Zaur Məmmədov:"Amerika diplomatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizi dəstəkləməsi ABŞ kimi bir dövlət üçün gözlənilməz çıxışlar sayılmır"
"Con Bolton kifayət qədər ciddi və ABŞ xarici siyasətini formalaşdıran fiqurlardandır. Onun son zamanlar Azərbaycana verdiyi önəm təsadüfi sayıla bilməz”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Analitik bildirib ki, Azərbaycan regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edən layihələrin təşəbbüskarı və iştirakçısıdır:
"Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və dünyanın aktual problemlərindən olan terroçuluğa qarşı apardığı mübarizə hamıya yaxşı məlumdur. Bu gün Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevrilib. Orta Asiya və Xəzərin karbohidrogen ehtiyatları ölkəmiz vasitəsilə Avropaya çatdırılır. Bu istiqamətdə Azərbaycanın istər təşəbbüskarı olduğu, istərsə də iştirakçısı olduğu layihələr bir sıra ölkələrin maraqlarını ölkəmizə yönəldir. İstər TANAP, istərsə də TAP layihələri bu maraqların nəticəsində meydana gəlib.
ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi yuxarıda sadaladığım amillərlə yanaşı, həm də Azərbaycanın dünyanın müxtəlif nöqtələrində sülhyaratma missiyalarında iştirakı, rəsmi Bakının təhlükəsizlik məsələsində xüsusi rolu ilə də bağlıdır. Bir müddətlik durğunluqdan sonra, son bir neçə ay ərzində, istər Boltonun, istərsə də ABŞ-ın digər dövlət rəsmilərinin Azərbaycanla, münaqişə ilə bağlı tutduqları obyektiv mövqe Azərbaycanın artan geosiyasi çəkisi və Vaşinqtonun regionla bağlı ciddi planları ilə əlaqəlidir”.
Politoloqun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqaza marağı artıb:
"Vaşinqton regionda iştirakını gücləndirir. İndiki administrasiya dövründə Azərbaycanla ABŞ arasında münasibətlərin inkişaf edəcəyini əminliklə söyləmək olar. İsrail və yəhudi lobbisi ilə yaxın əlaqələrə malik olan Trump administrasiyası və Azərbaycan arasında münasibətlərin inkişafı Bakının illərdir ki, apardığı məqsədyönlü siyasətinin nəticəsidir”.
Ekspertin fikrincə, ard-arda üç Amerika diplomatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizi dəstəkləməsi ABŞ kimi bir dövlət üçün gözlənilməz çıxışlar sayılmır:
"Təbii ki, ABŞ diplomatları münaqişənin mahiyyətini və Azərbaycanın strateji mövqeyini başa düşərək belə açıqlama veriblər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı deyilən "ermənilər işğal etdikləri ərazilərdən çıxmalıdırlar”.
Paşinyan seçkilərdən sonra münaqişənin nizamlanması ilə bağlı real addımlar atmalıdır” kimi fikirlər erməni tərəfini qıcıqlandıran mesajlar idi. entyabr ayında isə Tramp və vitse-prezident Mayk Pens Paşinyanın ABŞ-a səfəri zamanı "səni qəbul etməyə vaxtım yoxdur” mesajını verərək, onu qapı arxasında qoyublar. Vaşinqtonun münaqişəyə artan diqqəti bir sıra bir sıra mərkəzlərin və erməni şovinistlərin Ermənistan daxilində daha da fəallaşmasına gətirib çıxaracaq”.
İsmayıl