“Bir münaqişə həll edilmirsə və uzanırsa, başqa münaqişələrə səbəb olur”

İlham Əliyev: “Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüquqa söykənən həllinə nail olunmazsa, eyni hadisələrə dünyanın başqa yerlərində də hazır olmaq lazımdır”Prezident Davos Forumunda çıxış edib
Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş "Transformasiya prosesində regionlar: Avrasiya” panelində iştirak edib.
Paneldə çıxış edən prezident İlham Əliyev bildirib ki, transformasiya Azərbaycanda 1991-ci ildə - müstəqilliyin ilk vaxtlarında başlayıb:
"Bu, region üçün ən böyük transformasiya idi. Eyni zamanda bizim üçün böyük çətinliklər yaradırdı. İlk növbədə biz yeni dövlət yaratmalı idik, eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə söykənən müasir iqtisadiyyat qurmalı idik. Bizim üçün transformasiya eyni zamanda siyasi sistem dəyişikliyi idi. Biz plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçid etdik. Bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorun payına düşür. İqtisadiyyatın diversifikasiyası siyasəti uğurla həyata keçirilir. Biz bu gün neft qiymətləri təzyiqindən getdikcə daha çox uzaqlaşırıq. Çünki bizim iqtisadiyyatımızın böyük bir hissəsi qeyr-neft sektorunda formalaşıb. Avropa Yenidənqurma və İnkişaf Bankının və digər təşkilatların köməyi ilə böyük infrastruktur layihələri həyata keçirilir. Hazırda Azərbaycan donor ölkəyə çevrilib”.
Dövlət başçısı qeyd edib ki, hazırda bir sıra layihələri Azərbaycan özü maliyyələşdirir: "Təbii ki, enerji təhlükəsizliyi bizim inkişafımız üçün vacib olub. Çünki Azərbaycan əsas enerji mənbələrinə malikdir. Hazırda bizim enerji mənbələrimiz regionda böyük rol oynayır. Bu yaxınlarda biz böyük enerji layihəsi olan Cənub Qaz Dəhlizi layihəsinin əsasını qoymuşuq. Biz Azərbaycandan Avropaya qaz nəql edəcəyik. Bu, Avropanın ən böyük infrastruktur layihələrindən biri olacaq. İqtisadiyyatın diversifikasiyası bütün ölkələr, xüsusilə neft və qazla zəngin olan ölkələr üçün vacib elementlərdən biridir. Ancaq gələcəkdə daha çox işlər görülməlidir. Çünki biz elə bir regionda yaşayırıq ki, tək mənfiyə deyil, həmçinin müsbətə doğru da transformasiya baş verir. Ancaq çox təəssüf ki, regionda bəzi mənfiliklər də var. Biz daha çox münaqişələr, təhdidlər, terror hücumları ilə üzləşirik. Əlbəttə, ölkə daxilində tam stabillik o zaman təmin edilir ki, onun sərhədlərindən kənarda vəziyyət yaxşı olur. Bizim enerji və nəqliyyat layihələrimiz geniş beynəlxalq, regional əməkdaşlığı özünə hədəf seçib ki, bundan hər bir ölkə xeyir əldə edə bilsin. Bizim siyasətimiz bundan ibarətdir ki, hər bir tərəf - həm istehsalçı, həm tranzit ölkə, həm də istehlakçı bizim imkanlarımızdan faydalansın. Bu, Azərbaycanın yaratmaq istədiyi komanda işidir. Təəssüf ki, bizim regionun sərhədlərindən kənarda vəziyyət 
dəyişir. Neftin qiymətlərinin aşağı düşməsi bizim iqtisadiyyatımız üçün çətinliklər yaradır. Ancaq mən düşünürəm ki, mənfi nəsə baş verirsə belə, oradan müsbət tərəfləri tapmalıyıq. Bu, bizi daha işlək olmağa, daha az itki verməyə yönləndirəcək, bizi aşağı neft qiyməti ilə yaşamağa öyrədəcək ki, bu da enerji mənbələri bitəndən sonrakı dövrə hazır olmaq baxımından bizim üçün çox səmərəlidir”.
"Qarabağ münaqişənin beynəlxalq hüquqa söykənən həllinə nail olunmazsa, eyni hadisələrə dünyanın başqa yerlərində də hazır olmaq lazımdır”
Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş "Transformasiya prosesində regionlar: Avrasiya” panelində çıxışı zamanı münaqişələrə də toxunub.
"Hesab edirəm ki, post-sovet regionundakı bütün münaqişələr, o cümlədən dünyadakı münaqişələr eyni bucaqdan, eyni yanaşmadan həll edilməli, eyni beynəlxalq hüquq normaları tətbiq olunmalıdır”.
Prezident bildirib ki, Azərbaycan üçün ən böyük problem Dağlıq Qarabağ münaqişəsi və onun həllidir: "Azərbaycan 20 ildən artıqdır ki, Ermənistan tərəfindən törədilmiş işğaldan əziyyət çəkir. 20 ildən çoxdur ki, danışıqlar prosesi heç bir nəticə verməyib. Əgər bir münaqişə həll olunmursa və uzanırsa, o, başqa münaqişələrə səbəb olur. Görürük ki, Orta Asiyanı çıxmaqla, post-sovet ərazisində vəziyyət acınacaqlıdır. Son 1 ildə çox şey dəyişib. Yeni təhdidlərlə qarşılaşmışıq ki, biz bunu heç vaxt təsəvvür belə də bilməzdik. Bunlar tək regional deyil, qlobal təhdidlərdir”.
