Bir şərtlə KTMT-ə daxil olmaqdan çəkinməməliyik: “Əgər işğaldakı ərazilərimiz azad edilərsə”




"Azərbaycan-Rusiya münasibətlərini, erməni-rus əlaqələri ilə eyniləşdirmək, müqayisə etmək olmaz. Çünki ermənilərin Çar Rusiyası ilə tarixən sıx əlaqələri olub və bir növ erməni layihəsini çar Rusiyası reallaşdırıb”.

Bunu "sherg.az”a açıqlamasında ADA-nın professoru, tanınmış siyasi şərhçi Elnur Soltanov deyib.

Analitik bəyan edib ki, bütün hallarda Azərbaycanın Rusiyaya yaxınlaşması ilə Ermənistanın Moskvaya tabe olması arasında tərs mütənasiblik var:

"Moskva İrəvanla yaxşı olanda Bakı ilə münasibətləri korlanır, ya da bunun əksi baş verir. Biz Qarabağ müharibəsində bunun şahidi olduq. Torpaqlarımızın itirilməsində Rusiya ilə əlaqələrin kəskinləşməsi böyük rol oynadı. Nikol Paşinyanın iqtidara gəlməsindən sonra Rusiya-Ermənistan münasibətlərində bir soyuma başladı. Tarixi kontekstdən yanaşdıqda indiki halda Bakı-Moskva əlaqələrinin yaxşılaşması təbii qarşılanmalıdır. Bu, tarixin təkrarlanmasıdır. Burada bir şeyi xüsusi vurğulamaq lazımdır. Bəziləri iddia edirlər ki, heç vaxt KTMT-ya qoşula bilmərik, bu, bizim üçün prinsip məsələsidir və s. Azərbaycan üçün prinsip məsələsi bu və ya digər təşkilatın üzvü olmaq, müəyyən mükəlləfiyyətlər altına girmək deyil. Azərbaycanın qırmızı xəttləri məlumdur. Qırmızı xəttlərimiz ilk növbədə suverenliyimizi itirməmək və konkret olaraq hərbi bazaların ölkəmizdə yerləşməsinə icazə verməməkdir. Ən həssas olduğumuz məqamlar bunlardır. Bu iki prinsip pozulmadığı təqdirdə Azərbaycanın KTMT-a üzvlük məsələsi daxil, Rusiya-Ermənistan gərginliyini daha da gücləndirəcək addımlar atmasını çox xoş qarşılayaram. Dövlət maraqları nöqteyi nəzərdən bunlar önəmlidir”.

Politoloq bildirib ki, prinsipial məsəlimiz işğal altındakı torpaqlarımızı azad etməkdir: "Paşinyanın Rusiyaya xəyanət etməsi” müddəasından faydalanaraq, İrəvan və Moskva arasındakı qopmanı sürətləndirməliyik. Bir daha təkrar edirəm, əgər hansısa quruma girmək torpaqlarımızın işğaldan azad edilməsinə yol açacaqsa, bundan çəkinməməliyik”.


Qeyd edək ki, Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyan birifinqdə deyib ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü gündəmə gələrsə, Ermənistan veto hüququndan istifadə edəcək.

İsmayıl