoxdu demək düzgün olmaz. Var. Sadəcə çox azdı. Səbəblər o qədər çoxdu ki, birini qeyd edib digərini vurğulamamaq haqsızlıq olar.
- Bu gün seriallara da maraq var. Yerli seriallarda az görünürsüz. Ümumiyyətlə, professional aktyorları belə seriallarda çox görmək olmur…
- Seriallardan çox dəvət almamışam. Amma «Vicdan haqqı» serialında çəkildim. Maraqla qarşılanıb.
- Yerli seriallar hələ də rəqabətdə türk seriallarına uduzurlar…
- Bunun da səbəbləri çoxdu. İlk onu qeyd edim ki, bizdə serial təcrübəsi hələ azdı. Serial indüstriyasının yaşı o qədər çox deyil. Yavaş-yavaş maraqlı seriallar da çəkiləcək, peşəkar rejissorlar da meydana çıxacaq. Sadəcə, bu sahədə zamana ehtiyac var. Türkiyədə serial təcrübəsi çoxdu. Bizim teatr bazamız, teatr tariximiz, məktəbimiz türklərdən daha güclüdür. Bunu türk teatr xadimləri də hər zaman qeyd ediblər. Sadəcə serial sahəsində onlar son 10 il ərzində inkişaf etdilər.
- Azad müəllim, siz təqaüdə çıxan aktyorsuz. Teatrdan uzaq düşmüsüz, darıxmırsız?
- Niyə darıxmıram ki. Səhnə ilə yaşayan insan səhnəsiz qalanda, sizcə, darıxmazmı? Təbii ki, teatr üçün, səhnə üçün darıxıram.
- Təkliflər gəlirmi, qonaq qismində hansısa tamaşaya dəvət olunasınız?
- Yalan deyim ki, təklif gəlir? Yox, gəlməyib. Amma istərdim. Niyə istəmirəm ki? Mənə nə olub ki?
- Yəni bu yaşda səhnədə olmaq potensialınız varsa, niyə oynamayım deyirsiz?
- Təbii ki. Mənim belə baxanda nə yaşım var ki? Səhnədə olmaq gücüm də, imkanım da, potensialım da var.
- Yəni yaşla bağlı bir çox aktyorlar səhnədən uzaqlaşdırıldı. Sizcə, aktyor üçün səhnədə yaşın olması təsir göstərirmi? Nə qədər ədalətlidir ki, oynamaq imkanınız, fiziki gücünüz var, amma səhnədən uzaq qalmağa məhkumsuz…
- Qətiyyən ədalətli deyil. Bu təkcə mənim deyil, potensialı olan hər bir aktyorun yaralı yeridir. Mənim fiziki gücüm hələ uzun müddət səhnədə olmağa imkan verirdi. İstər rus teatrını, istər digər dünya teatrlarının tarixini gözdən keçirin. Bir çox böyük aktyorlar səhnədə ölüb, səhnədən də götürülüblər. Aktyor yaşlana bilər, amma bu onun səhnədən getməsi üçün səbəb ola bilməz. Səhnə həyatı əks etdirirsə, deməli, o səhnədə gənc də, yaşlı da, qoca da olmalıdır. Bu çox normaldı. Bu, uğurlu bir seçim deyil.
- Valeh Kərimov bizimlə söhbət edərkən bildirdi ki, səhnədən, teatrdan getdikdən sonra özümü dəyərsiz, lazımsız hiss etməyə başladım. Teatrdan uzaqlaşmaq məni həyata küsdürdü…
- Onun sözlərində reallıq, həqiqət, məna var. Düzdü, o qədər faciəvi yanaşmazdım. Amma dedikləri həqiqətdi. Aktyor səhnəsiz küskün olur. Bu, psixoloji bir məqamdı. Aktyor səhnədən uzaq qaldısa, dəyərini itirmiş olur sanki. Səhnə aktyoru yaşadır. O özünü orada daha rahat hiss edir. Bütün həyatını səhnədə keçirən bir insan səhnəsiz darıxmaz? Təbii ki, darıxıram. Səhnə həyatımın bir parçasıdır, ordan uzaqda mən özümü narahat hiss edirəm. Aktyor səhnə üçün yaranıbsa, elə səhnədə də ölməlidir. Məncə, ən böyük həqiqət budur.
Tahirə Məmmədqızı