Dövlət başçısının sözlərinə görə, Avropadakı dəhşətli terror hücumları qeyri-sabitlikdən və ola bilər ki, lokal və ya regional məsələlərə doğru zamanda doğru reaksiya verilməməsi nəticəsində meydana gəlib: "Azərbaycan və Ermənistan arasında münaqişə əlbəttə ki, regional münaqişədir. Lakin onun metodologiya və coğrafiya nöqteyi-nəzərindən geniş miqyasda təsirləri var. Bu münaqişənin beynəlxalq hüquqa söykənən həllinə nail olunmazsa, eyni hadisələrə dünyanın başqa yerlərində də hazır olmaq lazımdır. Bir məsələ də ondan ibarətdir ki, beynəlxalq hüquq normalarına müxtəlif ölkələr tərəfindən öz maraqlarına uyğun şəklində istinad olunmamalıdır. Beynəlxalq hüquq necə var, elə tətbiq edilməlidir. BMT Xartiyasında, ATƏT sənədlərində və digər beynəlxalq təşkilatların sənədlərində beynəlxalq hüquq prinsiplərinin prioritetləri çox aydın şəkildə izah edilir. Onlar hamısı diqqətə alınmalıdır. O zaman biz ikili standartlardan və regionda yeni münaqişələrin yaranmasından yan keçə bilərik”.
"Bizim təşəbbüsümüz Avropa İttifaqına daha yaxın olmaqdır”
"Azərbaycan, Qazaxıstan və bizim digər qonşularımız gələcəkdə ölkələrimizdə stabilliyin, sülhün və inkişafın olmasını istəyirik. İnsanlarımız daha yaxşı, təhlükəsiz şəraitdə yaşasınlar”.
APA-nın məlumatına görə, bunu da Azərbaycan prezidenti İlham Əliyev çıxışı zamanı deyib. Dövlət başçısı çıxışında potensial təhdidlərin mövcud olduğunu qeyd edib: "Əsas məsələ ölkənin buna necə yanaşmasıdır. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Əgər təhdid aşkardırsa və artıq təzyiqlər edilirsə, deməli artıq gecdir. Belə olduğu halda daha çox çalışmaq gərəkdir və cəmiyyətdə elə bir atmosfer yaratmaq lazımdır ki, bu təhdidlər minimum olsun. Buraya iqtisadi inkişaf, işsizliyin və yoxsulluğun aradan qaldırılması, idarəetmə və sosial ədalət daxildir”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda iqtisadi islahatlara başlananda bu o qədər asan deyildi, çünki sistem tamamilə dəyişməli idi: "Biz çox çətin vəziyyətdə idik, neft və qaz sahəsində inkişafa malik deyildik. İqtisadi sistemin dəyişməsi çoxsaylı iqtisadi gərginliklərə səbəb olmuşdu. Azərbaycanda sosial və iqtisadi siyasət həmişə paralel gedib. Çünki radikal iqtisadi islahatlar sosial problemlərin həllinə xidmət edir”.
Dövlət başçısı ölkədə təhsil sahəsində də ciddi islahatların aparıldığını qeyd edib: "10 il əvvəl mənim ictimai müraciətlərimdən biri o olub ki, biz "qara qızıl”ı insan kapitalına çevirməliyik. Digər tərəfdən neft gəlirlərini təhsilin, müasir texnologiyanın, xidmətlərin inkişafına yönəltməliyik. Buna görə də bu gün Azərbaycan kosmos sənayesinə malik ölkədir. Bizim iki peykimiz mövcuddur”.
Prezident İlham Əliyev radikalizmin hamı üçün təhdid olduğunu vurğulayıb: "Azərbaycanın geosiyasi mövqeyi elədir ki, radikallarla Avropa arasında təbii baryerdir. Başqa sözlə desək, Azərbaycanda, o cümlədən Qazaxıstanda, stabilik və təhlükəsizlik tək bizim üçün deyil həm də qonşularımız üçündür. Bizim ölkənin əhəmiyyəti çoxunun düşündüyü kimi tək qaz və neftə görə deyil. Biz həm də dünyəvi, modern müsəlman ölkəsiyik. Biz nümayiş etdiririk ki, bütün ənənəvi dinlərə hörmət şəklində müsəlman ölkəsində modern, dünyəvi cəmiyyətə sahib olmaq olar. Bizim təşəbbüsümüz Avropa İttifaqına daha yaxın olmaqdır. Mən çıxışlarımda da deyirəm ki, biz Avropa İttifaqına mümkün qədər yaxın olmaq istəyirik. Bu bizim üçün tək bazar və texnologiyaya keçid deyil, bu həm də onun təminatıdır ki, bizim müasir dünyəvi inkişafımız davam edəcək. Eyni zamanda bu bizim regionun qiymətləndirilməsi baxımından da vacibdir”.
"Siyasi islahatlar çox vacibdir. Çünki bu olmadan heç bir ölkə dayanıqlı inkişafa nail ola bilməz. Biz Azərbaycanda inkişaf etmiş ölkələrlə eyni vəziyyətə və sistemə nail olmaq istəyirik. İnkişaf etmiş ölkələr baxsanız görərsiniz ki, onların heç birində neft və qaz yoxdur. Neft və qaz inkişafa təkan verir. Azərbaycan regional təhlükəsizlikdə də böyük rol oynayır. Biz həmçinin qitələrin əlaqəsinə imkan verən Bakı-Tbilisi-Qars dəmir yol xəttini tikirik. Bundan hər kəs xeyir əldə edəcək: Rusiya, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Avropa. Biz belə bir layihələri daha çox reallaşdırmalıyıq”.