Bir məhbusun ölümü: Bəzən həbsxanada baş vermiş hadisənin yayılmaması, işin xeyrinə də ola bilər





14 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı ziddiyyətli xəbərlər səngimir. Məhbuslarla görüşən valideynlər işgəncə izləri gördüklərini deyirlər. Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov da mətbuata açıqlamasında 14 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı valideynlərdən çoxsaylı şikayət ərizlərinin daxil olduğunu bildirib. Sözügedən cəzaçəkmə müəssissəsində əslində nə baş verdiyi isə hələ də dəqiq bilinmir.

Bilinən sadəcə budur ki, məhbus Elşad Babayevin ölümündən sonra 14 saylı cəzaçəkmə müəssisəsində kütləvi iğtişaş baş verib. Məhbuslardan bir neçəsinin taleyi uzun müddət qaranlıq qalıb. Nəhayət, 11 nəfər məhbusun vərəm xəstəliyi şübhəsi ilə tibb müəssisəsinə yerləşdirilməsi xəbəri yayılıb.

Hazırda bu cəzaçəkmə müəssisəsində real vəziyyətin necəliyi barədə heç bir məlumat yoxdur. Hüquq müdafiəçiləri isə məsələnin araşdırılmalı olduğunu deməklə kifayətlənirlər. Penitensiar Xidmət isə məhbusldar barədə hər hansı məlumatın verilməsinin qanunazidd olduğunu bildirib. Belə vəziyyətdə məhbus valideynlərinin narahatlığı əslində, başadüşüləndir.

Məsələyə münasibət bildirən Penitensiar Xidmətin sabiq rəisi, Məhbuslara Yardım Assosiasiyasının sədri Məmməd Zeynalov "Şərq”ə açıqlamasında qeyd etdi ki, bəzən həqiqətən də müəyyən məlumatların ictimailəşdirilməsi məsləhət görülmür:

- 14 saylı cəzaçəkmə müəssisəsində, deyilənə görə, 1 məhbusun ölümü iğtişaşın baş verməsinə səbəb olub. Amma informasiyalara baxıram ki, deyəsən, istintaq işi əsasən həbsxanadakı iğtişaşla bağlı aparılacaq. Bununla belə deməliyəm ki, həbsxanalarda baş vermiş hadisələrin ictimailəşməsi, bəzən həqiqətən də lüzumsuz olur, çünki həmin hadisələrin ictimailəşməsi daha ağır nəticələrə səbəb ola bilər. Paytaxtda 20-yə yaxın cəzaçəkmə müəssisəsi var. Bir müəssisədə baş vermiş hadisədən digər müəssisələrdə də xəbər tutulması hətta qarşısıalınmaz hallara gətirib çıxarar. Ona görə də, bəzən tamamilə doğru olaraq müəyyən informasiyaların yayılmasının qarşısı alınır, bu da cəmiyyətdəki ümumi sabitliyi qorumaq məqsədi daşıyır. Və cəmiyyətin xeyrinədir. 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə görünməmiş olay deyil. Müəssisələrdə belə hadisələr olur. Mənim işlədiyim vaxtlarda da belə hallar olurdu. Bilirsiz, hamı eyni səviyyədə deyil. Qeyri-peşəkar, işinin öhdəsindən gələ bilməyən personal, zabitlər, nəzarətçilər var. Amma həmişə günahkar ilk növbədə müəssisə rəisi hesab edilir. Halbuki müəssisələrdə elə zabitlər, nəzarətçilər olur ki, öz nadanlıqları ucbatından vəziyyətin gərginləşməsinə səbəb olurlar. Bəzi nəzarətçilər, zabitlər özlərini "rəis” kimi aparırlar. İstəyirlər ki, məhbuslar onlardan çəkinsin, onlardan qorxsunlar. Bu da bəzi vaxtlar arzuolunmaz halların yaşanmasına gətirib çıxarır. Gərək belə əməkdaşlar vaxtında müəyyən edilib, cəzalandırılsınlar, vəzifədən kənarlaşdırılsınlar.

M.Zeynalov 14 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı yumşaldıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu da dedi:

- Valideynlərin narahatlığını diqqətə alaraq bu müəssisə ilə bağlı yumşaldıcı tədbirlər görülməlidir. Məhbusların valideynləri, yaxınları ilə bu həbsxana çox pis bir zonada yerləşir.

Orada yaxınlıqda daş karxanası var və o daş karxanasının tozu yay-qış məhbusların ciyərlərində, yeməyinin içindədir. Əlbəttə, adamlar vərəmə də yoluxar, başqa ağır xəstəlik də tapar. Onsuz da vərəm cəzaçəkmə müəssisələrinin bir nömrəli xəstəliyidir. Məlumdur ki, cəzaçəkmə müəssisələrində vərəmə yoluxmaq üçün münbit şərait mövcuddur. 14 saylı isə açıq-aşkar vərəm mənbəyidir. Cəmiyyətimizin humanistləşməsi prosesi getdiyi bir vaxtda hesab edirəm ki, 14 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı da ciddi tədbirlər görülməlidir. Bu müəssisə mütləq köçürülməlidir və yəqin ki, belə olacaq da. Çünki həbsxanaların yenilənməsi, köçürülməsi prosesi gedir.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı isə belə hesab edir ki, 14 saylı Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin işinə İctimai Nəzarət Komitəsinin üzvləri cəzaçəkmə müəssisəsinə getməli və yerində monitorinq aparmalıdırlar:

- Belə bir hal baş veribsə, İctimai Komitə öz səlahiyyətlərindən istifadə edib o müəssisəyə getməli və həm xidməti personala, həm də məhbuslarla ayrı-ayrılıqda görüşüb söhbət aparmalı və ədliyyə nazirinə təqdimat yazmalıdırlar. Bizim təcrübəmizdə belə hallar olub və biz Komitə üzvü olaraq məhz belə etmişik. Hüquq müdafiə işində məlumatların ictimailəşdirilməməsi praktikası var. Bəzən hansısa məlumatın ictimailəşdirilməməsi mövcud vəziyyətin müsbətə doğru dəyişməsinə daha çox kömək edir, nəinki məlumatların ictimailəşdirilməsi. İndi də biz çalışırıq ki, bir sıra məsələləri aidiyyətli strukturlarla operativ həll edək. Hüquq müdafiəçisi problemin müsbət həllində, nəticənin əldə olunmasında maraqlı olmalıdır. İkincisi, hesab edirəm ki, 14 saylı cəzaçəkmə müəssisəsində baş verənlər İşçi Qrupun müzakirəsinə çıxarılmalıdır. Çünki bu, sıradan bir hadisə deyil. İctimai Komitə öz nizamnaməsinə uyğun hərəkət etsin, İşçi Qrupda isə bu məsələ müzakirə olunsun.

Məlahət Rzayeva