Azər Həsrət: “Blogerlik bəzən asan görünür. Ona görə çoxları buna meyl edir”
Blogerliyin gələcəyi var
Sadəcə bizdəki proses ələnmə dövründədir
Azər Həsrət: “Blogerlik bəzən asan görünür. Ona görə çoxları buna meyl edir”
Azər Həsrət: “Blogerlik bəzən asan görünür. Ona görə çoxları buna meyl edir”
Məmməd Gülməmmədov: "Blogerlik dünyada bir çox universitetlərdə nəzəriyyə olaraq, tədris edilir”
Seymur Verdizadə: "Peşəkar bloger daha geniş kütlələrə xitab etməyi hədəfləməlidir”
Azərbaycanda son dövrlər meydana çıxmış və nisbətən yayılmış internetlə bağlı bir sahə də blogerlik fəaliyyətidir. Blogerlərin ölkəmizdə hansı şəkildə fəaliyyət göstərməsinə keçməzdən qabaq bu sahə ilə bağlı məlumat vermək yerinə düşər. "Bloq” informasiyanı, fikirləri, şərhləri özündə toplayan bir veb-saytdır. Bloger sözü isə ingilis dilindəki "web” və "log” sözlərinin birləşməsindən ?alınan "weblog” sözünün zamanla təhrif olunmuş formasıdır. Bloqlar əsasən "yenidən köhnəyə doğru” sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır.
Şərhlər sayəsində ?bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə ?video, "mp3”, kiçik "chat” pəncərəsi və s. bir çox yeniliklər də tətbiq olunmağa başlayıb. Bloqlar internet istifadəçiləri arasında fikir, məlumat mubadiləsinin artmasında çox əhəmiyyətlidir. ?Fikir və düşüncələrlə yanaşı, bəzi materialların və məlumatların paylanmasında da rol oynayır. ?Xaricdə bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına ?daxil olan insanlar da öz fikir və amallarını, gündəlik həyat tərzlərini bloqlar ?vasitəsi ilə həyata keçirirlər.
Bloq hər bir kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir. Bloqdakı yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil olunur. Yəni ?bloqlarda hər sahə üzrə yazılara, maraqlı məlumat və materiallara rast gəlmək olar. Bloqlar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni bir tək müəllifə aid olur. Bəzən isə qrup ?şəklində, bir neçə müəllif tərəfindən yazılar yazılır.?
Bloqlar KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərə bildi. Nyu-York bloqçuları hadisə baş verən məkandan operativ müsahibələr aldılar. Hadisə şahidlərindən faktlar toplayaraq, şəkillər çəkdilər, hadisələri şərh edib bloqlarda yerləşdirirdilər. Hazırda ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir. Rusiyada ilk dəfə "Livejournal.com” bloq saytının "www.ottenki-serogo.livejournal.com” səhifəsinin müəllifinə KİV şəhadətnaməsi təqdim olunub. Verilən lisenziyaya əsasən, bloqçu Rusiyanı qanunvericiliyinə uyğun olan reklam və xəbərlərlə çıxış edə bilər. Hətta ABŞ-da keçirilən hər hansı bir tədbirə məşhur bloqqerlər dəvət edilir.
Elə bloqqerlər var ki, onların saytına gündə 10 milyon insan girir. "Sony”, "Canon” kimi şirkətlər təzə məhsul buraxmamışdan qabaq mallarını bloqçulara göndərir və bu üsulla onları yayırlar. Bloqların yaradılmasında digər bir amil isə internet istifadəçilərinin hansısa mövzu haqqında yazdıqları yazını, çəkdikləri videonu internetə qoymaq məsələsidir. Düzdür, bunun üçün başqa formalar var, amma bloqlar vasitəsilə internetə ötürülən materiallar daha keyfiyyətli və təhlükəsizdir.
Hazırda Azərbaycanda minlərlə bloq aktiv olaraq yazılır və mütəmadi olaraq yenilənir. Azərbaycanda bloqların yazılması "BarKamp” tədbirlərindən sonra daha da sürətlənib. Bloqçuluq Azərbaycanda sürətlə inkişaf etsə də, ATƏT və başqa təşkilatların hesabatlarında bloqçuluqla bağlı problemlərin qalması faktlarına ara-sıra rast gəlmək olur. Bloqlar yaranandan sonra zamanla ictimai jurnalistika kimi formalaşmağa başlayıblar. Bu baxımdan dünyanın bir çox ölkəsində bloqqerlərə xüsusi diqqət yetirilir. Ancaq hər sahədə olduğu kimi bloqqerlərin fəaliyyətində də bir sıra neqativ hallara rast gəlinir. Çoxları bloqun nəyə xidmət etdiyini bilmədiyi üçün, istədikləri formada bloq yaradaraq ağıllarına gələni yazırlar. Düzdür, internet məkanında qadağa yoxdur, hamı sərbəstdir. Amma istənilən halda azadlıqlardan sui-istifadə etmək mənəviyyata və peşə etikasına zidd addımlardır. Bu baxımdan zaman-zaman müzakirə olunan əsas məsələlərdən biri də hər cür xəbəri operativ şəkildə internetdə və sosial şəbəkələrdə yayan bloqqerlərin jurnalist sayılıb-sayılmamasıdır. Hər zaman mübahisəyə səbəb olan bu məsələyə bu günə kimi konkret cavab verilməyib. Bloqqerlərin bir növ media təmsilçiləri sayıldığını söyləyənlərlə yanaşı, onların jurnalistika ilə heç bir əlaqələrinin olmadığını düşünənlər də var.
Mövzu ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist və bloger Azər Həsrət Azərbaycanda bu sahənin gələcəyinin olduğunu deyib. Onun sözlərinə görə, sadəcə bizdəki proses ələnmə dövründədir:
"Blogerlik bəzən asan görünür. Ona görə çoxları buna meyl edir. Amma zamanla anlayırlar ki, heç də göründüyü qədər asan deyilmiş. Ona görə meydandan çəkilirlər. Yerdə qalan, bu işi davam etdirən azsaylı bloggerlər isə peşəkar və daha dayanıqlı şəxslər olur. Həm də nəzərə alaq ki, sosial media artıq blogerliyin bir qədər arxa plana keçməsinə səbəb olmaqdadır. Çünki bloq yazıb onu tanıtmaq, tirajlamaq heç də sosial media üzərindən işləmək qədər asan və əlverişli deyil. O baxımdan blogerliyə meyl edənlər azalır. Lakin dediyim kimi, bu bir keyfiyyət məsələsidir və doğrudan da yüksək keyfiyyətdə materiallar təqdim edən blogerlər izlənir, oxunur və onların növbəti materialını tələbatçılar həvəslə gözləyir. Sahənin genişlənməsi, mətbuat üçün yeni kadrların formalaşması baxımından maraqlıdır. Yəni blogerlik yazı, çəkiliş vərdişlərinin püxtələşməsi üçün bir müstəvidir ki, hər kəs özünü burda yetişdirib ənənəvi mediaya keçə bilər. Digər tərəfdən də blogerlər özləri bilgi qaynağı kimi çıxış edirlər. Əlbəttə, söhbət hər özünə bloger deyəndən getmir. Sözünə güvənilən blogerləri nəzərdə tuturam”.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən "Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov bildirib ki, blogerlik hansısa sahələrdə peşəkar jurnalistin yetişməsinə şərait yaradır. Baş redaktor vurğulayıb ki, Azərbaycanda blogerlik bir müddət geniş vüsət alsa da, dünyanın əksinə olaraq, hazırda bu proses geri gedir:
"Səbəb odur ki, blogerlər konkret hansısa sahədən yazmır, mətbuat kimi ümumi fəaliyyət göstərirdilər. Ona görə, müəlliflər bütün bu sahələri işləməkdən yorulur və zamanla blogerliyi dayandırırlar. Dünyadakı blogerlik isə bir növ ixtisaslaşmış xarakter daşıyır. Kimi təhsil, kimi səhiyyə, kimi mətbəx, kimi siyasi analitika və s.dən yazır. Gələcəkdə blogerlik mətbuatla yanaşı addımlayacaq. Rusiyada KİV haqqında qanuna dəyişiklik edildi. Müəyyən olunmuş bir günlük oxucu say limitini keçən blogerlər Rusiyada KİV haqqında qanunun bütün məsuliyyətini daşıyırlar. Beləliklə, onlar bir media orqanı kimi qəbul edilirlər. Bu təcrübə artıq bir çox dünya ölkəsində də mövcuddur. Blogerlik eyni zamanda xüsusilə hansısa sahələrdə peşəkar jurnalistin yetişməsinə şərait yaradır.
Dünyada çox məşhur blogerlər var. Bu gün blogerliklə yanaşı, "Youtuber” deyə anlayış formalaşıb. Azərbaycanda buna "viner” deyilir. "Youtuber”lər də bu sahədən pul qazanır”. Sayt rəhbərinin sözlərinə görə, blogerlik bütün dünyada qəbul edilən, ciddi yanaşılan sahədir: "Bəzən hətta çoxtirajlı beynəlxalq mətbuatlar belə hansısa blogerin məlumatına istinad edir. Müasir jurnalistikada buna, demək olar, hər gün rast gəlirik. Düşünürəm ki, Azərbaycanda və dünyada blogerlik yenidən parlaq günlərinə qayıdacaq. Blogerlik dünyada bir çox universitetlərdə nəzəriyyə olaraq, tədris edilir. Blogerliyə hər hansı məhdudiyyət qoyulması düzgün deyil. Müəyyən qaydalar nəzərdə tutula bilər. Rusiya nümunəsində olduğu kimi elektron vasitə ümumi ictimai rəyə təsir edirsə, ictimaiyyət qarşısında cavabdehlik daşımalıdır. Məsuliyyətini dərk edən blogerlər isə məsələnin qanuni tərəfi ilə razılaşmalıdır. Amma hər hansı şəkildə məhdudiyyətlər qoyulmasının tam əleyhinəyəm”.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə isə "Şərq”ə bildirib ki, Azərbaycanda blogerlik bir peşə kimi tam formalaşmayıb:
"Hətta deyərdim ki, bizim ölkəmizdə blogerlik ciddi fəaliyyət növü sayılmır. Bu sahədə biz Türkiyə, Rusiya və inkişaf etmiş Avropa ölkələrinə uduzuruq. Blogerlərin ictimai-siyasi proseslərə təsir imkanı minimum həddə olduğu üçün bu sahə inkişaf etmir. Məncə, əsas səbəblərdən biri odur ki, az-çox tanınmış blogerlərin əksəriyyəti xaricdə yaşayır. Onların ictimai-siyasi proseslərə münasibəti çox vaxt təkqütblü olur. Buna görə də cəmiyyətin kiçik bir hissəsi ilə ünsiyyətlə kifayətlənməli olurlar. Halbuki peşəkar bloger daha geniş kütlələrə xitab etməyi hədəfləməlidir. Müşahidələrim onu deməyə əsas verir ki, bir çox hallarda azərbaycanlı blogerlər hansısa siyasi qrupun ruporu kimi çıxış edirlər”.
Təşkilat rəhbəri deyib ki, blogerlərin siyasi rupora çevrilməsi çox vaxt yoxlanılmamış, qərəzli məlumatların yayılmasına səbəb olur:
"Yəqin siz də razılaşarsınız ki, Azərbaycanda blogerlərin ictimai-siyasi proseslərə təsir etmək imkanı minimum həddədir. Məhz bu səbəbdən də blogerlərin fəaliyyəti ciddi qəbul olunmur. Peşəkar jurnalistlərlə blogerin arasında əsas fərq odur ki, birincilər çalışdıqları redaksiyaların qarşısında məsuliyyət daşıyırlar. Blogerlərin isə hansısa hüquqi şəxsin qarşısında xüsusi öhdəliyi yoxdur. Halbuki öhdəliyin olmaması məsuliyyətsizliyə gətirib çıxarmamalıdır. Bilirsiniz, jurnalistin də, blogerin də əsas "silahı” sözdür. Bizim vəzifəmiz bu "silah”dan təyinatı üzrə istifadə etməkdir. Hansısa fəaliyyətin qanunla tənzimlənməsindən narahat olmağa dəyməz. Hər bir savadlı, mədəni vətəndaş qanunlara riayət etməlidir. İnformasiya texnologiyalarının inkişafı bizə xeyli üstünlük qazandırsa da, müəyyən problemlərdən sığortalanmaq mümkün olmadı”.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb