"Bir gün yaşadıqları mənzilə qeydiyyata düşəcəklərinə inamları qalmamışdı" - Prezidentin fərmanı onlara böyük hədiyyə oldu

"Bakıda təqribən qeydiyyatsız 800-dən artıq istismara qəbul olunmayan çoxmənzilli bina var. Həmçinin digər regionlarda da belə binalar var. Bu fərman çoxmənzilli binalarla bağlı uzun illərdir ki, yığılıb qalan problemləri nəhayət ki, həll edəcək. İstismar aktı olmadan çoxmənzilli binada qeydiyyat məsələsini həyata keçirmək mümkün deyil. İstismar aktı bunun üçün ən vacib sənəddir”. 
Bu sözləri Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərmanı dəyərləndirən Əmlak  Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Bu günə qədər Bakı Şəhər İcra Hakimiyyəti ilə Tikinti Kooperativləri arasında bu sahədə çox ciddi və həlli mümkün olmayan problemlərin mövcud olduğunu vurğulayan ekspert deyib ki, hətta FHN-nin tikintiyə yararlı olduğunu təsdiqləyən rəyinə baxmayaraq BŞİH-i müəyyən əsaslar gətirərək çoxmənzilli binaya istismar aktı verməkdən imtina edirdi. Artıq bu Fərmandan sonra FHN-nin müsbət rəy verdiyi çoxmənzilli binalara BŞİH istismar aktını verməyə bilməz.
İlkin hesablamalara görə, Bakı şəhərində 100 mindən artıq mənzilin olduğunu qeyd edən Mərkəz direktoru deyib ki, həmin mənzilin mülkiyyətçiləri binada istismar aktına görə qeydiyyatsız qalıblar: 
"Həmin sakinlər yaşadıqları binaya istismar aktı veriləcəyinə ümidlərini belə itirmişdilər. Çünki binanı inşa edən kooperativlər ərazini tərk etmişdi. Onların bir gün yaşadıqları mənzilə qeydiyyata düşəcəklərinə inamı qalmamışdı. Prezidentin bu fərmanı onlara böyük hədiyyə oldu”.
Ekspert qeyd edib ki, artıq FHN-nin müsbət rəy verdiyi mənzillərə istismar aktı veriləcək və bundan dərhal sonra ƏMDK çoxmənzilli binaların qeydiyyatına başlayacaq. Bununla da dövlət büdcəsinə daxilolmaların artacağına toxunan R. Osmanlı bunun iqtisadi cəhətdən də ölkə üçün səmərəsi olduğunu deyib:
"Əvvəl qeydiyyatsız binalarda aparılan əməliyyatlar zamanı əməliyyat xərcləri qeyri-rəsmi formada MTK-ların cibinə gedirdi. Bundan sonra isə əməliyyatlar zamanı əməliyyat xərcləri dövlət büdcəsinə yönəldiləcək. Vergi ödənişləri formasında, girov əməliyyatlarında, vərəsəlik, bağışlama digər əməliyyatlar zamanı vəsaitlər artıq dövlət büdcəsinə daxil olacaq. Bələdiyyələr həmin ərazilərdən rahat şəkildə əmlak vergisini toplaya biləcəklər”.
Həmçinin Mərkəz direktoru çoxmənzilli binaların istismara qəbulunun mənzil idarəetməsi sahəsindəki mövcud problemləri də aradan qaldıracağını hesab edir: "Əvvəlki halda çoxmənzilli binalarda idarəçilik hələdə MTK-ların səlahiyyətində qalırdı. Onlar da öz istədikləri kimi binanı idarə edirdilər. Mənzil sakinləri də onlarla mübarizə apara bilmirdi. Çünki sakinlərin bəzi hallarda qeydiyyatı olmadığı üçün imkanları məhdudlaşdırılırdı. Artıq cənab Prezidentin bu fərmanı ilə sadaladığımız problemlər aradan qalxacaq”.
R.Osmanlının sözlərinə görə, indiyə qədər mülkiyyətçilər öz əmlaklarını tam təyinatı üzrə də istifadə edə bilmirdilər: 
"İstismar aktı verilməyən binalardan mənzil alan şəxslər öz mənzillərini hansısa banka girov qoyub sahibkarlıq fəaliyyətlərini genişləndirə bilmirdilər. Bundan sonra isə onların bu problemi də aradan qalxmış olacaq. Həmçinin mülkiyyətçilər həmin mənzillərin təyinatını da dəyişdirə bilmirdilər. Ölkə başçısının bir fərmanı illərlə həllini gözləyən çoxsaylı problemlərin aradan qalxmasına imkan verərək vətəndaşların məmnunluğuna səbəb olacaq”.
Qeyd edək ki, sözügedən fərmanla çoxmənzilli binaların istismarına icazə verildiyi gündən 1 ay müddətində həmin binalar su, kanalizasiya xidməti, eləcə də işıq və qazla təchiz edilməli və belə binalardakı mənzillər "Çıxarış”la təmin edilməlidir. Bu sənədə əsasən tikinti-quraşdırma işləri başa çatmış və faktiki istifadə edilən çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi sadələşdirilmiş qaydada həyata keçiriləcək. Fərman binalarının sakinlərinin mənafelərini və Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Bu fərman 2020-ci il yanvarın 1-dək qüvvədədir.
Şəymən