"Bir yazıçı, şair dərsliyə düşmək sevdası ilə yazmamalıdır"

Aqşin Yenisey: "Kimlərsə, dəyər verib adımızı da olsa dərsliyə salıbsa, təşəkkür edirik"Səlim Babullaoğlu: "Baş verənlər mənim üçün bir sürpriz oldu"
Azərbaycan ədəbiyyatının müasir dövr şair və yazıçılarının adı 11-ci sinif dərsliyinə salınıb. Müstəqillik dövr ədəbiyyatının yaradıcıları kimi Elçin Hüseynbəyli, Ramiz Rövşən, Afaq Məsud, Rəşad Məcid, Rüstəm Behrudi və başqalarının adları qeyd olunub.
Eyni zamanda adı dərsliyə salınan tanınmış yazıçı və şairlərimiz arasında Salam Sarvan, Qulu Ağsəs, Aqşin Yenisey, Səlim Babullaoğlu, Seymur Baycanın da adı var.
Bununla bağlı şairlərimizin əksəriyyəti öz təəssüratlarını "Şərq”lə bölüşdülər. Onların sözlərinə görə, bu, olduqca gözəl və sevindirici təşəbbüsdür.
Türkiyədə yaşayan şair Aqşin Yenisey: 
" Əlbəttə, bu, bizim üçün xoş bir xəbərdir, əməyi keçənlərə də təşəkkür etməliyik. Ancaq biz artıq texnologiya çağında yaşayırıq. Ədəbiyyatın oxucu, oxucunun ədəbiyyatla tanışlığı üçün yeni imkanlar yaranıb. Günümüzün şagirdi, tələbəsi, əgər təşəbbüskardırsa, əlindəki telefonla sinifdəki müəllimdən daha çox bilgi və informasiya ala bilir. O cümlədən sənət əsərlərinin də oxucuya uzanan yolu sovet dövründə olduğu kimi məktəbdən, tədrisdən keçmir. 
Məni və yeni ədəbi nəsli bu gün sosial şəbəkələrdən daha çox məktəbli oxuyur, bəzən öz yazılarını da göndərib fikir bildirməyimizi istəyirlər. Ədəbiyyat dərslikləri, adətən, cari ideologiyalar əsasında tərtib olunur, məsələn, mənim orta məktəbdə beş almaq üçün gecələr yatmayıb əzbərlədiyim şeirlərin, əsərlərin bir çoxu bu gün "ziyanlıdır" damğası ilə dərsliklərdən çıxarılıb. Sabah da yəqin ki, bugünkü dərsliklər saf-çürük ediləcək. Ona görə bir yazıçı, şair dərsliyə düşmək sevdası ilə yazmamalıdır fikrini müdafiə edirəm. Ancaq indi kimlərsə, dəyər verib adımızı da olsa dərsliyə salıbsa, təşəkkür edirik”.
Tanınmış şair Səlim Babullaoğlu: 
"Bu təşəbbüsü yerinə yetirən hər kəsə öz təşəkkürlərimi bildirirəm. Ümumiyyətlə, müasir Azərbaycan ədəbiyyatını təmsil edən müəlliflər və onların əsərləri haqqında məlumat verilməsi olduqca sevindiricidir. Bütün bunlar həm də müasir təhsil proqramının, xüsusilə də ədəbiyyatın zamanla ayaqlaşdığını göstərir. Düşünürəm ki, bu, vaxtında, hətta bir qədər də gecikmiş bir hadisədir. Ona görə ki, adları çəkilən şəxslər uzun müddətdir ədəbiyyatda külüng vururlar. Baş verənlər mənim üçün də bir sürpriz oldu, ilk dəfə sizin qəzet vasitəsilə bunu bildim. Bir daha əməyi keçən şəxslərə dərin təşəkkürlərimi bildirirəm”.
Yeganə Bayramova