Blogerlik də mətbuatın bir qoludur
Azərbaycanda medianın bu sahəsində boşluqlar var
(Əvvəli ötən sayda)
Azərbaycanda son dövrlər meydana çıxmış və nisbətən yayılmış internetlə bağlı bir sahə də blogerlik fəaliyyətidir. Blogerlərin ölkəmizdə hansı şəkildə fəaliyyət göstərməsinə keçməzdən qabaq bu sahə ilə bağlı məlumat vermək yerinə düşər. "Bloq” informasiyanı, fikirləri, şərhləri özündə toplayan bir veb-saytdır. Bloger sözü isə ingilis dilindəki "web” və "log” sözlərinin birləşməsindən ?alınan "weblog” sözünün zamanla təhrif olunmuş formasıdır. Bloqlar əsasən "yenidən köhnəyə doğru” sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Şərhlər sayəsində ?bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə ?video, "mp3”, kiçik "chat” pəncərəsi və s. bir çox yeniliklər də tətbiq olunmağa başlayıb.
Bloqlar internet istifadəçiləri arasında fikir, məlumat mübadiləsinin artmasında çox əhəmiyyətlidir. ?Fikir və düşüncələrlə yanaşı, bəzi materialların və məlumatların paylanmasında da rol oynayır. ?Xaricdə bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına ?daxil olan insanlar da öz fikir və amallarını, gündəlik həyat tərzlərini bloqlar ?vasitəsi ilə həyata keçirirlər. Bloq hər bir kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir. Bloqdakı yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil olunur. Yəni ?bloqlarda hər sahə üzrə yazılara, maraqlı məlumat və materiallara rast gəlmək olar. Bloqlar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni bir tək müəllifə aid olur. Bəzən isə qrup ?şəklində, bir neçə müəllif tərəfindən yazılar yazılır.?
Bloqlar KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərə bildi. Nyu-York bloqçuları hadisə baş verən məkandan operativ müsahibələr aldılar. Hadisə şahidlərindən faktlar toplayaraq, şəkillər çəkdilər, hadisələri şərh edib bloqlarda yerləşdirirdilər. Hazırda ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir. Rusiyada ilk dəfə "Livejournal.com” bloq saytının "www.ottenki-serogo.livejournal.com” səhifəsinin müəllifinə KİV şəhadətnaməsi təqdim olunub. Verilən lisenziyaya əsasən, bloqçu Rusiya qanunvericiliyinə uyğun olan reklam və xəbərlərlə çıxış edə bilər. Hətta ABŞ-da keçirilən hər hansı bir tədbirə məşhur blogerlər dəvət edilir. Elə blogerlər var ki, onların saytına gündə 10 milyon insan girir. "Sony”, "Canon” kimi şirkətlər təzə məhsul buraxmamışdan qabaq mallarını bloqçulara göndərir və bu üsulla onları yayırlar. Bloqların yaradılmasında digər bir amil isə internet istifadəçilərinin hansısa mövzu haqqında yazdıqları yazını, çəkdikləri videonu internetə qoymaq məsələsidir. Düzdür, bunun üçün başqa formalar var, amma bloqlar vasitəsilə internetə ötürülən materiallar daha keyfiyyətli və təhlükəsizdir.
Hazırda Azərbaycanda minlərlə bloqlar aktiv olaraq yazılır və mütəmadi olaraq yenilənir. Azərbaycanda bloqların yazılması "BarKamp” tədbirlərindən sonra daha da sürətlənib. Bloqçuluq Azərbaycanda sürətlə inkişaf etsə də, ATƏT və başqa təşkilatların hesabatlarında bloqçuluqla bağlı problemlərin qalması faktlarına ara-sıra rast gəlmək olur. Bloqlar yaranandan sonra zamanla ictimai jurnalistika kimi formalaşmağa başlayıblar. Bu baxımdan dünyanın bir çox ölkəsində blogerlərə xüsusi diqqət yetirilir. Ancaq hər sahədə olduğu kimi, blogerlərin fəaliyyətində də bir sıra neqativ hallara rast gəlinir. Çoxları bloqun nəyə xidmət etdiyini bilmədiyi üçün, istədikləri formada bloq yaradaraq ağıllarına gələni yazırlar. Düzdür, internet məkanında qadağa yoxdur, hamı sərbəstdir. Amma istənilən halda azadlıqlardan sui-istifadə etmək mənəviyyata və peşə etikasına zidd addımlardır. Bu baxımdan zaman-zaman müzakirə olunan əsas məsələlərdən biri də hər cür xəbəri operativ şəkildə internetdə və sosial şəbəkələrdə yayan blogerlərin jurnalist sayılıb-sayılmamasıdır. Hər zaman mübahisəyə səbəb olan bu məsələyə bu günə kimi konkret cavab verilməyib. Blogerlərin bir növ media təmsilçiləri sayıldığını söyləyənlərlə yanaşı, onların jurnalistika ilə heç bir əlaqələrinin olmadığını düşünənlər də var.
Mövzu ilə bağlı "Şərq”ə danışan "Azxəbər.com” saytının baş redaktoru Əfsələddin Ağalarov deyib ki, Azərbaycanda blogerlik fəaliyyətinin inkişaf etməməsinin səbəblərini araşdırmaq üçün ilk növbədə ölkəmizdə fəaliyyət göstərən milli "az” domenindəki blok saytlara baxmaq lazımdır. Baş redaktor təəssüflə bildirib ki, bizim milli domenlərdən istifadə edərək blok saytların yaradılması demək olar ki, mümkün deyil: "Bir müddət öncə belə saytlar işləyirdi, amma reklam gəlirlərinin az olması və maliyyə sıxıntıları səbəbindən fəaliyyətlərini dondurdular. Ortada fəaliyyət göstərən blogerlər isə daha çox bloqlarını xarici domen altında olan saytlarda açırlar. Bu da təbii ki, kütləviləşməyə imkan vermir.
Digər tərəfdən hazırda Türkiyədə, Avropa ölkələrində blogerlik mətbuat sahəsi hesab olunur. Xüsusən, Belçika kimi ölkədə indiki halda blogerlər rəsmi olaraq media vəsiqələri ilə təmin olunublar. Onlar KİV-in nümayəndələri kimi bir çox tədbirlərdə iştirak edirlər. Həm də qanunvericilik səviyyəsində blogerlər mətbuat üzvləri sayılırlar. Bu baxımdan onların fəaliyyətinə xüsusi diqqət yetirilir. Hətta bir çox blogerlər öz səhifələrinə reklamlar da cəlb edərək fəaliyyətlərini genişləndirirlər”.
Ə.Ağalarov vurğulayıb ki, Türkiyənin böyük qəzetləri, məsələn "Hürriyet”, "Milliyet”, "Posta” kimi mətbu orqanları öz internet səhifələrində bloq səhifələr yaradıblar:
"Həmin media qurumlarının oxucuları bloq səhifələrə daxil olaraq özləri üçün yeni bloqlar yarada bilərlər. Onların fərdi yazıları mətbu orqanın redaktorları tərəfindən redaktə olunduqdan sonra saytlarda yayımlanır. Bu hal cəmiyyətdə fərqli fikirlərin formalaşmasında mühüm təkanverici rol oynayır.
Ölkəmizdə isə bu sahə ilə bağlı ciddi boşluqlar mövcuddur. Blogerlik sahəsi daha çox mətbəx, geyim istiqamətində formalaşıb. Bunun səbəbləri ilk növbədə blogerliyin media orqanı kimi tanınmaması, həm də ki bu sahəyə olan investisiyaların az olması ilə bağlıdır”.
Məsələni "Şərq”ə dəyərləndirən "Pia.az” saytının baş redaktoru, tanınmış araşdırmaçı-jurnalist Azər Qaramanlı bildirib ki, son on ildə müxtəlif sahələrdə çalışan insanların bloger kimi fəaliyyət göstərmələri dünyada çox geniş yayılıb. Baş redaktorun sözlərinə görə, blogerlər bəzən jurnalistlərdən daha çox peşəkarlıq nümayiş etdirirlər:
"Mən Rusiya blogerlərini davamlı olaraq izləyirəm. Açığı, onların peşəkarlığına heyran olmamaq mümkün deyil. Çox təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda peşəkar blogerlər çox azdır. Şəxsən Bəxtiyar Hacıyevin adını çəkə bilərəm və hesab edirəm ki, Bəxtiyar bəyin bloger kimi fəaliyyəti uğurludur. Başqaları da var, ancaq onlar diletant fəaliyyət göstərirlər, ya da tam peşəkarlıq nümayiş etdirə bilmirlər”.
A.Qaramanlı hesab edir ki, peşəkar blogerlərin fəaliyyəti cəmiyyətə çox şey verə bilər:
"Təbii ki, Azərbaycanda blogerlərin mətbuata təsiri hiss olunmur. Çünki Azərbaycanda blogerlik hələ tam formalaşmayıb. Halbuki gənc yazarlarımızın, iqtisadçılarımızın, siyasətçilərimizin və çoxlu sayda digər səhələrin nümayəndələrinin bloger olaraq fəaliyyətləri Azərbaycan ictimaiyyətinə və jurnalistikaya çox şey verə bilər. İstedadlı bütün insanların blogerlik etməsinə çox normal baxıram və bunu alqışlayıram. Hesab edirəm ki, artıq dünyada blogerlik mətbuatla yanaşı addımlayır və mətbuatın bir parçasına çevrilir. Arzu edərdim ki, bu, Azərbaycanda da belə olsun. Çoxtirajlı blogerlərin mətbuat kimi qəbul olunması isə özü-özünə baş verir. Bunun üçün əlavə qanunu da əhəmiyyətsiz hesab edirəm. Çünki bir yazı, hansı sahəni əhatə etməsindən asılı olmayaraq, çox oxunursa, bunun özü avtomatik mətbuat olur. Blogerlikdən peşəkar jurnalistlərin yaranması da normal haldır. Çünki bir şəxs öz fikirlərini peşəkar şəkildə ifadə edirsə və onun fikirləri cəmiyyətdə reaksiya tapırsa, o adam artıq həm yaradıcı, həm də informasiya yayan şəxs sayılır. Yəni sərbəst jurnalist olur”.
Azərbaycanda blogerliyin əvvəllər daha geniş vüsət almasına gəlincə, sayt rəhbəri bəyan edib ki, həmin vəziyyət sadəcə yeni dəbə olan həvəs idi: "Sonradan gördülər ki, blogerlik üçün təkcə dəb həvəsi yetərli deyil, ona görə də hər kəs çıxıb getdi işinin dalınca. İndiki şəraitdə Azərbaycanda orta nəslə aid olan və blogerlik edə biləcək çoxlu insanlar var ki, onlar da bunu etmirlər. Bəlkə də ağrımayan başlarına dəsmal bağlamaq istəmirlər. Amma hesab edirəm ki, gənc nəsil zamanla Azərbaycanda blogerliyi inkişaf etdirəcək. Bunun üçün sadəcə gənclərin daha azad düşünməsi lazımdır”.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb