“Blog”, “blogger”...
Ekspertlər də razılaşır ki, artıq bu anlayışlar media qanunvericiliyinə salınmalıdır
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında "Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan media qanunvericiliyinin hələ də klassik qanunvericilik səviyyəsində qaldığını deyib.
Media ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayan Ə.Amaşov deyib ki, media qanunvericiliyinə "blog”, "blogger” kimi anlayışları daxil etmək, izahlarını dəqiq vermək lazımdır: "Bu anlayışlar Azərbaycan media qanunvericiliyində yoxdur. Yeri gəlmişkən, biz onlayn media ilə bağlı təkliflərlə çıxış edən zaman cəmiyyətdə müəyyən qüvvələr və ayrı-ayrı beynəlxalq təşkilatlar iddia edir ki, guya, Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik”. Ə.Amaşov jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğu üçün media qanunvericiliyi məsələlərinin məhz İnsan hüquqları komitəsində müzakirə olunmasının məqsədəuyğun olduğunu deyib.
"Bloq” və "bloqqer” anlayışlarının media qanunvericiliyinə əlavə edilmə zərurəti ilə bağlı ekspert rəylərinə keçməzdən əvvəl bloq nə deməkdir, haradan gəlir, nə üçün lazımdır kimi sualları aydınlaşdıraq. Qeyd edək ki, bloq ilk dəfə 1997-ci ildə Con Barger tərəfindən icad olunub. Müəllif "İnternet-gündəlik” sözünə analoji olaraq "logging the web” sözünün qısaltması olan "weblog” ifadəsini işlətmişdir. Bu söz ingilis dilindən tərcümədə "şəbəkədə gündəlik yaratmaq” mənasını ifadə edir. Termin 1999-cu ilin aprelində "Peterme” bloqunun yaradıcısı Peter Merholz tərəfindən təhrif olundu və "we blog” - "biz bloq yaradırıq” kimi ifadə edildi. Bunun da nəticəsində "to blog” "bloq yaratmaq” ifadəsi yarandı və bugünkü bütün növ İnternet-gündəlikləri nəzərdə tutan ad - "blog” ifadəsi yaranıb.
Bundan sonra bloqlar artmağa başlayıb və ictimai jurnalistika kimi formalaşıb. Dünyanın bir çox ölkəsində bloqqerlərə xüsusi diqqət yetirilir.
Bloqlar KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərib. Nyu-York bloqqerləri hadisə baş verən məkandan operativ müsahibələr alaraq, hadisə şahidlərindən faktlar toplayaraq bloqlarda yerləşdiriblər. ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir. Verilən lisenziyaya əsasən, bloqqerlər Rusiya qanunvericiliyinə uyğun olaraq reklam və xəbərlərlə çıxış edə bilərlər.
Hətta ABŞ-da keçirilən hər hansı bir tədbirə məşhur blogerlər dəvət edilir. Elə blogerlər var ki, onların saytına gündə 10 milyon insan girir. "Sony”, "Canon” kimi şirkətlər təzə məhsul buraxmamışdan qabaq mallarını bloqçulara göndərir və bu üsulla onları yayırlar. Bloqların yaradılmasında digər bir amil isə internet istifadəçilərinin hansısa mövzu haqqında yazdıqları yazını, çəkdikləri videonu internetə qoymaq məsələsidir. Düzdür, bunun üçün başqa formalar var, amma bloqlar vasitəsilə internetə ötürülən materiallar daha keyfiyyətli və təhlükəsizdir. Hazırda Azərbaycanda da minlərlə bloqlar aktiv fəaliyyət göstərir və mütəmadi olaraq yenilənir. Ölkəmizdəki bloqların yayılması "BarKamp” tədbirlərindən sonra daha da sürətlənib. Artıq demək olar ki, Azərbaycanın internet aləmində yayılmağa və önəmli yerlərdən birini tutmağa nail olmuş bir sahədir. Son illərdə saytlarda bloq bölmələrin yaradılması, yaxud da ümumiyyətlə, sırf bloqlar yer alan saytların açılması, bu sahədə müsabiqələrin keçirilməsi ölkədə bloq istifadəçilərinin sayının artırılmasına xidmət edir. Bu gün ölkədə aktiv fəaliyyət göstərən bloqqerlər kifayət qədərdir. Onların bir çoxu moderatorluq edərək bloqsferanı xeyli inkişaf etdiriblər. Saytla bloq arasında ən böyük fərq bloqun veb-saytların müəyyən bir növü olmasındadır. Bununla belə bloq sadə, anlaşılan, tez oxunan, düşüncəni yazının mövzusundan çox da kənara çıxarmayan bir vasitədir. Bloqda yazı və məlumatları əvvəlcədən düzülmüş tarixə, məzmuna və ya müəllifə görə çox asanlıqla tapmaq olar. Bloqların oxucu kütləsi qazanması internet saytlarına nisbətən daha asan olur.
Bloq və xəbər saytı arasındakı fərqlərdən daha biri bloqların yaradılmasına çox daha az zaman, zəhmət, texniki dəstək və ən əsası az maliyyənin tələb olunmasıdır. Hətta internetdə olan saysız bloq yaratma xidmətlərindən yararlandıqda, bu xərclər minimuma enir. Bu gün bloq xidmətlərinin bir çoxu pulsuz subdomen, hostinq və texniki baza təklif edir. Yəni bloqqerlər Azərbaycanda çoxalır və onların sərbəst fəaliyyət göstərmələrinə heç bir məhdudiyyət qoyulmur. Ancaq hər sahədə olduğu kimi bloqqerlərin fəaliyyətində də bir sıra neqativ hallara rast gəlinir. Çoxları bloqun nəyə xidmət etdiyini bilmədiyi üçün, istədikləri formada bloq yaradaraq ağızlarına gələni yazırlar. Düzdür, internet məkanında qadağa yoxdur, hamı sərbəstdir. Amma istənilən halda azadlıqlardan sui-istifadə etmək mənəviyyata və peşə etikasına zidd addımlardır. Bu baxımdan zaman-zaman müzakirə olunan əsas məsələlərdən biri də hər cür xəbəri operativ şəkildə internetdə və sosial şəbəkələrdə yayan bloqqerlərin jurnalist sayılıb-sayılmamasıdır. Hər zaman mübahisəyə səbəb olan bu məsələyə bu günə kimi konkret cavab verilməyib. Bloqqerlərin bir növ media təmsilçiləri sayıldığını söyləyənlərlə yanaşı, onların jurnalistika ilə heç bir əlaqələrinin olmadığını düşünənlər də var.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin sözlərinə görə, "blog”, "blogger” kimi anlayışların qanunvericiliyə daxil edilməsini internet medianın məhdudlaşdırılması kimi dəyərləndirmək yanlış düşüncədir: "Bu təklif çox normaldır və həyata keçirilməsinə ehtiyac var. Çünki bloqqer öz səhifəsində bloq yazarkən əsasən ictimai-siyasi məsələlərə toxunur. Cəmiyyəti narahat edən problemlərdən yazır. Jurnalistika və media birbaşa insan hüquqları ilə bağlıdır. Jurnalist ictimai-siyasi, sosial mövzuları gündəmə gətirdiyi kimi, bloqqer də məhz bu problemləri bloqunda qabardır. Ona görə də bloqqerlərin jurnalist fəaliyyəti ilə məşğul olduqlarını demək mümkündür. Məhz bu səbəbdən də "blog”, "blogger” kimi anlayışların media qanunvericiliyinə salınması lazımdır”.
Q.Məhərrəmlinin sözlərinə görə, müstəqil jurnalistika ilə məşğul olan şəxslər var və onların fəaliyyəti qanunla tənzimlənir: "Bloqqerlər də bir növ müstəqil jurnalistika ilə məşğuldurlar. Onların da fəaliyyətlərinin tənzimlənməsi vacib məsələdir. Bu baxımdan da media qanunvericiliyinə sözügedən məsələ ilə bağlı dəyişikliyin edilməsi, internet medianın məhdudlaşdırılması kimi başa düşülməməlidir”.
Hüquqşünas, media eksperti Ələsgər Məmmədli isə deyib ki, onsuz da Azərbaycan qanunvericiliyində qəzet, televiziya, radio ilə yanaşı, internet də media vasitəsi kimi qeyd olunub: "”Bloq”da ancaq internet üzərində mümkündür. Bu baxımdan bu sahədə qanunvericiliyimizdə hər hansı bir boşluq olduğunu düşünmürəm. Əgər söhbət məsuliyyət məsələsindən gedirsə, dünyanın bir çox ölkəsində olmadığı halda Azərbaycanda Cinayət Məcəlləsinin 147-148-ci maddələrində internetdə yayılan informasiyalara görə məsuliyyət müəyyən olunub. Hesab edirəm ki, vacib olan ölkədə media azadlığının təminatının qorunmasıdır. Əks halda, qanunvericiliyə edilən dəyişikliklərin heç bir əhəmiyyəti yoxdur”.
"Blogger” ifadəsinin belə artıq bizim üçün köhnəldiyini vurğulayan media eksperti deyib ki, medianın bir qolu olan bu sahə sosial mediadan daha əvvəl gündəmdə idi: "Artıq hər kəsin fəaliyyətdə olan sosial mediada bir və ya bir neçə hesabı var və həmin hesab vasitəsilə istədiyi məlumatı paylaşır. "Blogger”lər isə müxtəlif platformalarda "bloq” fəaliyyəti ilə məşğul olurdular. Əlbəttə, bu müstəvidə olan fəaliyyətlərə bu gün də rast gəlmək olur. Əslində bloqqerlik hər hansı bir fərdin öz düşüncələrini internet üzərindən, sadəcə özünün yaymaq istədiyi formada, məzmunda paylaşmasıdır. Təbii ki, bloq geniş media fəaliyyəti deyil və o paylaşımları hər kəs görə bilməz. Burada daha çox spesifik fərdin ifadə azadlığı çərçivəsində düşüncələrini bölüşməsidir. Burada kibertexnologiyalarından istifadə olunur və ikitərəfli ünsiyyət mümkündür. Bu isə onu birmənalı olaraq, klassik mediadan ayırır. Amma sosial mediaya nisbətdə öz aktuallığını itirib”.
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə hesab edir ki, artıq yeni media anlayışı jurnalistika vəsiqəsini alıb. Bloqçular, portallar, saytlar və sosial şəbəkələr də yeni medianın sahələri hesab olunduğu üçün bloqqerlərin də media qanunvericiliyində öz əksini tapması zərurəti meydana çıxır: "Zənnimcə, Əflatun Amaşovun təklifini qəribçiliyə salmaq olmaz, onun dedikləri bir növ zamanın tələbidir. Əgər yeni medianın sahələri KİV qanunvericiliyinə uyğunlaşdırılmadıqca, bu sahədə yol verilən fəsadların sayı artdığı halda qarşısını almaq mümkün olmayacaq. Təsadüfi deyil ki, Mətbuat Şurasına daxil olan şikayətlərin əksəriyyəti onlayn mediada jurnalistika prinsiplərinə əməl olunmaması ilə bağlıdır. Əflatun müəllim də gündəlik rastlaşdığımız problemləri ümumiləşdirərək belə bir nəticəyə gəlib”.
Bloqçuların ölkəmizdə nisbətən az yayıldığını vurğulayan Y.Məmmədlinin sözlərinə görə, qərb ölkələrində bloqqerlər daha çox tanınmış imza sahibləri hesab edilirlər: "Aparıcı qəzetlərin jurnalistləri belə öz yazılarında bloqqerlərin məqaləsinə istinad edirlər. Bir çox hallarda isə qəzetlər müəllif hüquqlarını qorumaq şərti ilə bloqqerlərin yazılarını olduğu kimi dərc edirlər. Müəllifə də qonorar verilir. Bunun üçün bloqqerlərin ciddi mənbə hesab olunması əsas şərtdir. Onların ciddi mənbə hesab olunması üçün də fəaliyyət sahələri KİV qanunvericiliyində öz əksini tapmalıdır”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb