Ali məktəb rektorları Avropa təhsil sistemini bayağılaşdırırlar
Avropa ölkələrinin təhsil həyatında geniş yayılmış Boloniya sistemi bir müddətdir ki, Azərbaycan universitetlərində də tətbiq olunur. Sistem Avropada təhsil ocaqlarına müsbət dəyişikliklər vəd etsə də, ölkəmizdə özünü doğrultmur. Səbəbi isə prosesin yanlış həyata keçirilməsi ilə izah olnur.
Çünki bəzi ali məktəblərdə onun prinsipləri olduğu kimi deyil, rektorların maraq və məqsədlərinə uyğun gerçəkləşir. Boloniya sistemində tələbənin istədiyi müəllimi seçmə imkanları, imtahanı yazılı deyil, test üsulu ilə verməsi, dərsə davamiyyətin yoxlanılmaması və qiymət mexanizminin tətbiq olunmaması nəzərdə tutulsa da, bu prinsiplər bizim ali məktəblərdə tətbiq olunmur. Bu da ölkə təhsilinin çökməsinə və savadsız tələbə ordusunun yetişməsinə gətirib çıxarır. Bir sözlə, Avropa təhsil sisteminə azərbaycansayağı interqasiya prosesi müşahidə olunur. Etiraf edək ki, son dövrlər müəyyən ali təhsil ocaqlarında baş qaldıran tələbə aksiyaları da sistemin qeyri-şəffaf tətbiqi ilə əlaqədardır.
Azərbaycan universitetlərində Boloniya sisteminin imitasiya məqsədilə reallaşdığını deyən təhsil üzrə ekspert Etibar Əliyev "Şərq”ə bildirib ki, sistem 2005-ci ildən fəaliyyət göstərsə də, təhsilin keyfiyyətində nəzərəçarpan irəliləyişlərin şahidi olmamışıq: "Sistemin 5 mühüm şərtləri var. Onlardan biri təhsilin keyfiyyətinin qiymətləndirilməsidir. Bu qiymətləndirilmə keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında çox subyektiv aparılıb. Hazırda isə sistemdə xeyli problemlər mövcuddur və təhsilin müddətində ciddi anlaşılmazlıqlar yaşanır. Təhsil müddəti qeyri-müəyyən qalır. Yəni Boloniya sisteminə görə, tələbənin universiteti 7 ilə bitirməyə haqqı var. O, bu müddətə universiteti bitirməlidirsə, lakin 1 il kursda qalırsa, həmin vaxt onu hərbi xidmətə cəlb edirlər. Sonra valideynlər hərbi komissarlıq ilə danışmalı olurlar. Buna görə sistem tamam süniləşdirilib”.
Ekspertin sözlərinə görə, Boloniya sistemi əsas verir ki, tələbələr istədikləri müəllimi seçsinlər: "Tələbələrin istəyi nəzərə alınmır. Bu, əslində demokratik sistemdir. Bu səbəbdən Avropa ölkələrinin təhsil sistemləri xeyli inkişaf edib. Ancaq bizim ölkədə bu tendensiya müşahidə olunmur. İndi rektorlar bu sistemi özlərinə sərf edən qaydada tətbiq edirlər”.
E.Əliyev söyləyib ki, sistemin prinsiplərindən biri də tələbə mobilliyidir: "Əslində tələbə istədiyi fəndən kredit sayını götürüb hansısa xarici ölkənin universitetində təhsilini davam etdirə bilər. Bunun üçün universitet vəsait ödəməlidir. Lakin hazırda bizim ölkədə rektorlar buna şərait yaratmır. Nəinki xarici ölkədə, hətta indiyə qədər hansısa tələbənin kreditlərini götürüb ölkədəki digər universitetdə təhsil alması ilə rastlaşmamışam. Bu səbəbdən hesab edirəm ki, Boloniya sistemində sərhədlər yoxdur və sistemin prinsiplərinin düzgün şəkildə həyata keçirilmədiyi vaxta qədər demokratiyadan danışmağı yanlış sayıram”.
Ayyət Əhməd