"Bir qrup dövlət xüsusi valyuta yaratmaq istəyir” - Dollar bazardan çıxır?






"Dolların bütün dünyadakı təzyiqini azaltmaq üçün bir qrup dövlət xüsusi valyuta yaradıb, istifadə etmək istəyir”.

Bunu "Sherg.az”a millət vəkili Vahid Əhmədov deyib. 

O diqqətə çatdırıb ki, həmin dövlətlər buna nail ola bilməyib:

"İndi isə bir sıra dövlətlər öz aralarında ticarət dövriyyəsini aparmaq üçün öz valyutalarından istifadə etmək istəyirlər. Bu cür sistem sovet dövründə də var idi. Həmin vaxt mal mübadiləsi edilirdi, bunun əsasında hesablaşmalar aparılırdı. 

Bu isə hansısa dönərli valyuta ilə aparılırdı. Ya qızılın qiyməti, ya dolların, funt-sterlinqin qiyməti ilə bağlanmalı idi. Manat və lirə arasındakı münasibəti də hansısa məbləğlə uyğunlaşdırmaq lazımdır. Bu, çox çətin, ağır məsələdir. Dolları bazardan çıxarmağa onillərlə vaxt lazımdır”.

Qeyd edək ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin sözlərinə görə, yaxın zamanda Azərbaycan və Türkiyə öz milli valyutaları ilə ticarət həyata keçirə biləcək. O bildirib ki, Azərbaycan və Türkiyənin milli valyutaları ilə ticarət etməsi çox vacibdir.

Aysel Aslan